Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:02

Kolin Pauel vəfat edib


Kolin Pauel
Kolin Pauel

Ailəsi bildirib ki, Pauel hər iki doza ilə peyvənd olunsa da, COVID-19-un yaratdığı fəsadlardan vəfat edib

Yamaykalı miqrant ailəsində doğulub, ABŞ-ın ilk qaradərili dövlət katibi vəzifəsinə yüksəlmiş Kolin Pauel oktyabrın 18-də 84 yaşında vəfat edib.

Reutersin xatirə yazısında deyilir ki, o xatirələrdə daha çox 2003-cü ildə BMT Təhlükəsizlik Şurasında göstərdiyi sınaq şüşəsi ilə qalacaq.

ABŞ kəşfiyyatının məlumatına görə bu sınaq şüşəsinin içərisində İraqdan tapılmış kütləvi qırğın silahı materialı vardı.

Bu ABŞ-ın İraqa müdaxiləsi üçün əsas olmuşdu. Lakin sonradan İraqda kütləvi qırğın silahlarının olmadığı aşkar edilmişdi.

Ailəsi bildirib ki, Pauel hər iki doza ilə peyvənd olunsa da, COVID-19-un yaratdığı fəsadlardan vəfat edib.

Pauel Amerikanın ən parlaq qaradərili fiqurlarından biri idi. O üç respublıikaçı prezident tərəfindən yüksək vəzifələrə təyin edilmiş, ölkənin ilk qaradərili müdafiə naziri postuna yüksəlmişdi.

Vyetnam müharibəsinin veteranı Pauel 1987-1989-cu illərdə prezident Ronald Reqanın milli təhlükəsizlik müşaviri işləmişdi.

O ata Buşun prezidentliyi dövründə və 1991-ci ilin İraq müharibəsində Qərargah Rəisləri Birgə Komitəsinə rəhbərlik etmişdi.

Prezidentlik ambisiyası

Mötədil respublikaçı və praqmatik olan Pauel 1996-cı ildə ABŞ-ın ilk qaradərili prezidenti olmaq ambisiyasını elan etmiş, lakin onun təhlükəsizliyindən narahat olan xanımı Almanın təkidi ilə fikrini dəyişmişdi.

Pauel 2008-ci ildə ilk qaradərili prezident Barak Obamanı dəstəkləmişdi.

Pauel sonralar əlində sınaq şüşəsi tutduğu o iclası peşmançılqla yada salırdı. O etiraf etmişdi ki, onun verdiyi məlumatın əsasında səhih olmayan kəşfiyyat informasiyaları dayanırdı.

Prezident Corc Buş atasının prezidentliyi dövründə müdafiə naziri olmuş Paueli 2001-ci ildə özünün dövlət katibi təyin etmişdi.

Amerikanın bir nömrəli diplomatı kimi Pauel vitse-prezidnet Dik Çeyni və müdafiə naziri Donald Ramsfeld kimi qüdrətli oyunçularla çiyin-çiyinə dörd təlatümlü il yaşamışdı.

11 sentyabr terror hücumlarından sonra artıq Əfqanıstanda müharibədə ola-ola Buş administrasiyasındakı qırğılar İraqa müdaxiləni güclü şəkildə lobbi edirdilər.

Pauel bildirirdi ki, İraq məsələsində diplomatiyanın davam etdirilməsinə ehtiyac var.

“Qabı sındırdınsa, almalısan…”

Müharibənin əleyhinə olan Pauel prezident Buşla şəxsi söhbətlərində onun yadına “Saxsı bazarının” qaydasını salırdı: “Qabı sındırdınsa, almalısan”.

Buna baxmayaraq Buş kabinetinin ən mötəbər nümayəndəsi olan Pauel beynəlxalq dəstək qazanmaq üçün müharibəyə ehtiyac olduğunu qlobal şəkildə bəyan etməli olmuşdu.

Təhlükəsizlik Şurasının iclasında o İraqın kütləvi qırğın silahları olduğu iddia edilən fotoları və diaqramları nümayş etdirmişdi.

Çıxışının bir məqamında Pauel içində sibir qarayarasının virusu olduğu iddia edilən sınaq şüşəsini nümayiş etdirmişdi. O demişdi ki, sınaq şüşəsində bir qaşıq olan bu maddədən İraqda 10 minlərlə qaşıq var.

İraqa müdaxilə altı həftə sonra başlanmış, lakin heç bir kimyəvi maddə tapılmamış, Amerikanın mötəbərliyinə kölgə düşmüşdü.

Buna baxmayaraq ABŞ-ın İraqa müdaxiləsi 2003-cü ildən 2011-ci ilədək davam etmiş, 4500 amerikalı hərbçi həlak olmuş, 32 min hərbçi yaralanmışdı.

Səddam Hüseyn ABŞ-ın hücum etdiyini elan edir
Səddam Hüseyn ABŞ-ın hücum etdiyini elan edir

Pauel 2006-ci ildə çap olunmuş kitabın müəllifinə demişdi ki, həmin Təhlükəsizlik Şurası çıxışından beş gün əvvəl Çeyni adamlarının ona təqdim etdikləri materialın “zir-zibilini” təmizləməklə məşğul olmuşdu.

Çeyni İraq diktatoru Səddam Hüseynin kimyəvi silaha malik olduğunu və əl-Qaeda ilə bağlılığını iddia edirdi.

Pauel 2005-ci ildə Barbara Uoltersə müsahibəsində demişdi:

"Kəşfiyyat icmasının bəzi nümayəndələri məlumat mənbələrinin etibarsız olduqlarını mənə demişdilər. Lakin onlar səslərini çıxara bilmirdilər. Bu, məni sarsıtmışdı”.

Həmin vaxt sadiq əsgər və tərəddüdlü döyüşçü Pauel istefaya gedəcəyi ilə hədələməmişdi:

"Hə, sədaqət mənim üçün qiymətli cəhətdir və bəli, mən sadəqətli adamam. Bəzi adamlar deyirlər ki, “sən bu məsələni dəstəkləməməli idin, istefa verməli idin”. Amma mən məmnunam ki, Səddam Hüseyn daha yoxdur”.

Pauel istefasını 2004-cü ildə Corc Buş ikinci müddətə seçiləndə, qarşılıqlı razılıq əsasında elan etmişdi. Buş Paueli “zəmanəsinin böyük ictimai xadimi” adlandırmışdı.

Pauel doktrinası

Pauelin əsas hərbi nailiyyətlərindən biri də onun irəli sürdüyü “Pauel doktrinası” idi. Bu doktrina ABŞ hərbi qüvvələrindən Vyetnam müharibəsində olduğu kimi qeyri-müəyyən məqsədlər üçün istifadə olunmamasını nəzərdə tuturdu.

Doktrinada deyilirdi:

“Müharibə ən sonuncu vasitə olmalıdır. Gücdən istifadə edilərkən, bu, qətiyyətli şəkildə edilməlidir. Belə bir hərəkətə çox güclü ictimai dəstək olmalıdır. Müharibədən çıxış üçün aydın strategiya işlənməlidir”.

Pauel 1937-ci ilin 5 aprelində Nyu York şəhərində anadan olub. O Cənubi Bronks məhəlləsində böyüyüb. Onun atası yük daşımaları kontorunda işçi, anası isə yük gəmilərinin bələdçisi idi.

Onlar Amerikaya 1920-ci ildə United Fruit Company şirkətinin “banan gəmisində” gəlmişdilər.

Pauelin özünə isə uğuru onun Ehtiyat Zabitlərinin Təlim Korpusunda xidməti gətirmişdi.

Bu proqram xüsusi olaraq universitet tələbələri üçün hazırlanmışdı.

O ABŞ ordusuna 1958-ci ildə kiçik leytenant rütbəsində çağırılmışdı.

Pauel orduda Vyetanam müharibəsinə iki döyüş missiyası, Qərbi Almaniya və Cənubi Koreyaya ezamiyyətlər də daxil 35 il xidmət etmişdi.

Vyetnamın Laosla sərhədində minaya düşmüş və ikinci dəfə helikopter qəzasında yaralanmışdı.

O Ağ Evə prezident Riçard Niksonun vaxtında təcrübəçi kimi daxil olmuş və sonralar Reqan administrasiyasında çalışacaq yüksək vəzifəlilərin hörmətini qazanmışdı.

Pauel nəhayət 1989-cu idən 1993-cü ilədək Qərargah Rəisləri Birgə Komitəsinin rəhbərliyinə gətirilmişdi.

Sadiq respublikaçı

Pauel 1991-ci il İraq müharibəsi dövründə özünün səlis dillə verdiyi brifinqləri ilə əsl məşhura çevrilmişdi.

O müdafiə naziri kimi geylərin orduda xidmət etməsinə qarşı idi, lakin 2010-cu ildə Obama gey nikahlarına icazə vedikdən sonra mövqeyini dəyişmişdi.

1996-ci ildə namizədliyini verməmək qərarına gəldikdən sonra Pauel respublikaçıların qurultayında Bob Dolun namizədliyinə dəstək nitqi etmişdi.

Dol prezident seçkisində Bill Klintonun rəqibi idi. Pauelin özü Klintonun dövründə hələ bir neçə ay Qərargah Rəisləri Birgə Komitəsinin sədri vəzifəsində qalırdı.

Öz partiyasının sağa meyllənməsinə görə onun sıralarında getdikcə daha çox təklənən Pauel demişdi ki, o, 2008 və 2012-ci ildə Obamanın prezidentliyini dəstəkləsə də respublikaçı olaraq qalıb.

Pauel xanımı Alma ilə 1962-ci ildə evlənmişdi. Onların üç övladı var. Bunlardan biri – Maykl Pauel Corc Buşun administrasiyası zamanında ABŞ Federal Kommunikasiyalar Komissiyasının sədri olub.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG