Ermənistan parlamentində əsas müxalifət olan "Hayestan" blokunun deputatları mayın 8-də ölkənin hüquq-mühafizə orqanlarından baş nazir Nikol Paşinyanın onları həbslə hədələməsinə qarşı tədbir görülməsini tələb ediblər.
Mayın 7-də parlamentdə müxalifət deputatlarından biri Paşinyanı öz ətrafındakı şəxslər arasında korrupsiya ilə bağlı medianın irəli sürdüyü iddialara göz yummaqda ittiham edib. Bundan sonra Paşinyan əsəblərinə hakim ola bilməyib və müxalifət deputatlarının "arxasınca düşəcəyinə" söz verib.
"Həbsxanaya birinci sən getməlisən və gedəcəksən", - o, Ermənistan hökumətinin parlamentdə sual-cavab sessiyası zamanı başqa bir deputata bildirib.
"Otur yerində, axmaq!" —Paşinyan qəzəbli "Hayestan" deputatları ilə başlayan qışqırıqdolu mübahisə zamanı bağırıb.
"Hayestan" üzvləri Paşinyanın hədələrini "qeyri-qanuni" adlandıraraq pisləyib. Deputatlar ertəsi gün parlamentə illik hesabat təqdim edərkən baş prokuror Anna Vardapetyanı baş nazirə qarşı hərəkətə keçməyə çağırıb. Əvvəllər Paşinyanın hüquq müşaviri işləmiş Vardapetyan isə cavab olaraq dəfələrlə "siyasi bəyanatlar" vermədiyini bildirib.
"Hayestan"ın nümayəndəsi Artsvik Minasiyan onun mövqeyini pisləyib. Deputat deyib ki, prokurorlar Paşinyanın "zorakılıq və dözümsüzlük" təbliğatı kimi qiymətləndirilən ifadələrinə hüquqi qiymət verməlidir.
"Siz artıq baş nazirin köməkçisi yox, baş prokurorsunuz", — başqa bir deputat Aqvan Vartanyan Vardapetyana deyib. "Mən sizə əvvəlki vəzifənizi unutmağı məsləhət görərdim, çünki Cinayət Məcəlləsində vəzifəli şəxslərin öz vəzifələrini tam və ya qismən yerinə yetirməməsi ilə bağlı maddələr var".
Paşinyanı qəzəbləndirən sualı verən deputat Anna Qriqoryan da onun təhdid və təhqirlərinə görə cavabdeh olmalı olduğunu bildirib. O, hüquq-mühafizə orqanlarına rəsmi şikayət vermək ehtimalını da istisna etməyib.
"Əgər biz normal ölkə olsaydıq, o, üzr istəməli olardı... Amma biz hansı ölkədə yaşadığımızı başa düşürük. Əgər Milli Assambleyanın spikeri hökumət əleyhdarına tüpürə bilirsə, o zaman Paşinyan da rahatlıqla mənim təkrarlamaq belə istəmədiyim sözlərdən istifadə edə bilər", - Qriqoryan jurnalistlərə bildirib.
Parlamentin spikeri Alen Simonyan isə deyib ki, üzr istəməli olan tərəf müxalifət deputatlarıdır. O, baş vermiş hadisənin deputatların "təkəbbürlü" davranışlarının nəticəsi olduğunu iddia edib.