Ermənistanın baş naziri Nikol Paşinyan 10 arxiyepiskop və yepiskopla birlikdə "Ermənistan Müqəddəs Apostol Kilsəsində İslahat barədə Bəyanat" yayıb. Onlar bütün ermənilərin katolikosu II Qareginin vəzifədən uzaqlaşdırılmasını tələb edirlər. Bu haqda AzadlıqRadiosunun erməni xidməti xəbər yayıb
Bəyanat baş nazirin iqamətgahında imzalanıb və Paşinyan onu gecə saatlarında Facebook-da yayıb. Ona imza atanlar kilsənin yenidən qurulması üçün yol xəritəsini təqdim edir, bu funksiyaları yerinə yetirəcək Koordinasiya Şurasının yaradıldığını elan edirlər.
Yol xəritəsində islahat gündəliyinin ictimailəşdirilməsi, Erməni Apostol Kilsəsinin faktiki rəhbərinin vəzifədən kənarlaşdırılması, onun yerinə müvəqqəti rəhbərin seçilməsi, kilsənin nizamnaməsinin qəbulu və prosedura uyğun olaraq bütün ermənilərin katolikosunun seçilməsi nəzərdə tutulur.
Bəyanat müəllifləri Kilsənin ruhanilərini və bütün ardıcıllarını "Müqəddəs Erməni Apostol Kilsəsi, Ermənistan Respublikası və xalqımız naminə" Kilsənin islahatlarını dəstəkləməyə, bu məqsəd ətrafında birləşməyə çağırırlar.
Bəyanatda kilsə rəhbərliyi və onun yaxın çevrəsinin İncilin prinsiplərinə uyğun yaşamadığı və onu uğursuz təbliğ etdiyi bildirilir, kilsənin siyasətə cəlbi pislənilir və qəbuledilməz sayılır.
"Azatutyun" qeyd edir ki, Paşinyanın katolikos əleyhinə yeddi aydır apardığı kampaniya zamanı II Qaregin vəzifədən gedəcəyinə heç bir işarə verməyib.