Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 22:47

Paşinyan: 'Blokadanı qırmaq üçün ciddi fürsətdir'


Nikol Paşinyan
Nikol Paşinyan

Paşinyan kommunikasiyaların açılmasının Ermənistanın maraqlarına müəyyən risklər yaratdığını inkar etməyib.

Regionda kommunikasiyaların açılması Ermənistanın xarici siyasət prioritetlərindən olmalıdır. Bunu Baş nazir Nikol Paşinyan parlamentə hökumətin 2021-2026-cı illər üzrə fəaliyyət proqramını təqdim edərkən deyib.

Amma onu da qeyd edib ki, bu proses Ermənistanın və Dağlıq Qarabağın təhlükəsizliyi və həyati maraqları hesabına başa gəlməməlidir.

“Bu, Ermənistan Respublikasının 30 ilə yaxın davam edən blokadasını qırmaq üçün ciddi fürsətdir. Bu, sadə proses deyil, Azərbaycan tərəfin hansısa dəhlizlər haqda provokasion bəyanatları ilə daha da dərinləşir”, – deyən Paşinyan bir daha qeyd edib ki, 9 noyabr və 11 yanvar tarixli üçtərəfli bəyanatlarda Ermənistan ərazisindən dəhliz çəkilməsinə dair heç bir ifadə, istinad, formula yoxdur.

Ötən il noyabrın 9-da Rusiya, Azərbaycan və Ermənistan liderləri Qarabağda əməliyyatların dayandırılması haqda atəşkəs bəyanatı, bu il yanvarın 11-də isə regionda kommunikasiyaların açılmasını nəzərdə tutan bəyanat imzalayıblar.

Söhbət nədən gedir

“Söhbət başqa məsələdən gedir: Ermənistan Azərbaycan ərazisindən Rusiya və İranla nəqliyyat əlaqəsi əldə etməlidir. Azərbaycan isə Ermənistan ərazisindən özünün qərb regionları, eləcə də Naxçıvanla nəqliyyat əlaqəsi əldə etməlidir”, – Baş nazir deyib.

Paşinyan kommunikasiyaların açılmasının Ermənistanın maraqlarına müəyyən risklər yaratdığını da inkar etməyib.

“Buna görə də hökumətin proqramında qeyd etmişik ki, kommunikasiyaların açılması Ermənistanın xarici siyasət prioritetlərindən olmalıdır. Eyni zamanda bu proses Ermənistanın və Artsaxın (Qarabağın) təhlükəsizliyinə və həyati maraqları hesabına baş verməməlidir”, – Paşinyan deyib.

Baş nazir qeyd edib ki, regionda sülh və sabitlik onların uzunmüddətli strategiyasıdır, qonşu ölkələrlə münasibətlərin dərinləşməsi və normallaşması isə xarici siyasətin əsas istiqamətlərindən olacaq.

Xatırlatma

2020-ci il sentyabrının 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. 44 günlük bu müharibə, sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf yeddi rayona nəzarəti bərpa edib. Azərbaycan, Ermənistan və Rusiya arasında həmin razılaşmaya əsasən, həmçinin Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsi tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qalıb.

Bu müharibə Qarabağ münaqişəsindən törəyib. Həmin münaqişə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG