Keçid linkləri

2024, 13 Noyabr, çərşənbə, Bakı vaxtı 15:59

Prezident: '...Yenə də missiya gecikir'


İ.Əliyev V.Andreyevanı qəbul edir
İ.Əliyev V.Andreyevanı qəbul edir

Azərbaycan Prezidenti İlham Əliyev avqustun 24-də Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycanda yeni təyin olunmuş rezident əlaqələndiricisi xanım Vladanka Andreyevanı qəbul edib.

AZƏRTAC-ın xəbərinə görə, İ.Əliyev Qarabağ münaqişəsi və BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal edilən əraziləri ilə bağlı 1993-cü ildə qəbul etdiyi dörd qətnamənin icra edilməməsindən danışıb.

"Nəticədə Azərbaycan bu qətnamələri beynəlxalq hüququn normaları çərçivəsində özü həyata keçirdi. Biz ədaləti, beynəlxalq hüququn normalarını bərpa etdik. Biz Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrini özümüz yerinə yetirdik. Biz BMT-nin Nizamnaməsini rəhbər tutaraq hərəkət etdik. 51-ci maddə hər bir ölkənin özünümüdafiə hüququnu tanıyır. Beləliklə, biz bütün beynəlxalq alətlərdən istifadə edərək öz ərazi bütövlüyümüzü bərpa etdik", - İ.Əliyev bildirib.

Daha sonra o, UNESCO-nu (BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı) 30 ilə yaxındır gözlədiklərini vurğulayıb: "Bilmirəm bunu bilirsiniz ya yox, biz bir neçə il bundan öncə, hələ işğal dövründə UNESCO-nu buraya səfər etməyə və bizim ərazilərdə nələrin törədildiyini görməyə dəvət etmişdik".

Prezidentin sözlərinə görə, onlar UNESCO-dan tarixi abidələrə işğal zamanı dəymiş ziyanı gəlib görməyi xahiş ediblər: "UNESCO rəsmiləri dedilər ki, UNESCO siyasi məsələlərə qarışmır. Lakin müharibə bitdikdən sonra UNESCO tərəfindən onların gəlmək istədiyinə dair siqnallar aldıq. Əlbəttə, biz öz təəccübümüzü bildirdik. Çünki, demək olar, 30 il idi ki, biz onları çağıranda gəlmirdilər. Müharibədən sonra isə gəlməyə qərar verdilər. Buna görə biz buna razılaşdıq və, mənim də bildiyim qədər, son məlumat belə idi ki, missiya artıq yaradılıb, amma indi Ermənistan yenə etiraz edir. Buna görə yenə də missiya gecikir...".

Xəbərə görə, BMT-nin rezident əlaqələndiricisi V.Andreyeva, öz növbəsində, dəstək verə biləcəkləri məsələlərdən bəhs edib.

Prezidentin səsləndirdiyi fikirlərə, hələlik, UNESCO rəsmilərindən birbaşa münasibət almaq mümkün olmayıb.

Xatırlatma

2020-ci ildə, 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Onda həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir. Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG