Ermənistanın baş naziri Nikol Pashinian deyib ki, müdafiə naziri Davit Tonoyanın bu yaxınlarda ABŞ-da verdiyi bəyanat «sülh tənzimləməsi prosesinə heç bir vəchlə kölgə salmır».
AzadlıqRadiosu Erməni xidmətinin yazdığına görə bu sözləri Pashinian aprelin 3-də Yerevanın Yerablur hərbi məzarlığında 2016-cı ildə Qarabağda baş vermiş dördgünlük müharibəninildönümü mərasimində deyib.
Pashinian deyib ki, əgər Tonoyan başqa bəyanat versəydi, onun vəzifəsindən uzaqlaşdırardı:
“Əgər Davit Tonoyan başqa bəyanat versəydi, mən onu müdafiə naziri vəzifəsindən azad edərdim. Müdafiə Naziri nə deyib? O deyib ki, birdən müharibə olsa, biz bu müharibədə qalib gəlməyə çalışacağıq. Əgər müdafiə naziri başqa cür fikirləşsəydi, o gərək müdafiə naziri işləməyəydi. Bu, münaqişənin tənzimlənməsinə dair sülh prosesinə qətiyyən kölgə salmır, əksinə danışıqlar prosesinin vacibliyini göstərir”.
Bu bəyanatın onunla razılaşdırılıb-razılaşdırılmadığına dair sualın cavabında Pashinian deyib ki, “müdafiə naziri baş nazirin rəhbərliyi altında və onun tabeçiliyində işləyir”.
Amerikanın səsi radiosu xəbər verirdi ki, Davit Tonoyan Nyu Yorkda erməni icması nümayəndələri ilə görüşündə deyib:
“Mən bu gün “ərazi əvəzinə sülh” formatını “yeni müharibə - yeni ərazilər” formatına çevirərdim. Heç bir güzəşt olmayacaq. Kompromislər mümkündür. Biz bu səngər vəziyyətindən, daimi müdafiə vəziyyətindən xilas olacağıq və hərbi əməliyyatları düşmənin ərazisinə keçirməyə qabil bölmələrimizin sayını artıracağıq”.
Yerablur panteonunda jurnalistlərlə söhbət edən Pashinian deyib ki, Ermənistan 2016-cı ilin aprelində baş vermiş hadisələri “dərindən öyrənməli və nəticələr çıxarmalıdır”.
Azatutyun yazır ki, Nikol Pashinian hələ bir il əvvəl müxalifətin sıralarında olarkən Aprel müharibəsinin lazımınca araşdırılmadığını və bunun çox ciddi məsələ olduğunu deyirdi.
Onun sözlərinə görə hərbi kəşfiyyat gündəlik qaydada təhlükə siqnalları verirdi, lakin bu siqnallara hərbi-siyasi rəhbərlik tərəfindən lazımi diqqət yetirilməyib.
Pashinian AzadlıqRadiosunun “onun hökuməti Aprel müharibəsinin araşdırılmasına başlayacaqmı” sualını cavabsız buraxıb.
Bu suala baş nazirin “Mənim addımım” hakim parlament blokundan müdafiə və təhlükəsizlik komissiyasının sədri Andranik Kocharian cavab verib:
“İlk növbədə biz başa düşməliyik ki, harda səhlənkarlığa yol vermişik. Ola bilsin, bu təkcə bizim daxili problemimiz olmayıb. Biz başa düşməliyik ki, düşmənin belə bir imkanı necə yaranıb. Çünki biz burada xarici-siyasi faktoru da görməliyik ki, gələcək danışıqlar prosesində danışıqlar masası arxasına hansı əhvalla oturmalı olduğumuz düzgün başa düşək”.
Pashinian suala cavab verdi
Azərbaycan tərəfi erməni müdafiə nazirinin prezident İlham Əliyevlə Nikol Pashinian arasında Vyanada keçirilən ilk görüşlə az qala eyni vaxta təsadüf edən bəyanatı ilə bağlı sərt reaksiya göstərmişdi.
Martın 30-da Azərbaycanın Xarici İşlər Nazirliyi bildirmişdi:
"Ermənistan müdafiə naziri Davit Tonoyanın Nyu-Yorkda erməni icması ilə görüş zamanı “sülh naminə ərazi” formulasının əvəzinə “yeni ərazilər üçün yeni müharibə” fikrini səsləndirməsi bu ölkənin işğalçı və qəsbkar siyasətinin Ermənistanın yüksək səviyyəli rəsmisi tərəfindən növbəti etirafıdır".
Bəyanatda vurğulanırdı ki, Vyanadakı sülh danışıqlarından dərhal sonra Ermənistan müdafiə naziri belə bir çıxış etməklə münaqişənin sülh yolu ilə həllinə qarşı çıxır.
Bəyanatın sonunda Azərbaycanın Xarici İşlər Nazirliyi Ermənistan rəhbərliyindən bir məsələyə də aydınlıq gətirilməsini istəyirdi:
"Yekunda müdafiə nazirinin çıxışı kontekstində Ermənistan ali rəhbərliyinin şərhlərini eşitmək istərdik: Nazir bu çıxışını Ermənistan rəhbərliyinin razılığı əsasında edibmi, yoxsa bu nazirin ən azından danışıqların mahiyyətini və nəticədə qəbul edilmiş birgə bəyanatı şübhə altına alan şəxsi improvizasiyasıdırmı?"
Beləliklə də Ermənistanın baş naziri Nikol Pashinian Azərbaycan tərəfinin hələ martın 30-da verdiyi bu sualı aprelin 2-də cavablandırmış olub.
Azərbaycan tərəfi Pashinian-ın aprelin 2-də verdiyi bəyanatla bağlı hələki münasibət bildirməyib.