AzadlıqRadiosunun Erməni xidmətinin xəbərinə görə, Ermənistanın baş naziri Nikol Pashinian özünün Facebook səhifəsindən apardığı canlı yayımda deyib ki, onun İlham Əliyevlə görüşünün nəticəsi olaraq “qalib və ya məğlub axtarmaq” lazım deyil:
“Razılaşın ki, iki ölkə rəhbərlərinin çoxsaatlıq danışıqlarından sonra bir-birindən köklü fərqlənən şərhlərin səslənməsi çox qəribədir və bu, bütün prosesin ciddiliyini şübhə altına alır”.
Pashinian bildirib ki, tərəflərin bəyanatlarda danışıqlar prosesinin “məntiq və çərçivəsindən” çıxmaması mühümdür:
“Son günlər Azərbaycan tərəfi mahiyyətcə birgə bəyanatların çərçivəsindən kənara çıxan bəyanatlar verir. Mən bir neçə izahat verməyi və ümumun diqqətini belə bir fakta cəlb etməyi lazım və mühüm bilirəm ki, danışıqları səmərəli etmək üçün , biz hansısa bir şəkildə köhnə və təkrar olunan mətnləri unutmalıyıq”.
Pashinian bildirib ki, “belə mətnlər” zaman axarında öz səmərəsizliyini göstərib. Onun fikrincə, Ermənistanın təklif etdiyi kimi danışıqlar prosesində “yeni yanaşmaları rəhbər tutmaq lazımdır”.
Nikol Pashinian daha sonra deyib ki, o Vyanaya martın 12-də Qarbağda elan etdiyi gündəliklə getmişdi. O bunun ardınca Dağlıq Qarabağ separatçı rejiminin də danışıqlar prosesinə qoşulmasını mühüm saydığını bir daha bəyan edib. Pashinian iddia edib ki, Dağlıq Qarabağın danışıqlarda iştirakı, Azərbaycan tərəfinin dediyi kimi formatın dəyişdirilməsi demək deyil:
“İndi məsələn Azərbaycan tərəfi deyəndə ki, “danışıqlar formatının dəyişməz qalması mühümdür”, onlar bununla demək istəyirlər ki, bu müzakirələrdən qalib çıxıblar. Birincisi bu bizim artıq barəsində razılığa gəldiyimiz məntiqin çərçivəsində düzgün deyil. Yəni biz artıq razılaşmışıq ki, qalib və ya məğlub axtarmayaq”.
Pashinian bir daha təkrar edib ki, Dağlıq Qarabağ Minsk Qrupu yaradılandan bəri danışıqların tərəfi olub:
“Qarabağın iştirakı Vyanada müzakirə olunubmu? Əlbəttə müzakirə olunub. Biz bu nöqteyi-nəzəri kifayət qədər əsaslandırmışqmı? Əlbəttə ciddi əsaslandırmışıq. Bu məsələdə tərəflər razılığa gəliblərmi? Əlbəttə yox. Bu o deməkdir ki, biz bu mövzunun müzakirəsini davam etdirməliyik”.
Xatırlatma
Azərbaycan prezidenti İlham Əliyev Pashinian-ın Qarabağ bəyanatından dərhal sonra, martın 14-də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı demişdi ki, danışıqların mövcud formatını dəyişdirmək cəhdini danışıqlar prosesini bloklamaq cəhdi kimi qiymətləndirir:
“Biz görürük ki, Ermənistan hökuməti bu gün danışıqlar formatını dəyişdirməyə cəhd edir. Bu isə qəbuledilməzdir. Beynəlxalq təşkilatlar, ATƏT-in Minsk qrupunun həmsədrləri də bunu bəyan edirlər”.
Prezident Əliyev vurğulamışdı ki, danışıqlar yalnız danışıqlar xatirinə aparılmamalıdır.
Azərbaycan tərəfi Dağlıq Qarabağdakı mövcud idarəçiləri separatçı qüvvə sayır.
Rəsmi Bakının mövqeyinə görə, yalnız Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları bərabər şəkildə danışıqlara qatıla bilər.
Mövcud danışıqlar formatının dəyişdirilməsinin yolverilməzliyi ATƏT-in Minsk qrupu həmsədrlərinin bəyanatında da xüsusi vurğulanmışdı.