Ermənistan ATƏT sədrini və Minsk qrupunun həmsədrlərini “Azərbaycanın təxribatlarının dayandırılmasına” və sülh prosesinin bərpası üçün təsirli tədbirlər görməyə çağırıb.
AzadlıqRadiosunun Erməni xidməti - Azatutyunun xəbərinə görə, ATƏT-in Daimi Şurasının xüsusi iclasında Ermənistanın ATƏT-dəki səfiri Armen Papikyan deyib ki, ATƏT regionunda heç bir münaqişə güc yolu ilə “həll edilə bilməz” və Azərbaycanın gücdən istifadəni münaqişənin legitim həll aləti kimi təqdim etməsi ATƏT regionuna hədə yaradır və ATƏT də daxil münaqişələrin çözümü üçün yaradılmış beynəlxalq təşkilatları gözdən salır.
Papikyan yanvarın 11-də Ermənistan-Azərbaycan sərhədində yaranmış gərginliyi “Azərbaycanın təxribatı” adlandırıb və iddia edib ki, 2021-ci il mayın 12-dən “Ermənistan ərazisinə müdaxilə etmiş Azərbaycan qüvvələri” bu hadisələr zamanı dronlardan və artilleriyadan istifadə edib.
Səfir bildirib ki, Azərbaycanın bu hərəkətləri nəticəsində Ermənistanın üç hərbi qulluqçusu həlak olub.
Papikyan bəyan edib ki, son günlərdə Bakıdan səslənən “ermənifob və etirafedici” bəyanatlar toqquşmaların Azərbaycanın təxribatı ilə törədildiyini göstərir.
Əliyevdən xəbərdarlıq
Azatutyun xatırladır ki, Azərbaycan prezidenti İlham Əliyev yanvarın 12-də keçirdiyi mətbuat konfransında Azərbaycanın həm öz qüvvələri, həm də “Ermənistanın partnyorları” vasitəsilə Ermənsitanda hərbi quruculuq üçün edilən cəhdləri izlədiyini bildirib:
“Biz Ermənistanda həm öz qüvvələri, həm də onların tərəfdaşlarının köməyi ilə bütün hərbi quruculuq cəhdlərini çox diqqətlə izləyirik. Buna görə mən səmimi və açıq demişəm ki, əgər bizim təhlükəsizliyimizə azacıq da olsa təhdid görsək, bu təhdid harada, Ermənistan ərazisinin hansı dərinliyində olsa da, biz onu dərhal, sadəcə, məhv edəcəyik. Bunu hamı, ilk növbədə, Ermənistan rəhbərliyi bilməli və başa düşməlidir”.
Əliyev əlavə edib ki, Bakı müasir silahlar almaqda davam edəcək və ordunun döyüş qabiliyyətini artıracaq.
Papikyan “Qarabağdakı təmas xətti”ndən danışıb
Papikyan “Bakıda saxlanan erməni hərbi əsirlərin, habelə zorla oğurlanmış şəxslərin” probleminə toxunarkən iddia edib ki, bu problemlər Azərbaycanın 9 noyabr üçtərəli bəyanatı və beynəlxalq humanitar hüquq üzrə öhdəliklərindən imtina etdiyinə görə həll olunmur.
Ermənistan nümayəndəsi ATƏT sədrini diqqətini Dağlıq Qarabağ münaqişəsinə yönəltməyə çağırıb və ümid etdiyini bildirib ki, “Polşanın sədrliyi başqa beynəlxalq partnyorlarla birlikdə mövcud alətlərdən istifadə etməklə Azərbaycana bundan sonra da gücdən istifadənin yolverilməz olduğunu anladacaqlar”:
“Azərbaycan öz təxribatlarına dərhal son qoymalı və qüvvələrini suveren Ermənistanın ərazilərindən, habelə Artsaxdakı (Qarabağ-red) təmas xəttindən çəkməli və üzərinə götürdüyü bütün öhdəliklərə əməl etməlidir”.
Azatutyun xatırladır ki, Qarabağ məsələsi barədə danışarkən Azərbaycan prezidenti İlham Əliyev ATƏT-in Minsk qrupunun Qarabağ məsələsi ilə məşğul olmasının qarşısını alacağını bildirib.
Azərbaycan prezidenti dəfələrlə münaqişənin artıq həll olunduğunu bəyan edib.
Rusiya tərəfi isə bəyan edib ki, ATƏT-in Minsk qrupu diqqətini humanitar məsələlərin həllinə yönəltməlidir.
Xatırlatma
Qarabağ münaqişəsi ilə bağlı hazırda Azərbaycan və Ermənistan arasında gərginlik var.
Bu münaqişə müasir mərhələdə 1988-ci ildə başlayıb. Daha sonra Ermənistan və Azərbaycan arasında silahlı toqquşmalar baş verib.
1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.
Amma 2020-ci ildə, İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.
İlham Əliyev yanvarın 14-də keçirdiyi mətbuat konfransında Rusiya sülhməramlılarının bəzi fəaliyyətlərini kəskin tənqid edib.