Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 09:16

Prezident: 'Ola bilsin, dünənki təxribatın mənşəyi də son vaxtlar MDB məkanında baş vermiş hadisələrdir'


Prezident İlham Əliyev Ermənistanın ərazi bütövlüyünün tanınması üçün şərtləri açıqlayır
Gözlə

No media source currently available

0:00 0:15:01 0:00

Prezident İlham Əliyev Ermənistanın ərazi bütövlüyünün tanınması üçün şərtləri açıqlayır

Prezident deyib ki, sülhməramlıların fəaliyyətini qiymətləndirmək üçün daha geniş prizmadan yanaşılmalıdır

Azərbaycan prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibə verib.

AZƏRTAC-ın yaydığı həmin müsahibədə prezident Azərbaycan və Ermənistan sərhəddində son günlər baş verən toqquşmalara da toxunub:

“Onlar bizi yenə də sınağa çəkmək istəyirlər. Ola bilsin, dünənki (yanvarın 11-i) təxribatın mənşəyi də son vaxtlar MDB məkanında baş vermiş hadisələrdir və hesab edirlər ki, bunların imkanları artıb, yaxud da haradansa dəstək ala bilərlər. Amma unutmamalıdırlar ki, İkinci Qarabağ müharibəsindəki kimi, kimin onlara yardım edəcəyindən asılı olmayaraq, biz istədiyimizə nail olacağıq…”

Müsahibədə Rusiyanın Azərbaycandakı sülhməramlı kontingentinin fəaliyyəti ilə də bağlı sual da yer alıb.

“Əlbəttə ki, qıcıq doğuran məqamlar az deyil”

Prezident deyib ki, sülhməramlıların fəaliyyətini qiymətləndirmək üçün daha geniş prizmadan yanaşılmalıdır:

“Əlbəttə ki, qıcıq doğuran məqamlar az deyil. Amma, eyni zamanda, onların müsbət funksiyalarını da qeyd etməmək ədalətsizlik olar. Onlar indi önəmli funksiyanı yerinə yetirirlər. Eyni zamanda, onlar Kəlbəcər, Laçın rayonlarına bizim həm hərbçilərimizin, həm də yüklərin göndərilməsini və daşınmasını müşayiət edirlər və prinsipcə deyə bilərəm ki, mən onların ümumi fəaliyyətinə müsbət yanaşıram.”

Prezident qıcıq doğurduğunu bildirdiyi məsələlərdən də danışıb və Qarabağa qanunsuz səfərlərə toxunub.

Onun vurğulamasına görə, belə səfərlər baş verdikdə rəsmi qaydada Rusiya tərəfinə irad bildirilir:

“Həm müdafiə nazirimiz öz həmkarına məktublar göndərib dəfələrlə, həm sülhməramlı missiya rəhbərinə irad bildirilir və Valeri Pekresin (Fransada prezidentliyə namizəd. Bu yaxınlarda bölgəyə səfər etmişdi-red) son qanunsuz səfəri ilə bağlı da eyni addımlar atılmışdır”.

“Laçın dəhlizi bizim nəzarətimiz altındadır”

Prezidentin deməsinə görə, əslində Laçın dəhlizi Azərbaycanın nəzarəti altındadır:

“Laçın dəhlizi bizim nəzarətimiz altındadır. Siz Şuşada olmusunuz, görmüsünüz. Biz orada istənilən maşını saxlaya bilərik və heç kim bizə heç nə deyə bilməz…”

Prezidentin sözlərinə görə, digər qıcıq doğuran məsələ odur ki, Qarabağa, Xankəndiyə və Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan digər yerlərə gələnlərin sayı gedənlərin sayı ilə böyük fərq təşkil edir:

“Daha çox insan oradan gedir. Biz bunu izləyirik. Bir şeyi də izləyirik ki, gedən maşınların 91 faizi, - bax, 91 faiz deməklə, o cümlədən mən bildirirəm ki, biz bunu nə dərəcədə dəqiqliklə bilirik, - yoxlanılmır. Oradan çıxan maşınların cəmi 46 faizi yoxlanılmır. Yəni, bu, nəyi göstərir? Onu göstərir ki, Rusiya sülhməramlı qüvvələri çalışırlar, giriş sərbəst olsun, çıxışda isə müəyyən problemlər olsun.”

Dövlət başçısının vurğulamasına görə, istəyirlər ki, insanlar oradan getməsinlər:

“Bu isə təsadüfən ola bilməz. Bu dərəcədə fərq ola bilməz. Biz maşınların da, insanların da sayını bilirik, nə qədər insan girib, nə qədər çıxıb və bu da qəbuledilən məsələ deyil. Bizdə olan məlumata görə, müharibə dövründə oradan çıxmış əhalinin 38 mini İkinci Qarabağ Müharibəsindən sonra qayıdıbdır və qayıdanlardan 11 mini oranı həmişəlik tərk edib. Dəqiqləşdirilmiş məlumata görə, indi Rusiya sülhməramlılarının nəzarətində olan ərazidə 27 min insan yaşayır.”

Prezident: “Zirvə görüşündə” iki dəqiqəlik çıxış üçün adam özünü heç əziyyətə verməməlidir

Azərbaycan prezidenti müsahibədə ötən il dekabrın 9-10-da Amerika Birləşmiş Ştatlarında (ABŞ) keçirilən Demokratiya Sammitinə (Bir çox dünya rəsmisi dəvət edilsə də, Rusiya, Çin , Türkiyə və Azərbaycan kimi ölkələrin rəhbərləri dəvət edilməmişdi) dəvət edilməməsinə də münasibət bildirib. O, bunu ABŞ-ın neytral olmaması kimi dəyərləndirib:

“Müharibədən sonra Amerika Birləşmiş Ştatları, halbuki vasitəçidir (ATƏT-in Minski qrupunun ABŞ, Rusiya və Fransa həmsədrləridir. Qurum uzun illər Qarabağ münaqişəsində vasitəçi olub), neytral olmalıdır, açıq şəkildə Ermənistan tərəfini tutdu. Təkcə elə mətbuatda olan iki hadisəni qeyd etməklə, bunu sübut etmək olar. Birincisi, Ermənistanı dırnaqarası “demokratiya zirvəsinə” dəvət etməsi, halbuki Ermənistan və demokratiya - bunlar fərqli qütblərdir.”

Prezidentin vurğulamasına görə, Ermənistanda insan haqları kobudcasına pozulur, siyasi müxalifət həbsə atılır və siyasi rəqiblər təqib edilir:

“Ermənistan, necə deyərlər, hansı əməllərə görə ora dəvət edilib ki, Azərbaycan dəvət edilməyib. Yəni bu, açıq ayrı-seçkilikdir. İkinci də, bu yaxınlarda Ermənistan Təhlükəsizlik Şurasının katibi Vaşinqtona dəvət edilib, orada görüşlər keçirir. Azərbaycan Təhlükəsizlik Şurasının katibi isə dəvət edilməyib. O, başqa məsələdir ki, biz dəvət olunmamışıq, heç nə itirmirik və demokratiya uğrunda dırnaqarası “zirvə görüşündə” iki dəqiqəlik çıxış üçün adam özünü heç əziyyətə verməməlidir. Amma fakt odur ki, burada balans pozulur...”

Müxalifətdən deyilənlər...

Azərbaycanda Milli Şura və Müsavat Partiyası kimi müxalif qüvvələr isə ölkədə demokratiya və insan haqları sahəsində çox ciddi problemlərin olduğunu deyirlər.

Milli Şuranın sədri Cəmil Həsənli “Turan” agentliyinə demişdi ki, Azərbaycanın demokratiya sammitinə dəvət edilməməsinin səbəblərini İlham Əliyevin siyasətində axtarmaq lazımdır:

“2003-də İlham Əliyev hakimiyətə gələndə Azərbaycan yarımazad ölkə idi, onun avtoritar idarəçiliyi Azərbaycanı azad olmayan ölkələr sırasına aparıb çıxardı”.

Onun fikrincə, İlham Əliyevin bu sammitə dəvət almasını təəccüblü hesab etmək olardı:

“Öz həyat yoldaşını ölkənin birinci vitse-prezidenti təyin edən prezident niyə demokratiya sammitinə dəvət almalıdır?..”

Xatırlatma

2020-ci ildə, İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Azərbaycanla Ermənistan arasında atəşkəs razılaşması olsa da, onun pozulması ilə bağlı tez-tez qarşılıqlı iddialar səslənir. Bu zaman tərəflər bir-birlərini ittiham edirlər.

Azərbaycan Müdafiə Nazirliyi yanvarın 11-də iki ölkənin sərhəddində bir hərbi qulluqçunun həlak olduğunu açıqlayıb. Ermənistan isə öz növbəsində 3 hərbi qulluqçusunun həlak olduğunu bildirib.

Qarabağ münaqişəsi müasir mərhələdə 1988-ci ildə başlayıb. Daha sonra Ermənistan və Azərbaycan arasında silahlı toqquşmalar baş verib.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG