“The Economist” dərgisi Covid-19 pandemiyasının akademik tədqiqatlarda gender uçurumunu dərinləşdirməsindən yazır. Məqalədə deyilir ki, Amerikada və Avropada ali təhsil ocaqları qapadılanda akademiklərin buna reaksiyası qarışıq oldu. Bəziləri fasiləsiz düşünmək, yazmaq və təhlil aparmaq üçün evə çəkilməyə həyəcanla yanaşırdı. Digərləri isə uşaqların evdən dərs keçməsinin, körpələrə qayğının onların işini pozmasından giley-güzar edirdi.
Araşdırmaların sayı 30% artsa da...
Araşdırmalar evdən işləməyin bütün işçilərə eyni cür təsir göstərmədiyini üzə çıxarır. Elə pandemiyadan qabaq da evin yükünün böyük hissəsi qadınların üzərində idi. Pandemiya bu tendensiyanı daha da gücləndirib.
“The Economist” yazır ki, 2020-ci ilin fevral-aprel aylarında Amerikada qadınlar işə ayırdıqları saatları kişilərdən beş dəfə çox azaltmalı olublar. Və təbii ki, qadın akademiklərin elmi işlərinin də sayında azalma baş verib.
Bir qrup avropalı tədqiqatçı “Elsevier” akademik nəşr şirkətinin sahib olduğu jurnallara 5 milyondan çox müəllifin təqdim etdiyi araşdırmaların təhlilini aparıb. 2020-ci ilin fevral-mart aylarında təqdim olunan araşdırmaların sayı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 30% artıb. Ancaq kişilərin payına daha çox tədqiqat düşüb. Hər 100 qadın tədqiqatçı əlavə 20-dək araşdırma veribsə, kişilər üçün bu rəqəm 25 olub.
Övlad, valideyn qayğısı...
2019-cu ildə ümumi tədqiqatların üçdə birindən də azını qadınlar gerçəkləşdirmişdi.
Məqalədə sözügedən gender uçurumunun mühəndislikdən tutmuş iqtisadiyyata qədər bütün tədqiqat sahələri üçün eyni olduğu deyilir. Ancaq karyerasının başlanğıcında olanlar, azyaşlı övladına, yaxud yaşlı valideynin qayğısına qalanlar bunu daha çox hiss ediblər.
2019-cu ilin dekabrından Çindən yayıldığı bildirilən koronavirusa dünyada 251 milyona yaxın insan yoluxub, 5 milyondan çox insan vəfat edib. Ayrı-ayrı ölkələrdə yoluxmaları səngitmək üçün lokdaunlar indi də fasilələrlə elan olunur. Virusun daha yoluxucu delta ştammı bu il dünya üzrə yoluxmaları sürətlə artırıb. Hazırda dünyada bir neçə təsdiqlənmiş peyvəndlə vaksinasiya aparılır.