Keçid linkləri

2024, 05 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:36

'Pandemiyanın necə başladığını öyrənməsək...'


Çində nuklein turşusu testi laboratoriyası
Çində nuklein turşusu testi laboratoriyası

Məqalədə deyilir ki, Çinin əməkdaşlıq edəcəyinə ümid qalmadığından onun nəzarətindən kənar data mənbələri getdikcə daha çox əhəmiyyət kəsb edir.

Koronavirus pandemiyası dünyada 4 milyon 400 mindən çox insanın həyatına son qoyub, 210 milyondan çox yoluxma aşkarlanıb. Dekabrda Covid-19-a ilk yoluxmanın tapılmasının iki ili tamamlanır, amma dünya hələ də onun necə yayıldığını dəqiq bilmir. Dünya Səhiyyə Təşkilatı (DST) ekspertlərinin bir qənaəti virusun Çinin mərkəzindəki Vuhan şəhərində heyvandan insana keçməsidir. Ekspertlər laboratoriyadan sızma versiyasını az inandırıcı saysalar da, son vaxtlar bu haqda daha çox danışılmağa başlayıb.

DST-nin Çinə tədqiqata getmiş aparıcı eksperti Ben Embarek avqustun 12-də “birgə araşdırma”nın nəticələrini şübhə altına alınca məsələ bir daha gündəmə gəlib. Embarek deyirdi ki, Çin tərəfi laboratoriyadan sızma versiyasının hesabata salınmasına qarşı çıxıb, sonradan bu “ehtimalın çox aşağı olması” versiyasına razılaşıblar.

“Həqiqət nə qədər çox gizlədilirsə...”

DST rəhbəri Tedros Adhanom Qebreyesus da laboratoriyadan sızma versiyasının bu formada çıxdaş olunmasına qarşı çıxıb. O, əlavə təhqiqat aparılmasına çağırıb.

“The Economist” dərgisi birgə tədqiqatın əlavə izahata ehtiyacı olduğunu yazır. Çünki bu ilyarımda SARS-Cov-2-nin insana keçərək dünyaya necə yayılması hərtərəfli araşdırılmayıb. Dərgi əlavə ölümlər və digər indikatorlara əsasən pandemiyanın dünyada 9-18 milyon nəfərin həyatına son qoyduğunu yazır.

“Pandemiyanın necə başladığını bilmək həm ölənlərin yaxınları, həm də gələcəkdə belə bir pandemiyanı önləmək istəyənlər üçün vacibdir. Çinin dünyanın bu suallara cavab almasını əngəlləməsi həm rəzillikdir, həm də müəyyən mənada özünü iflasa aparır. Həqiqət nə qədər çox gizlədilirsə, bir o qədər şübhəli görünür”, – məqalədə deyilir.

Birgə hesabat necə ərsəyə gəlib

Dərginin yazmasına görə, tədqiqatçılar Vuhandan çıxanda DST-nin Cenevrə qərargahından onlara deyilib ki, onların hesabatı elmi əsaslarla hazırlanmalıdır, fərqli fikirlər də salına bilər. Axı, komandanın beynəlxalq üzvləri çinli həmkarları ilə konsensus əldə etməmişdilər. Di gəl, DST-dəki mənbəyə görə, komanda çinlilərlə birgə hesabatın saxlanmasına üstünlük veriblər. Məqalədə Dr Tedrosun hesabatın gəldiyi qənaətdən məyus olduğu deyilir.

ABŞ Prezidenti Co Bayden Amerika kəşfiyyat xidmətlərinə 90 gün ərzində pandemiyanın mənşəyi ilə bağlı hesabat hazırlamağı tapşırıb. Müddət avqustun 24-də bitir.

Çin hökuməti isə ərazisində əlavə tədqiqatlar aparmağa qəzəbli reaksiya verib. Məqalədə deyilir ki, Çinin əməkdaşlıq edəcəyinə ümid qalmadığından onun nəzarətindən kənar data mənbələri getdikcə daha çox əhəmiyyət kəsb edir. Maraq doğuran sahələrdən biri genetik ardıcıllığı öyrənməkdir. Digər məsələ ilkin dövrlərdə Çindən ekspert olunan yoluxma hallarıdır.

DST üzvlərini “stuldan yıxan” açıqlama

“The Washington Post” qəzeti isə sözügedən tədqiqatın DST-ni necə sarsıtmasından yazır. Bu haqda yeni kitab avqustun 24-də çapdan çıxmalıdır.

Kitabda pandemiya dövründə Birləşmiş Ştatlar, Çin və DST-nin münasibətlərindən söz açılır. Pandemiyanın əvvəlində DST-ni Çinlə yumşaq davrandığına görə tənqid edirdilər. Sən demə, DST rəhbəri Tedros Adhanom Qebreyesus üzdə Çini ehtiyatla tərifləsə də, özəl ünsiyyətdə təzyiq göstərirmiş. Donald Tramp administrasiyası isə Çinə və DST-yə qarşı açıq ədavətlə bu taktikaya zərbə vururmuş.

“Afterşoklar: Pandemiya siyasəti və köhnə beynəlxalq düzənin sonu” kitabının müəllifləri Tomas RaytKolin Kahldır.

ABŞ-ın keçmiş prezidenti Donald Tramp ötən il DST-ni “Çinin virusla bağlı dezinformasiyasına təkan verməkdə” suçlayıb, quruma maliyyəni dayandırmaqla hədələyib. Yaponiya baş nazirinin müavini isə qurumu “Çin Səhiyyə Təşkilatı” adlandırmışdı.

Kitabda isə Tedrosun Çinin əlindən boğaza yığılmasından söz açılır. Üstəlik, ötən ilin fevralında DST-nin alimi virusun laboratoriyadan sızma ehtimalının “çox aşağı” olması, gələcək təhqiqata dəyməməsini deyincə, qurumun Cenevrədəki aparıcı heyəti şoka düşübmüş. “Az qala, stuldan yıxılacaqdıq”, – bir əməkdaş müəlliflərə deyib.

DST-Çin birgə hesabatı açıqlananda Tedros onunla razılaşmayıb, tədqiqatın “yetərincə ətraflı” olmadığını, “vaxtında və hərtərəfli data-paylaşılması” aparılmadığını bildirib.

XS
SM
MD
LG