Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 22:04

Palmiranın itirilməsi İŞİD üçün “ən ağır zərbədir”


Suriya ordusu İŞİD-in paytaxrtı Raqqaya gedən yola nəzarət edir
Suriya ordusu İŞİD-in paytaxrtı Raqqaya gedən yola nəzarət edir

Hərbi ekspertlər bildirirlər ki, qədim şəhərin özünü İslam Dövləti adlandıran qrupun əlindən geri alınması onun indiyədək gördüyü ən ağır məğlubiyyət olub

Suriyanın hökumət qüvvələri Rusiya hərbi aviasiyasının havadan intensiv dəstəyi ilə qədim Palmira şəhərini, özünü İslam Dövləti adlandıran qruplaşmanın əlindən geri alıb.

Suriya prezidenti Bashar al-Assad bu hadisəni “mühüm nailiyyət”, öz ordusunun terrora qarşı mübarizədə böyük uğuru adlandırıb.

Təhlilçilər və hərbi ekspertlər Palmiranın itirilməsini İD qruplaşması üçün “çox ağır məğlubiyyət” adlandırıblar.

Assad Qərb koalisiyasını tənqid edib

2015-ci ilin mayından bəri cihadçıların nəzarətində olan bu şəhərin geri alınması üçün Assad qüvvələri üç həftə idi ki, ağır döyüşlər aparırdı.

“Tarixi Palmira şəhərinin azad edilməsi mühüm nailiyyət və terrorizmə qarşı mübarizədə Suriya ordusu və onun müttəfiqləri tərəfindən aparılan strategiyanın uğurudur” – deyib Assad Dəməşqdə səfərdə olan Fransa parlamentinin nümayəndə heyətinə.

Suriya prezidenti Assad Qərb koalisiyasını "qeyri-ciddilikdə" ittiham edib
Suriya prezidenti Assad Qərb koalisiyasını "qeyri-ciddilikdə" ittiham edib

Suriya prezidenti “yeri gəlmişkən” İslam Dövlətinə qarşı döyüşən ABŞ koalisiyasına tənə etməyi də unutmayıb.

O deyib ki, Suriya ordusunun qələbəsi 60-dək ölkədən ibarət Qərb koalisiyasının “terrorizmə qarşı mübarizədə ciddi olmadığını” nümayiş etdirib.

Suriya və Rusiyanın dövlət telekanalları ərəblərin Tadmur adlandırdıqları Palmiranın tam şəkildə hökumətin nəzarətində olduğunu və hazırda küçəbəküçə minaların zərərsizləşdirilməsi işinin aparıldığını bildiriblər.

Suriya müxalifətinin İnsan Haqları Müşahidə qrupunun məlumatına görə şəhərin şərq ucqarlarında ara-sıra atəş səsləri eşidilsə də, İD qüvvələri şəhəri tərk edirək şərq istiqamətində geri çəkilib.

Dünya mediası bildirir ki, Palmiranın geri alınması Assad hökuməti üçün “simvolik, həm də strateji qələbə” olub.

“İlgək daralır”

Palmiradan İD-in de facto paytaxtı olan Raqqaya gedən yol hazırda tamamilə Suriya hökumət qüvvələrinin nəzarətindədir. Bu o deməkdir ki, İŞİD cihadçıları bundan sonra yalnız şərqə, İraq sərhədinə doğru geri çəkilə bilərlər.

Suriya Ordusunun baş komandanlığı bəyan edib ki, Palmira Raqqa və Dayr əz-Zaur məntəqlərindəki İŞİD qüvvələrinə qarşı növbəti hücumlar üçün platsdarm olacaq.

Rusiya hərbi aviasiyası Palmiranın alınmasında həlledici rol oynayıb
Rusiya hərbi aviasiyası Palmiranın alınmasında həlledici rol oynayıb

Komandanlıq bildirib ki, bu şəhərlərin İD-dən təmizlənməsindən öncə “cihadçıların boğazındakı ilgək daraldılacaq və onların bütün təchizat yolları kəsiləcək”.

Qərb mediassı bildirir ki, Rusiyanın iki həftə əvvəl öz əsas qüvvələrini Suriyadan çıxardığını elan etməsinə baxmayaraq Palmira əməliyyatında Moskvanın onlarca döyüş təyyarəsi və helikopteri iştirak edib.

Rusiyanın Müdafiə Nazirliyi bildirib ki, martın 27-də Palmira bölgəsində 40 uçuş edilib, 117 hədəf vurulub və 80-dək cihadçı öldürülüb.

Nazirlik son 24 saatda atəşkəs rejiminin 10 dəfə pozulmasına baxmayaraq nisbi sakitliyin davam etdiyini bildirib. ABŞ və Rusiya Suriyada elan edilmiş atəşkəsin İŞİD-ə şamil edilməyəcəyini bildirmişdilər.

Rusiya da itki verib

Moskvadan alınan xəbərlərə görə Rusiya prezidenti Assadı Palmiranın geri alınması münasibətilə təbrik edib.

Kremlin sözçüsü Dmitry Peskov deyib ki, iki prezident telefonla danışlar.

Dünya ekspertləri Palmira abidələrinin bərpasını müzakirə edirlər
Dünya ekspertləri Palmira abidələrinin bərpasını müzakirə edirlər

Vladimir Putin danışıq zamanı Palmiranın dünya mədəniyyətinin irsi kimi qorunmasının mühümlüyünü dilə gətirib.

Britaniyada mənzillənmiş Suriya müxalifəti müşahidə qrupunun rəhbəri Rami Abdulrahman deyib ki, Palmira uğrunda döyüşlərdə İŞİD-in 400 döyüşçüsü və 180 Suriya əsgəri həlak olub.

Rusiya-nın RTR kanalı Palmira döyüşlərində bir Rusiya zabitinin öldürüldüyünü xəbər verib. Bu zabit cihadçıların mühasirəsinə düşənədək Rusiya təyyarələrinə hədəfləri nişan verirmiş.

Palmiranın qədim irsi

Abdulrahman Palmiranın itirilməsini İslam Dövləti qruplaşması üçün onun xilafət elan etdiyi 2014-cü ildən bəri ən ağır məğlubiyyəti adlandırıb.

Bundan əvvəl İŞİD İraqın Ramadi şəhərindən çıxarılıb. İŞİD ötən ildən bəri həmçinin İraqda Tikrit, Suriyada Əş-Şədadi şəhərlərini itirib.

İraq ordusu martın 24-də ölkənin ikinci böyük şəhəri Mosulun İŞİD-dən geri alınması üçün böyük hücum əməliyyatına başlayacağını elan edib.

Palmiranın Roma imperiyası zamanından qalma 2000 min yaşı olan Bel Məbədi və Zəfər Tağı da daxil bir sıra unikal tarixi abidələri “bütpərəstlik” rəmzi kimi İŞİD döyüşçüləri tərəfindən partladılmışdı.

UNESCO tarixi abidələrin dağıdılmasını hərbi cinayət adlandırıb.

Hazırda Qərb və Rusiyanın bir çox ekspertləri qədim şəhər xarabalıqlarının bərpası planı üzərində işləyirlər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG