Yanvarın 18-nə keçən gecə Pakistan hərbi təyyarələri İranda şübhəli hərbi hədəflərə zərbələr endirib. İran rəsmisi zərbə nəticəsində azı dörd uşağın və üç qadının öldürüldüyünü bildirib.
Pakistan Sistan-Bəluçistan vilayətini vurub. Bundan öncə isə İranın İslam İnqilab Keşikçiləri (İİKK) Korpusu yanvarın 16-da Pakistanın cənub-qərbində Bəluçistan vilayətinə zərbə endirmiş, iki uşaq ölmüşdü.
Pakistanın Xarici İşlər Nazirliyi bəyanatında zərbələrin “terrorçu” bazaları hədəfə aldığını bildirib.
İranın Sistan-Bəluçistan vilayətinin rəsmisi Merh xəbər agentliyinə deyib ki, zərbələrdən sərhəd kəndində qadınlar və uşaqlar həlak olub.
İran mediasının xəbərinə görə, zərbələrdən sonra Pakistanın müvəqqəti işlər vəkili Tehranda XİN-ə çağrılıb.
Çin vasitəçilik təklif edir
Pekində isə XİN sözçüsü deyib ki, Çin İranla Pakistan arasında vasitəçiliyə hazırdır.
“Çin tərəfi səmimi şəkildə ümid edir ki, tərəflər sakitlik və təmkinlilik göstərə, gərginliyi qızışdırmaqdan yayına bilərlər”, -- sözçü Mao Ninq söyləyib.
"Biz də hər iki tərəf arzulayarsa, gərginliyin azaldılmasında konstruktiv rol oynaya bilərik”, -- o vurğulayıb.
Pakistanın cavab zərbəsindən öncə İslamabad İİKK-nın hücumuna etiraz olaraq İrandan səfirini geri çağırıb, İranın “qanunsuz hücum”una “cavab vermək hüququnu saxladığını” söyləyib.
Bəyanatda hücumun “nəticələri”nə görə İranın məsuliyyət daşıdığı deyilirdi.
İİKK 16 yanvar zərbəsinin Baluçistanda sünni bəluç Ceyş əl-Ədl silahlı qruplaşmasına bağlı məkanları hədəfə aldığını iddia edib.
İranla Pakistan arasında 900 km-lik sərhədi nəzarətdə saxlamaq çətindir, ərazidə müxtəlif silahlı qruplaşmalar fəaliyyət göstərə bilir.