Keçid linkləri

2026, 27 Fevral, Cümə, Bakı vaxtı 17:52

Pakistan 'Taliban' ilə açıq müharibə başladığını deyir

"Taliban" təhlükəsizlik qüvvələri Əfqanıstan və Pakistan arasında sərhəd-keçid məntəqəsinin yaxınlığında keşik çəkir.
"Taliban" təhlükəsizlik qüvvələri Əfqanıstan və Pakistan arasında sərhəd-keçid məntəqəsinin yaxınlığında keşik çəkir.

Pakistanın müdafiə naziri Xavaca Məhəmməd Asif "Taliban" hökumətini Əfqanıstanı qlobal terrorçuların bazasına və "Hindistanın müstəmləkəsi"nə çevirməkdə ittiham edib.

"NATO qüvvələri gedəndən sonra Əfqanıstanda sülh olacağı, "Taliban"ın diqqəti əfqan xalqının maraqlarına, regionda sülhə ayıracağı gözlənirdi. Amma "Taliban" Əfqanıstanı Hindistanın müstəmləkəsinə çevirdi. Dünyadan bütün terrorçuları Əfqanıstana yığdılar, terrorçuluq ixrac etməyə başladılar", – o, X postunda yazıb.

"Səbir kasamız dolub. Sizinlə aramızda açıq müharibə başlayıb", – o əlavə edib.

Pakistan-Əfqanıstan sərhədində toqquşmalar

Pakistan və Əfqanıstan sərhədində toqquşmalar qızışıb, tərəflər onlarla silahlının, təhlükəsizlik əməkdaşının öldürüldüyünü iddia edir. Əfqanıstan paytaxtı Kabildə isə bir neçə partlayış baş verib.

Fevralın 27-si səhər tezdən Kabildə dörd məkan, Qəndəhar bölgəsində bir hərbi baza hücuma məruz qalıb. Paytaxt ətrafında partlayışlar vaxtı hərbi təyyarələrin səsi eşidilib. Xəbəri AzadlıqRadiosunun puştu xidmətinə yerli mənbələr verib.

"Taliban"ın rəhbərlik etdiyi Əfqanıstan hökumətinin sözçüsü Zabihullah Mücahid Kabildə, Qəndəhar və Pəktiya əyalətlərində müəyyən ərazilərə zərbələr endirildiyini təsdiqləyib. O, itkilər barədə məlumat olmadığını deyib.

Pakistan ordusu isə qırıcılarının Kabili bombaladığını təsdiqləyib. Pakistan hökumətinin sözçüsü Müşərrəf Zaidi sosial şəbəkədə yazıb ki, "Əfqanıstandakı hədəflərə cavab zərbələri davam edir".

Bundan bir neçə saat öncə isə Əfqanıstan hökumətinin sözçüsü Mücahid bildirib ki, Kabil "Dürand xətti" (şərti sərhəd) boyunca Pakistana qarşı genişmiqyaslı hücum əməliyyatı başladıb. Bu sərhəd xətti ənənəvi puştun və bəluc tayfa ərazilərindən keçir.

İtkilər

"Taliban"ın Müdafiə Nazirliyi 55 pakistanlı təhlükəsizlik əməkdaşının öldürüldüyünü, sərhədin o tayında iki bazanın, 19 postun ələ keçirildiyini iddia edib.

Pakistan rəsmiləri isə cavab atəşi açıldığını bildiriblər. Zaidi ümumilikdə 133 əfqan "Taliban" üzvünün ölümünün təsdiqləndiyini, 200-dən çoxunun yaralandığını deyib.

Hər iki tərəfin iddialarını müstəqil şəkildə təsdiqləmək mümkün olmayıb. Lakin Kabil sakini şəhərdə böyük partlayış baş verdiyini bildirib.

Pakistanın baş naziri Şahbaz Şərif X platformasında yazıb ki, ordusu heç bir halda ölkənin sülh və təhlükəsizliyinin pozulmasına imkan verməyəcək.

Dörd gün öncə Pakistan Nəngərhar və Pəktika əyalətlərinə hava zərbələri endirmişdi. Həmin hücumlarda azı 18 nəfərin öldüyü açıqlanmışdı. Pakistan zərbələri Əfqanıstandakı ekstremistlərin intihar hücumlarına cavab olduğunu deyib. İslamabad həmin zərbələrdə 80-dək silahlının öldürüldüyünü iddia edib. Əfqanıstan "Taliban"ı isə bu iddianı "yalan" adlandırıb. Əfqanıstan Pakistan "Taliban"ına sığınacaq verməsi ilə bağlı İslamabadın ittihamlarını rədd edir.

XS
SM
MD
LG