Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:12

Gəncə hadisəsindən yazan saytın redaktoru sərhəddən buraxılmadığını deyir


Pərviz Həşimli
Pərviz Həşimli

"Gununsesi.info" saytının redaktoru Pərviz Həşimli ölkədən xaricə buraxılmadığını bildirir.

Bu barədə AzadlıqRadiosuna məlumat verən Pərviz Həşimlinin sözlərinə görə bu, bir il əvvəl “Gəncə İşi” ilə bağlı Bakı Şəhər Prokurorluğunun ölkədən çıxışına qoyduğu qadağanın, hələ də qüvvədə qalması ilə bağlıdır.

O vurğulayıb ki, bu gün, iyulun 30-da Azərbaycan-Rusiya sərhədinə gedərək qadağanın götürülüb götürülməməsini yoxlamaq istəyib: “Məlum oldu ki, qadağa güvvədədir”.

Pərviz Həşimli əlavə edib ki, məsələ ilə bağlı 2 ay əvvəl baş prokuror Zakir Qaralova müraciətindən sonra onu Baş Prokurorluğa dəvət ediblər və qadağanın yaxın zamanda götürüləcəyinə söz veriblər:

"Keçən il saytımız Gəncənin icra başçısı Elmar Vəliyevə sui-qəsd məsələsini işıqlandırıb və bir neçə gün sonra məhkəmə qərarı olmadan bloklanıb. Özüm isə şahid qismində Cinayət Məcəlləsinin 313-cü maddəsi (vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs tərəfindən informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi) ilə açılmış cinayət işinə cəlb edildim və ölkədən çıxışıma məhdudiyyət qoyuldu. Bu məhdudiyyət heç bir əsas olmadan, hələ də qalıb".

Pərviz Həşimli vurğulayıb ki, onun ölkədən çıxışına qadağa qoyulması qanunsuzdur:

"Məhkəmə qərarı olmadan şahid qismində dindirilən şəxsin çıxışına qadağa qoyulub. Çalışacam ki, məhdudiyyət aradan qaldırılsın".

Baş Prokurorluqdan Pərviz Həşimlinin bu dediklərinə, hələlik, münasibət almaq mümkün olmayıb.

Baş Prokurorluq Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə 2018-ci il iyulun 3-də sui-qəsdlə əlaqədar bəzi informasiya resursları haqqında hüquqi tədbirlərin görüldüyünü bildirmişdi.

Onda bəzi media qurumları çağırış xarakterli, ictimaiyyəti çaşdıran məlumatlar paylaşmaqda günahlandırılırdı.

Həmin saytlara ölkə daxilindən giriş məhdudlaşdırıldı və onların əməkdaşları istintaqa çağırılmağa başlandı.

Hətta sonradan bu işlə bağlı bəzi sayt rəhbərlərinə şərti cəzalar da verilib. Amma həmin sayt rəhbərləri ittihamları qəbul etmirlər, bunu media azadlığının boğulması kimi dəyərləndirirlər.

Sui-qəsd nəticəsində ağır yaralanan Elmar Vəliyev isə sonradan prezidentin sərəncamı ilə tutduğu vəzifədən azad edilib.

Sui-qəsdi törətdiyi bildirilən Yunis Səfərov həbs edilib. Hüquq-mühafizə qurumları baş verənləri terror sayır.

Onlar iddia edir ki, Yunis Səfərovun terror aktını törətməkdən əsas məqsədi Azərbaycanda şəriət qanunları ilə idarə olunan islam dövləti qurmaq olub. Hələlik, Yunis Səfərov bu iddialarla bağlı münasibətini açıqlamayıb. Onun istintaq işi məhkəməyə verilməyib.

Xatırlatma

Pərviz Həşimli 2014-il mayın 15-də ( “Bizim yol” qəzetində çalışırdı) qaçaqmalçılıq və qanunsuz silah saxlama ittihamı ilə 8 il azadlıqdan məhrum edilib.

O, həmin vaxt da ittihamı qəbul etmirdi.

Amma 2016-cı il martın 17-de prezidentin imzladığı əfv sərəncamı ilə vaxtından əvvəl azadlığa çıxıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG