Keçid linkləri

Təcili xəbərlər
2019, 26 May, bazar, Bakı vaxtı 02:07

Gəncə hadisəsindən yazmağı kim və niyə qadağan edib?


Anar Məmmədov

Müharibə şəraitinə görə Gəncə hadisələri haqda yazmaq olmaz?

"Gəncə hadisələri barədə üç başqa-başqa iş üzrə rəy verib ki, "Azərbaycan Ermənistanla müharibə şəraitindədir, belə vəziyyətdə o cür məqalələr yazmaq olmaz. Bu nə deməkdir axı?" - vəkil Elçin Sadıqov martın 15-də məhkəmə çıxışında bildirib.

Elçin Sadıqov Bakı Ağır Cinayətlər Məhkəməsində "criminalaz.com" saytının baş redaktoru Anar Məmmədovun işi üzrə çıxış edib. Təqsirləndirilən jurnalistə bəraət verilməsini istəyən vəkil deyib ki, ona verilən dövlət əleyhinə çağırışlar, vəzifə saxtakarlığı və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları əsassızdır:

"O yazılarda dövlət əleyhinə açıq çağırış, qanunsuz əmələ sövqetmə yoxdur. İttihamda yer alan iki məqalənin biri başqa agentlikdə yayımlanıb. KİV haqqında qanuna görə, başqa media orqanında yayılan və təkzib olunmayan məqaləyə görə onu yenidən dərc edən məsuliyyət daşımır".

Vəkil jurnalistin Gəncənin sabiq icra başçısı Elmar Vəliyevin güllələnməsi barədə yazılara görə cinayət məsuliyyətinə cəlb olunmasını ifadə azadlığının pozuntusu kimi qiymətləndirib.

Oxunmayan məqalə necə həyəcanlandıra bilər?

O, Avropa Məhkəməsinin qərarlarını yada salaraq, ictimai maraq kəsb edən məsələlərdə ifadə azadlığının əhatə dairəsini daha da geniş olduğunu vurğulayıb:

"İttihamda yazılıb ki, guya Anar Məmmədov "istintaq orqanının əməlinə kölgə salıb". Kölgə salmaq nə deməkdir? Guya o məqalələr bir neçə nəfəri həyəcanlandırıb. Sayt bloklanandan sonra o qadınlar necə oxuyub həyəcanlanıblar? Heç məqalələrin məzmununu da deyə bilmədilər".

Elçin Sadıqov yazılarda dövlət əleyhinə çağırış olduğunu iddia edən ekspert rəyinin də sübutlar siyahısından çıxarılmasını, Anar Məmmədova bəraət verilməsini istəyib.

Martın 18-də jurnalist məhkəmədə son sözünü deyəcək, ardınca hökm oxunacaq.

Xatırlatma

Baş Prokurorluq Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı 2018-ci il iyulun 3-də törədilmiş sui-qəsdlə əlaqədar bəzi informasiya resursları haqqında hüquqi tədbirlərin görüldüyünü bildirmişdi.

Cinayət Məcəlləsinin 214-2-ci (terrorçuluğa açıq çağırışlar), 281.1-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 313-cü (vəzifəli şəxsin informasiya resurslarına bilə-bilə yalan məlumatlar daxil etməsi) maddələri ilə cinayət işi başlandığı vurğulanırdı.

İyulun 12-də Anar Məmmədovun xanımı və qayınatası da Bakı Şəhər Prokurorluğunda dindirilmişdi. Bundan sonra ölkə daxilində bir neçə sayta, o cümlədən “Criminal.az” saytına girişə məhdudiyyət qoyulmuşdu.

Dekabrın 12-də Anar Məmmədov haqqında açılmış cinayət işinin istintaqı başa çatıb. Anar Məmmədov Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309.2 (vəzifə səlahiyyətlərini aşma) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.

Prokuror ona 5 il 6 ay şərti cəza verilməsini istəyib.

Anar Məmmədov ittihamları rədd edir. Bildirir ki, rəhbərlik etdiyi saytdakı yazılarda dövlət əleyhinə çağırışlardan söhbət gedə bilməz, obyektiv yazılarına görə sifarişlə təzyiqlərə məruz qalır.

Günün bütün mövzuları

XS
SM
MD
LG