Keçid linkləri

Təcili xəbərlər
2019, 24 Aprel, çərşənbə, Bakı vaxtı 13:51

Özbəkistanda yüksək qonorarın cəzası varmış


Özbəkistanın tanınmış müğənnisi Ozodbek Nazarbekov pambıq yığımında

Özbəkistanın estrada ulduzları “ürəklərinin səsini dinləyərək, ölkədə gerçəkləşdirilən islahatlara öz töhfələrini vermək və təmiz qəlblə” iki obyektin tikintisini maliyyələşdirmək qərarına gəliblər.

Məşhur özbək müğənniləri paytaxt Daşkənddə yaşayış binaları və metropoliten tikintisini maliyyələşdirmək niyyətindədirlər. Bu haqda AzadlıqRadiosu-nun özbək xidmətinə Mədəniyyət və İdman Nazirliyindəki qaynaqlar xəbər veriblər.

Qaynağınsözlərinə görə, özbək estradasının ulduzları “ürəklərinin səsini dinləyərək, ölkədə gerçəkləşdirilən islahatlara öz töhfələrini vermək və təmiz qəlblə” iki obyektin tikintisini maliyyələşdirmək qərarına gəliblər.

Özbəkistanın yeni prezidenti Shavkat Mirziyaev Daşkənddəki taxta daxmaların sökülüb, yerində çoxmərtəbəli binaların tikilməsini gündəmə gətirib. O, yeni binaların inşa ediləcəyi “Sputnik” yaşayış massivinə eyniadlı metro xəttinin çəkilməsinin tezləşdirilməsini də gərək bilib.

“Tank bağışlamaq” ənənəsi

Müğənni Yulduz Usmonova pambıq yığımında, 2014
Müğənni Yulduz Usmonova pambıq yığımında, 2014

“Bu tikinti xeyli xərc tələb edir, ancaq xalqa da böyük faydası dəyəcək. Sənət adamlarıyla görüşdə yaşlı sənətkarlardan biri çıxış edərək ölkədə əvvəllər də bu cür ənənələrin olduğunu xatırladıb. Çıxışçı danışıb ki, “Tamara xanım (məşhur özbək rəqqasəsi, müğənnisi, aktrisa və xoreoqraf ) vaxtilə öz puluna tank alaraq orduya hədiyyə edib. Bundan başqa məşhur özbək müğənnisi Komiljon Otoniyazov körpü tikintisinə pul verib”, - nazirlikdəki qaynağın sözləridir. Onun fikrincə, bu gün də imkanlı, varlı sənət adamlarının bu ənənəni davam etdirməsi çox yaxşı olardı.

Radionun nazirlikdəki başqa qaynağının sözlərinə görə, sənət adamlarıyla həmin görüşdə estrada ulduzları Ozodbek Nazarbekov, Yulduz Usmanova, Rayhon Ganieva və Gulsanam Mamazaitova yaşayış binaları və metro stansiyasının tikintisinə yardım etmək arzularını dilə gətiriblər. Amma o, kimin nə qədər yardım edəcəyini açıqlamayıb:

Ozodbek Nazarbekov
Ozodbek Nazarbekov

“Yaxşı olardı ki, biz indi həmin məbləği açıqlamayaq, çünki xeyirxah əməldir. Belə məsəl var ki, sağ əlin verdiyini sol əl bilməməlidir”.

İstək, yoxsa məcburiyyət?

Amma bir neçə gündür ölkədə söhbət gəzir ki, müğənniləri tikinti obyektlərinə sponsorluğa vadar ediblər. Radionun reportyoru deyir ki, Daşkənddə prezident Mirziyaevin müğənniləri cəzalandırmaq istəməsi haqda xəbərlər yayılıb:


“Artıq bir neçə gündür ki, bizim məhəllədəkilər, tanışlar, hətta dövlət müəssisələrində işləyənlər danışırlar ki, guya prezident öz adamları vasitəsilə dörd müğənnidən -Ozodbek Nazarbekov, Yulduz Usmanova, Rayhon Ganieva və Gulsanam Mamazaitovadan toya getmələrini xahiş edib. Nazarbekovun inzibatçısı telefonda cavab verib ki, Oozdbekin toya getməsi 6 min dollara, Yulduzun iştirakı 10 min dollara başa gələcək. Bu da Mirziyaevi hiddətləndirib. O, Ozodbeki yanına çağırararq soruşub ki, niyə prezidentin adamlarıyla özü yox, inzibatçısı danışıb? Ardınca prezident artistlərdən yaşayış binaları və metro stansiyasının tikitisinə pul ayırmalarını tələb edib. Deyirlər ki, od olmayan yerdən tüstü çıxmaz”.

Müğənni Rayhon Ganieva prezident seçkilərində səs verərkən
Müğənni Rayhon Ganieva prezident seçkilərində səs verərkən

Məşhur müğənniylə “suçsayımı”

Radionun “Uzbeknavo” estrada birliyindəki qaynağı isə deyib ki, məmurlar sənətçiləri toylarda iştiraklarına görə böyük məbləğdə qonorar almaqda məzəmmət ediblər. Hətta deyilənə görə, sıravi bir özbək Mirziyaevə toydan sonra boğazacan xərcə düşdüyünü yazandan sonra hakimiyyət yetkililəri məşhur müğənnilərin qonorar məsələsinə göz qoymaq qərarına gəliblər:

“Məşhur oxuyanlardan biri toyda kiçik çıxışına görə bir nəfərdən 10 min dollar istəyib. Toy sahibi həmin məbləği tanışlardan borc alaraq ödəyib. Amma bundan sonra borcunu qaytara bilməyib, az qalıb evi də əldən çıxsın. Onun prezidentə yazdıqlarından sonra “suçsayımı” başlanıb. Həmin müğənnini yaxşıca “süründürüblər”. Bundan sonra bütün müğənnilərə insanlarla belə davranışın yolverilməzliyi bildirilib”.

Qaynaq əmindir ki, məhz həmin olaydan sonra müğənnilərdən günahlarını yumaq məqsədilə yaşayış və metro tikintilərini maliyyələşdirmək tələb olunub.

Özbəkistanda müğənnilər dövlət tədbirlərində, hətta pambıqçılar qarşısında çıxışlarda pulsuz oxumağa məcbur edilirlər.

İslam Kərimovun qızı Gulnara Karimova ,"Hurriyet", 9 dekabr 2013
İslam Kərimovun qızı Gulnara Karimova ,"Hurriyet", 9 dekabr 2013

İmkanlı özbəklərin hər hansı tədbiri maliyyəşdiməyə məcbur edilməsi praktikası ölkənin mərhum prezidentinin qızı Gulnara Karimovadan gəlir.Özbəkistan qanunlarına görə, sahibkarları xeyriyyəçiliyə və başqa tədbirlərə vadar edənlər bir ildən 3 ilədək azadlıqdan məhrum edilə bilərlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG