Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:13

Özbəkistanda keçmiş daxili işlər naziri saxlanıb


Özbəkistanın keçmiş daxili işlər naziri Adham Ahmadboyev saxlanıb
Özbəkistanın keçmiş daxili işlər naziri Adham Ahmadboyev saxlanıb

Özbəkistanın iki hüquq-mühafizə rəsmisinin dediyinə görə, ölkənin keçmiş daxili işlər naziri həbs olunub. Ona qarşı hansı ittihamların irəli sürüldüyü barədə məlumat verilməyib.

2017-ci ilin yanvarında prezident Şavkat Mirziyoyev tərəfindən vəzifəsindən azad olunanadək üç il daxili işlər naziri işləmiş Adham Ahmadboyev yanvarın 26-da təhlükəsizlik xidmətləri tərəfindən saxlanıb.

Bu barədə məlumatı verən rəsmi adının çəkilməməsi şərtilə bildirib ki, onun bu saxlanma barədə açıqlama vermək ixtiyarı yoxdur.

Həmin rəsmi AzadlıqRadiosuna deyib ki, 52 yaşlı Ahmadboyev daxili işlər nazirinin və baş prokurorun göstərişi ilə DİN-in təcridxanasında saxlanır.

Rəsmi bunu da bildirib ki, keçmiş nazir Daşkəndin Beşağac rayonundakı mənzilində həbs olunarkən qollarına qandal vurulub.

Dekabrın 22-də parlament qarşısında etdiyi çıxışda Mirziyoyev Ahmadboyevi “xəyanətkar” adlandırmışdı.

Mirziyoyev heç bir təfərrüata varmadan demişdi: “Mən belə bir faktı qəbul edə bilmərəm ki, o Özbəkistan naziri ola-ola xəyanətkara çevrilərək bir qrupa qoşulub”.

Mirziyoyev İslam Karimovun ölümündən sonra prezident seçilməsinin ardınca Ahmadboyevi nazir vəzifəsindən azad edərək 2017-ci ilin yanvarında onu prezident müşaviri vəzifəsinə təyin etmişdi.

Üç ay sonra Ahmadboyev prezident müşaviri vəzifəsindən çıxarılmış və Daxili İşlər Nazirliyinin Daşkənddəki akademiyasında təlimatçı olmuşdu.

Dekabrın sonlarında medianın verdiyi xəbərlərə görə Ahmadboyev pensiyaya çıxmışdı. Lakin onun yaxınları AzadlıqRadiosuna demişdilər ki, keçmiş nazir bütün rütbələrindən məhrum edilib və ev məhbusudur.

Ahmadboyev daxili işlər naziri vəzifəsinə İslam Karimov tərəfindən 2013-cü ilin dekabrında təyin edilmiş və bir il sonra ona general-leytenant rütbəsi verilmişdi.

XS
SM
MD
LG