Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 00:47

Günə neçə saatdan çox oturmaq olmaz? [beynəlxalq araşdırma]


Ən yaxşı təklif hər yarım saatdan bir durub hərəkət etməkdir. Shutterstock
Ən yaxşı təklif hər yarım saatdan bir durub hərəkət etməkdir. Shutterstock

Hər yarım saatdan bir hərəkət eləmək sağlamlıqdan ötrü vacibdir. Nə qədər idman eləməyin də məsələyə dəxli yoxdur, uzun müddət oturmaq erkən ölüm üçün risk faktoru sayılır.

Bunu bu həftə “Annals of Internal Medicine” tibb dərgisində dərc olunmuş yeni araşdırma üzə çıxarıb. Araşdırma haqda “CNN” yazır.

Tədqiqatçılar 8 min nəfər üzərində aparılmış araşdırma əsasında aşkarlayıblar ki, oturmağa sərf olunan vaxtla erkən ölüm arasında birbaşa əlaqə var. Oturma müddətin artdıqca, erkən ölümə daha çox yaxınlaşırsan.

Buna da bax:​ Azərbaycanda uşaqlar arasında piylənmə artır

BEŞ DƏQİQƏ GƏZMƏK

“Az oturun, çox gəzin”, elə Amerika Ürək Assosiasiyası da hamını buna həvəsləndirir. Ancaq son araşdırmanın aparıcı müəllifi Keith Diaz bu sadə yanaşmanı yetərli saymır, deyir, idman hərəkətləri üçün təlimat olduğu kimi, oturmaq qaydaları da olmalıdır.

“Məsələn, daha dəqiq təlimat belə ola bilərdi ki, hər 30 dəqiqədən bir qalxıb iti addımlarla beş dəqiqə yürüyün, bununla oturmaq sayəsində qazandığınız ürək risklərini azaltmış olarsınız”, – o deyib.

Tədqiqat müəllifləri aşkarlayıblar ki, oyaq qaldığımız 16 saatın ortalama 12,3 saatını oturaq vəziyyətdə keçiririk. “Yaşlandıqca fiziki və zehni funksiyamız azalır və daha çox otururuq”, – Diaz deyir.

Buna da bax: ​ Alkoqolun zərərini idmanla aradan qaldırmaq olarmı?

Daha öncəki araşdırmalar günə ortalama 9-10 saat oturduğumuzu üzə çıxarmışdı. Son tədqiqatda bunun artıq olmasının səbəbi bu dəfə orta və daha yaşlı əhalinin həyat tərzinin öyrənilməsidir.

GÜNƏ 11 SAATDAN AZ OTURMAQ

“Günə 13 saatdan çox oturanlar 11 saatdan az oturanlardan 2 dəfə (yaxud 200%) artıq ölüm riskiylə üzləşirlər”, – Diaz bildirir.

İstənilən halda, 30 dəqiqədən az olmaqla, fasilələrlə oturanlar, 30 dəqiqədən çox müddətə oturanlardan 55% artıq az ölüm riskiylə üzləşirlər.

Bir dəfəyə 90 dəqiqədən çox oturanların ölüm riski isə iki dəfə çox olur.

Buna da bax:​ Dünyada ucaboylar, Azərbaycanda bəstəboylar artır

“Stolüstü işlər” görənlərə, məsələn, ayaqüstü stol faydalı olarmı? Diaz-ın fikrincə, “ayaqda durmağın oturmağa alternativ olduğunu söyləməyə yetərincə sübut yoxdur”.

“İşiniz, yaxud həyat üslubunuz elədir ki, uzunmüddətli oturmalı olursuz? Ən yaxşı təklif hər yarım saatdan bir durub hərəkət etməkdir. Tədqiqatımızla demək istəyirik ki, belə davranış ölüm riskinizi azalda bilər”, – Diaz söyləyir.

XS
SM
MD
LG