Keçid linkləri

2017, 18 Oktyabr, çərşənbə, Bakı vaxtı 13:36

Rusiya Gürcüstandan qopmuş Osetiyanı özünə ‘inteqrasiya’ edir?


Separatçı Cənubi Osetiyanın əsgərləri andiçmə mərasimində. İyul, 2015-ci il

Rusiya prezidenti Vladimir Putin hökumətə Gürcüstandan qopmuş separatçı Cənubi Osetiya ordusunun Rusiya Silahlı Qüvvələrinə “inteqrasiyasına” dair sazişin yekunlaşdırılmasını tapşırıb.

Bu sərəncamdan bir gün əvvəl, martın 14-də Kreml Cənubi Osetiya separatçılarına Rusiya silahlı qüvvələrində müqavilə ilə xidmət keçmək imkanı verən razılaşmanın layihəsini dərc edib.

Rəsmi Tbilisi Moskvanın bu addımlarını dərhal pisləyərək bildirib ki, Rusiya ilə Cənubi Osetiyanın de facto rəhbərliyi arasında hər hansı razılaşma qeyri-legitim sayılır.

Gürcüstanın xarici işlər naziri Mixeil Canelidze deyib ki, “bu cür addımlar sülh prosesinə vəmünaqişənin dinc yolla çözümünə kömək etmir.

Rusiya artıq uzun illərdir ki, Cənubi Osetiyaya de facto nəzarət edir. Lakin Moskva indiyədək Gürcüstandan qopmuş bu ərazi ilə müstəqil dövlət kimi davranırdı.

Sözü gedən razılaşmanın layihəsindən belə görünür ki, separatçılar öz orduları üçün “yeni əməliyyat prosedurlarına” keçəcəklər. Bu prosedurlar rəsmən Moskvada təsdiq olunmalı olacaq.

Layihədə açıq mətnlə bildirilir ki, sözü gedən silahlı birləşmələrin struktur və vəzifələri Rusiya ilə ayrıca müqavilədə əksini tapacaq.

Layihədə bu da qeyd olunur ki, Cənubi Osetiyanın hərbi kontingenti Rusiya əsgərləri kimi xidmət keçmək üçün regiondakı Rusiya hərbi bazasına keçirilə bilər.

Kremlin Putin tərəfindən imzalanmış sərəncamında Rusiyanın müdafiə və xarici işlər nazirlərinə tapşırılır ki, sazişi yekinlaşdıraraq separatçılarla birgə imzalasınlar.

Sovet İttifaqı çökdükdən sonra Cənubi Osetiya özünü Gürcüstandan müstəqil elan edib və 1991-1992-ci illərdə davam etmiş münaqişədə 2 min nəfər həlak olub.

2008-ci ildə Rusiya “Cənubi Osetiya xalqını Tbilsinin təcavüzündən qorumaq” adı ilə bölgəyə qoşun göndərərək Gürcüstanla müharibə edib.

Gürcüstan Rusiyanın müdaxiləsini işğal adlandırıb, Birləşmiş Ştatlar və Avropa İttifaqı isə bu qarşıdurmada Tbilisini dəstəkləyib.

2008-ci ildə baş vermis qısa müharibənin ardınca Rusiya Gürcüstanın iki muxtar bölgəsinin - Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıyıb.

Rusiya hər iki ərazidə minlərlə əsgəri qüvvə saxlayır.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG