Keçid linkləri

2025, 11 Fevral, çərşənbə axşamı, Bakı vaxtı 10:11

Pamukdan Venesiya çağırışı


Orxan Pamuk
Orxan Pamuk

Türkiyəli yazıçı, Nobel mükafatı laureatı Orxan Pamuk İtaliyanın ən nüfuzlu təhsil ocaqlarından biri olan Veneto Elm, Ədəbiyyat və İncəsənət İnstitutunun adından İtaliyanın Baş naziri Mario Draqiyə təcili çağırış məktubu yazıb. O, baş naziri Venesiyanı yüksəlməkdə olan dəniz səviyyəsindən xilas etməyə çağırıb.

Venesiya sakini kimi...

Pamuk öz çağırışında İtaliyanın su şəhəri olan Venesiyanın iqlim böhranı səbəbindən bu əsrin sonlarınadək su altında qala biləcəyi haqda xəbərdarlıq edib. Məktubda deyilir ki, geniş yayılmış inancın əksinə olaraq, Venesiya tez zamanda sular altında qalmayacaq və tədricən dağılacaq.

Məktubda daha sonra qlobal istiləşmə nəzarətə alınmazsa, iqlim dəyişikliyi nəticəsində meydana gələn ciddi humanitar və ekoloji fəlakətlərin daha da kəskinləşəcəyi vurğulanıb.

Pamuk öz məktubunda bir zamanlar Venesiyadakı Ka-Foskari Universitetində ədəbiyyatdan dərs dediyini, bu səbəbdən Draqiyə təkcə İstanbul deyil, həm də bir Venesiya sakini kimi müraciət etdiyini bildirib.

Qədim şəhərləri təmsil edən Venesiya

Müraciətində italyan yazıçısı İtalo Kalvinonun "Görünməz şəhərlər" (Le citta invisibili) kitabını xatırladan Orxan Pamuk bildirib ki, Venesiya dünyadakı bütün qədim şəhərləri təmsil edir.

"Bildiyiniz kimi, Venesiya haqda ən gözəl roman Kalvino tərəfindən yazılıb. Ancaq hadisələr hər yerdə baş verir. Venesiya Pekindir. Venesiya Bostondur. Venesiya Kiotodur, Venesiya Sankt-Peterburqdur, Venesiya Madriddir, Hamburqdur, Paris və İstanbuldur. Venesiyanı xilas etmək bütün bəşəriyyəti, bütün şəhərləri, Laqosu, Qahirəni, San-Paulunu, Nyu-Yorku və Honqkonqu xilas etməkdir. Çünki Sizin qəbul edəcəyiniz mühüm qərar təkcə Venesiyanı xilas etməyəcək. O, bütün bəşəriyyətə nümunə olacaq və biz anlayacağıq ki, şəhərlərimizi qoruyaraq mühafizə etməklə əslində yaddaşımızı, zəkamızı və kimliyimizi qorumuş oluruq", – Pamuk məktubda yazıb.

XS
SM
MD
LG