Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:39

Putin Rusiyanın ‘qurbanlıq qoyun’ seçildiyini deyir


ABŞ Dövlət katibi Mike Pompeo (solda) və NATO-nun baş katibi Jens Stoltenberg dekabrın 4-də, Brüsseldə keçirilən sammitdən əvvəl
ABŞ Dövlət katibi Mike Pompeo (solda) və NATO-nun baş katibi Jens Stoltenberg dekabrın 4-də, Brüsseldə keçirilən sammitdən əvvəl

Birləşmiş Ştatların silahlara nəzarət paktından çıxmaq planı “pis düşünülmüş” addımdır. Bunu Rusiya Prezidenti Vladimir Putin deyib. O xəbərdarlıq edib ki, Vaşinqton 1987-ci ildə imzalanmış Ortamənzilli Nüvə Silahları Sazişindən (INF) çıxarsa, Moskva da belə edəcək.

Putin dekabrın 5-də danışıb. Bir gün öncə isə ABŞ Dövlət katibi Mike Pompeo deyib ki, Moskva 60 gün ərzində sazişin şərtlərinə qayıtmazsa, Vaşinqton INF-dən çıxacaq.

Bu gün Rusiyanın Xarici İşlər Nazirliyi bildirib ki, Birləşmiş Ştatlardan sazişdən çıxmaq niyyəti barədə bildiriş alıb. Bildirişdə deyilir ki, Rusiya sazişin pozulmasını aradan qaldırmazsa, onu tərk edəcək.

Putin iddia edib ki, ABŞ sazişin iflasına görə Rusiyadan qurbanlıq qoyun kimi istifadə edir.

Vladimir Putin
Vladimir Putin

Bu pis düşünülmüş addıma görə kimisə günahlandırmağa çalışırlar”, – Moskvada jurnalistlərə danışan Putin əlavə edib ki, “bizim tərəfimizdən pozuntulara dair heç bir dəlil təqdim olunmayıb”.

Bizim cavabımız nə olacaq? Çox sadə: Biz də belə edəcəyik”, – Putin deyib.

XİN-in sözçüsü Maria Zakharova dekabrın 5-də jurnalistlərə söyləyib ki, Birləşmiş Ştatların rəsmi bildirişində Rusiya tərəfdən pozuntulara yol verildiyi iddia olunur, amma konkret dəlil göstərilmir.

Rusiya tərəfi dəfələrlə bildirib ki, bu, azından spekulyasiyadır. Bizə Amerikanın mövqeyini əsaslandıracaq heç bir dəlil təqdim olunmayıb”, – Zakharova bildirib.

***

ABŞ Rusiyaya 60 gün vaxt verir

ABŞ dövlət katibi Mike Pompeo deyir ki, əgər Moskva iki ay ərzində Soyuq Müharibə zamanı imzalanmış nüvə silahları müqaviləsinin şərtlərinə qayıtmazsa, Birləşmiş Ştatlar bu razılaşma üzrə öhdəliklərini ləğv edəcək.

Rusiyanı özünün “nüvə silahına nəzarət öhdəliklərində cığallıq etməkdə” günahlandıran Pompeo dekabrın 4-də Brüsseldə deyib ki, ABŞ-ın Moskva və Vaşinqton arasında 1987-ci ildə bağlanmış Ortamənzilli Nüvə Raketləri Müqaviləsindən (INF) çıxması üçün 6 aylıq xəbərdarlıq dövrü 60 gündən sonra başlanacaq.

Pompeo bu bəyanatı NATO müttəfiqləri üzrə həmkarlarının görüşündən sonra verib və deyib ki, indi bu müqaviləni saxlamaq məsuliyyəti tamamilə “Rusiyanın üzərinə düşür”.

Belçika paytaxtında keçirilən NATO xarici işlər nazirləri sammitinin iştirakçıları bildiriblər ki, Rusiya 1987-ci il müqaviləsini pozan raket sistemini “yaradıb və yerləşdirib”.

Onlar Moskva və Vaşinqton arasında bu müqavilənin pozulmasını “Avroatlantika təhlükəsizliyinə hədə” adlandırıblar:

"Biz Birləşmiş Ştatların Rusiyanın INF Müqaviləsini pozduğuna dair gəldiyi qənaəti güclü şəkildə dəstəkləyirik”.

NATO nazirləri Moskvanı “təcili və təftişi mümkün bir qaydada müqavilənin şərtlərinə riayət etməyə” çağırıblar.

Mətbuat konfransında danışan Pompeo deyib ki, Rusiya həm də Novator 9M729 kimi tanınan SSC-8 ballistik raketlərinin “çoxsaylı batalyonlarını” yaradıb və bu raketlərin vuruş dairəsi “Avropaya birbaşa təhlükə təşkil edir”.

1987-ci il müqaviləsi iki ölkəyə 500 kilometrdən 5000 kilometrədək uçan raketlərin istehsalını, saxlanması və yerləşdirilməsini qadağan edir.

ABŞ prezidenti Donald Trump oktyabrda Rusiyanın SSC-8 raketlərini yaratmaqla INF müqaviləsinin şərtlərini pozduğunu demişdi.

Rusiya bu iddiaları rədd edib və bildirib ki, əksinə, ABŞ-ın Avropada yerləşdirdiyi raket sistemlərinin bəzi komponentləri sözü gedən sazişin müddəalarına ziddir.

Vaşinqton bu iddianı rədd edir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG