Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 09:17

Dilçi: 'İndi müstəqil dövlətik, 'allah' sözünü böyük hərflə yazmalıyıq'


Nəsimi adına Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu
Nəsimi adına Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu

“Təklifdir vermişik. Qəbul olunar olunar, olunmaz da faciə deyil”. Nəsimi adına Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu bəzi sözlərin yazılışı ilə bağlı təkliflərdən danışarkən AzadlıqRadiosu-na belə deyir.

Milli Elmlər Akademiyasının Orfoqrafiya Komissiyası və Nəsimi adına Dilçilik İnstitutu Azərbaycan dilində bəzi sözlərin yazılışında düzəlişlər olunmasını təklif ediblər. Düzəlişlər birmənalı qarşılanmayıb.

Möhsün Nağısoylu deyir ki, hər bir yenilik narazılıqla qarşılanır, bu normaldır. Onun fikrincə, bu sahənin mütəxəssisləri, elm adamları dəyişiklikləri dəstəkləməlidirlər, çünki təkliflər “elmi əsaslara söykənir”.

– Bütün dünyada indi yazı ilə tələffüz arasındakı fərqi aradan qaldırmağa çalışırlar. Elmi şəkildə ifadə etsək, yazı qaydaları fonetik prinsiplərə əsaslanır, yəni tələffüzə üstünlük verilməlidir. Biz də tələffüzə üstünlük verərək bəzi sözlərin yazılışının fərqli variantını təqdim etmişik.

Buna da bax: Nizami Cəfərov: «Orfoqrafiya lüğətində prinsip pozulub»

– Bu prinsiplə yanaşılsa, danışıqda “alqı-satqı” deyilir, “alğı-satqı” yox.

– Bəs onda “çalğı” sözü necə olmalıdır?

– Amma artıq bu sözlər dilə oturub. Uzun illərdir bu şəkildə yazılır.

– Qarşımda 1975-ci ildə çap edilmiş “Azərbaycan dilinin orfoqrafiya lüğəti” var, orda 58-ci səhifədə “alğı-satqı” yazılır. Vaxtilə bir səhv olubsa, onu axıra qədər davam etdirməliyik? O lüğəti hazırlayanlar savadsız adamlar deyildi ki. Elmi prinsip var, əgər söz cingiltili samitlə bitirsə, məsələn, “çal” sözündəki kimi sonrakı hərf “ğ” olmalıdır, yox əgər kar samitlə bitirsə, “q” olmalıdır, məsələn, “satqı”, “asqı” sözündəki kimi. Bu, dilin qanunudur.

– Bu cür oturuşmuş sözlərin dəyişməsi qarışıqlıq yaratmayacaq?

– Cəmi bir sözdür də. O da indiyə qədər səhv yazılırdı. Prinsipi izah etdim. Belə yazmasaq, onda prinsipsizlik yaranar.

Buna da bax: «Devalvasiya» sözü olduğu kimi qalacaq

– Söhbətin əvvəlində dediniz ki, dünyada sözlərin yazılışı ilə tələffüzü arasındakı fərqi aradan qaldırmağa çalışırlar.

– Məsələn, türklərdə sözlər tələffüzə uyğun yazılır. Onlar bizim qoşa “y” ilə yazdığımız sözləri bir “y” ilə yazırlar. Məsələn, “ədəbiyyat” yox, “ədəbiyat”, “mədəniyyət” yox, “mədəniyət” və s. Farsların özləri də bu sözləri bir “y” ilə yazırlar. Təklifdir etmişik, qəbul olunar olunar, olunmaz da nə olar.

– “Əsgər”, “İsgəndər” sözləri də deyilişdə və yazılışda “g” ilə deyilir və yazılır, ancaq siz təklif edirsiniz “k” ilə əvəzlənsin.

– Bu da təklifdir. Biz istəyirik ki, türk xalqları üçün ortaq imla qaydaları yaradaq. 1926-cı ildə Bakıda birinci türkoloji qurultay keçirilib. Orda vahid əlifba qaydası hazırlanıb, bundan sonra SSRİ-dəki bütün türklər vahid əlifbadan istifadə ediblər. Amma sonradan sovetlər görüblər ki, bu əlifba türklərı yaxınlaşdırır, dərhal kirilə keçiriblər, özü də hər biri üçün fərqli prinsip əsasında əlifbalar yaradıblar. Dünyada inteqrasiya gedir, türklər də inteqrasiya edir, niyə türklər arasında iqtisadi əlaqələr kimi mədəni birləşmə də olmasın? Bütün türklər “əskər”, “İskəndər” yazır, həm də “İsgəndər”in “g” ilə yazılması gülüncdür, çünki kökü “k”-dir. Bu da təklifdir, qəbul olunar olunar, amma faciə yoxdur. Bu təkliflər ictimai müzakirəyə çıxarılacaq. Daha sonra Orfoqrafiya Komissiyasında baxılacaq, ağlabatanı, məqsədəuyğun olanı saxlayacağıq. Yenə də son sözü Nazirlər Kabineti deyəcək.

Buna da bax: Orfoqrafiya lüğətinin yarısı səhv imiş

– “Allah” sözünün bundan sonra böyük hərflə yazılması təklif olunur. Amma filosof Ağalar Məmmədov deyir ki, “allah” yazanda varlığı-yoxluğu müzakirəyə çevrilən varlıqdan danışırıq, amma “Allah” yazanda bu, doqmaya çevrilir. Ona görə də hesab edir ki, bu söz ancaq dini kitablarda böyük hərflə yazılmalıdır. Sizin cavabınız nə olardı ona?

– Hər halda, bütün dünyada yaradanın adı, müqəddəs şəxslərin, müqəddəs kitabların adı böyük hərflə yazılır. Bu, müstəqilliyin bizə verdiyi nemətdir, ondan istifadə etməliyik. Sovet dövründə bu sözü kiçik hərflə yazırdıq. Allahsızlar dövrü idi. Amma indi müstəqil dövlətik, ona görə böyük hərflə yazmalıyıq, bu, məqsədəuyğundur. Özüm allaha inananam, bu sözü də böyük hərflə yazıram, onun qüdrətinə inanıram.

Buna da bax: Özü səhvlərlə dolu lüğət

– Yəni ateistlər kiçik hərflə də yaza bilərlər?

– Bəli, o da onların haqqıdır. Fikir ayrılığı ola bilər. Xüsusən də yenilik gətirən məsələdə.

Fəxri Uğurlu: “Bunu Elçibəy təklif etmişdi, deyəsən”

Yazıçı Fəxri Uğurlu
Yazıçı Fəxri Uğurlu

Yazıçı Fəxri Uğurlu deyir ki, vaxtilə onun redaktoru olduğu “Rezonans”, “İntibah” qəzetlərində “riyaziyyat”, “məşğuliyyət” kimi sözlər bir “y” ilə yazılıb. O bu təklifin tərəfdarıdır.

“Bu, çoxdan olmalı idi. Biz bunu qəzetdə hələ o zaman 1990-cı illərin sonunda, 2000-ci illərin əvvəlində etmişdik. Amma o zaman heç kim buna əhəmiyyət vermədi. Hətta o zamanlar çıxan ‘Cümhuriyət’ qəzeti də bir ‘y’ ilə yazılırdı. Səhv etmirəmsə, bunu Əbülfəz Elçibəy təklif etmişdi. Biz ‘ədəbiyat’ deyirik də, ‘ədəbiyyat’ demirik ki”, – söyləyən Fəxri Uğurlu hesab edir ki, bu sahədə “fundamental islahatlar”a ehtiyac var, amma yenə də bu işi “mütəxəssislərin işi” sayaraq meydanı onlara buraxır.

Buna da bax: Bu sözlər Azərbaycan dilinə daxil edilə bilər [Siyahı]

Qulu Məhərrəmli: “Mədəniyyət sözündə iki “y”-nin kimə ziyanı var?”

“Bu gün orfoqrafiyada aparılan dəyişikliklər günün vəzifəsi deyil”, – jurnalist, filologiya elmləri doktoru Qulu Məhərrəmli dəyişikliklər haqda danışarkən belə deyir. Onun sözlərinə görə, son illər Azərbaycanda ard-arda bir neçə orfoqrafiya lüğəti buraxılıb və hər dəfə bir-birini inkar edən düzəlişlər edilib:

“2010-cu ildə yazırdıq ‘metafora’, 2014-cü ildə ‘metafor’ yazdıq. İndi təklif edilir ki, yenidən ‘metafora’ olsun. Bu cür dəyişikliklər dilə nə verir? İngilis və ya fransız dilində bir neçə hərf birləşib bir səs yaradır və ya bəzi dillərdə son hərflər oxunmur. İndi onlar həmin hərfləri götürsünlər? Dil sabitliyi, qaydaları, prinsipləri sevir. Bu məsələlər çox həssaslıqla müzakirə edilməlidir”.

Qulu Məhərrəmli
Qulu Məhərrəmli

Qulu Məhərrəmli sual edir: “Məsələn, ‘mədəniyyət’ sözünü iki ‘y’ ilə yazmağın kimə nə ziyanı var? Və ya ‘cümhuriyyət; sözünü? Hesab edirəm ki, bu gün bu sözləri dəyişdirməyin, bu məqsədlə diskussiya açmağın mənası yoxdur. Məsələn, təklif edirlər ki, ‘əsgər’ sözü ‘əskər’, ‘əsginas’ sözü ‘əskinas’, ‘İsgəndər’ ‘İskəndər’ kimi yazılsın. Bəlkə də burda bir qanunauyğun, ağlabatan nüanslar var. Amma artıq bu sözlər dilin yaddaşına oturub, möhkəmlənib, sabitləşib”.

Buna da bax: Yeni orfoqrafiya lüğətində nələr dəyişəcək?

AzadlıqRadiosu-nun müsahibi sözügedən sözlərin mənbə dildə bu şəkildə yazılması haqda arqumenti də qəbul etmir. O deyir ki, mənbə dildə həmin sözlərin böyük əksəriyyəti fərqli şəkildə yazılır^ “Yaxşı, tutalım, ərəb, fars dillərindən bu sözləri götürüb olduğu kimi yazdıq, bəs latın, ingilis, başqa Avropa dillərindən alınan sözləri necə yazaq? O sözlər mənbədə necə yazılır? Ona görə mənbə dili bəhanə edib o sözlərin yazılışını dəyişmək olmaz”.

O hesab edir ki, dildə vahid qaydalar, sistem yaradılmalı, problem bu şəkildə kökündən həll edilməlidir. Qulu Məhərrəmli bu məqsədlə də prezidentin 2013-cü ildə imzaladığı “Dövlət dilinin qloballaşma dövründə işlənməsi ilə bağlı proqram”da qoyulan bir sıra problemlərin həllini daha vacib sayır. “Biz bilməliyik ki, ‘ə’ səsini ingiliscəyə çevirəndə necə olacaq, almancadakı hərf birləşmələrini necə yazmalıyıq. Alınma sözlərin yazılışı və tələffüzü ilə bağlı problemlər həll edilməlidir. Bax, bunlar həll olunmasa, orfoqrafiyada sözlərin yazılışı ilə bağlı problemlər yenə qalacaq. Bu dəyişiklikləri də çox aktual saymıram. Dilçilik İnstitutu bir az strateji məsələlərlə məşğul olmalıdır”, – deyə o, söhbətə son qoyur.

Buna da bax:

Orfoqrafiya lüğətinin müəllifləri sözlərin niyə səhv yazıldığını izah edirlər
Gözlə

No media source currently available

0:00 0:03:49 0:00

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG