Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:44

'Orduxan Temirxanın Azərbaycana ekstradisiyası mümkünsüzdür'


Orduxan deyir ki, Azərbaycan hakimiyyəti onu öldürmək istəyir
Gözlə

No media source currently available

0:00 0:02:14 0:00

Orduxan deyir ki, Azərbaycan hakimiyyəti onu öldürmək istəyir

Ötən həftə Azərbaycan hüquq-mühafizə orqanlarının barəsində həbs-qətimkan tədbiri çıxardığı, axtarışa verdiyi Orduxan Temirxanı Niderland hökuməti təhvil verəcəkmi? Hüquqi baxımdan onun həbsi və Azərbaycana ekstradisiyası nə qədər realdır? AzadlıqRadiosu bu suallara cavab axtarıb.

O, Hollandiya vətəndaşıdır

«Orduxan Temirxan Azərbaycan Respublikasının vətəndaşı deyil, Hollandiya vətəndaşıdır. Həm BMT-nin, həm Avropanın vətəndaşlıqla bağlı müəyyən etdiyi normalara görə, həm də Hollandiyanın vətəndaşlıq haqqında qanunvericiliyinə görə, bu ölkə öz vətəndaşını qova və ya başqa ölkəyə verə bilməz», – «Azərbaycan Miqrasiya Mərkəzi» İctimai Birliyinin keçmiş rəhbəri, Avropada yaşayan Əlövsət Əliyev deyir.

Bundan başqa, Ə.Əliyev qeyd edir ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası da O.Temirxanın - vətəndaşlıq mənsubiyyətindən asılı olmayaraq - Azərbaycana verilməsini qadağan edir. Həmin Konvensiyanın 3-cü maddəsində deyilir ki, heç kəs işgəncəyə, qeyri-insani, ləyaqəti alçaldan rəftara, cəzaya məruz qalmamalıdır.

«Aydın məsələdir ki, Orduxan bəy Azərbaycana verilərsə, bu sənədin 3-cü maddəsində nəzərdə tutulan işgəncəyə, qeyri-insani, ləyaqəti alçaldan rəftara məruz qalacaq», – miqrasiya məsələləri üzrə ekspert əlavə edir.

Yenə həmin Konvensiyanın 5-ci maddəsinin tələbinə söykənən Ə.Əliyev deyir ki, şəxs haqqında məhkəmənin qərarı qanuni olmalıdır: «Amma inanmıram ki, Azərbaycan məhkəməsi Hollandiya dövlətinə Orduxan Temirxanın həbsi haqqında çıxardığı qərarın qanuni olmasını sübut edə bilsin».

Ekspert daha bir məqama toxunur – Konvensiyanın 6-cı maddəsində ədalətli məhkəmə araşdırması hüququndan söhbət gedir: «Hər kəsə bəllidir ki, Azərbaycan Respublikasında hakimiyyətin tənqidçilərinə münasibətdə ədalətli məhkəmə araşdırması mümkün deyil. Ona görə Konvensiyanın 6-cı maddəsi də Orduxan Temirxanın Azərbaycana verilməsini mümkünsüz edir. Oxşar situasiyalarla bağlı Avropa İnsan Haqları Məhkəməsinin çoxsaylı qərarları var».

Ə.Əliyev
Ə.Əliyev

«Səmərəli hüquqi müdafiəsi mümkün deyil deyə»

Nəhayət, Əliyev Avropa İnsan Haqları Konvensiyasının 10-cu maddəsini xatırladır: hər kəsin fikrini ifadə etmək hüququ. Bu hüquqa öz rəyində qalmaq azadlığı, dövlət-hakimiyyət orqanlarının maneəsi olmadan məlumat almaq və yaymaq azadlığının daxil olduğunu da qeyd edir. Ə.Əliyev deyir ki, bu maddəyə görə, O.Temirxan harada yaşamasından asılı olmadan Azərbaycanda aparılan siyasəti tənqid etmək hüququna, azadlığına sahibdir. Və Konvensiyanın 13-cü maddəsi də belə hallarda şəxslərin ölkəyə qaytarılmasını qadağan edir: «Hətta həmin sənədin 13-cü maddəsinə görə, Konvensiyada nəzərdə tutulan hüququ və azadlıqları pozulan hər kəs dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malik olmalıdır. Amma Azərbaycanda səmərəli hüquq vasitələrindən istifadə mümkünsüzdür. Orduxan bəy Azərbaycana ekstradisiya edilərsə, ona səmərəli hüquqi vasitələrdən yararlanmaq, müdafiəsini təmin etmək real görünmür. Bununla bağlı AİHM-nin qərarları da var. Təcrübə göstərir ki, bu cür şəxslərin Azərbaycana verilməsi mümkünsüzdür. Bu, insan hüquq və azadlıqları ilə bağlı Konvensiyanın pozulmasıdır».

Bütün bu səbəblərə görə Ə.Əliyev Niderland hökumətinin O.Temirxanı həbs edəcəyini və Azərbaycana verəcəyini düşünmür: «Hollandiya buna getməyəcək».

Fikrət Hüseynli: «İnterpol qırmızı xətlə axtarışda olanların kimliyini sirr saxlayır»

Avropada yaşayan siyasi mühacirlərdən biri, jurnalist Fikrət Hüseynlinin bu məsələdə diqqətini cəlb edən başqa nüansdır. Onun dediyinə görə, Azərbaycan hüquq-mühafizə orqanları kimisə həbs etmək istəyəndə, adətən, bunu bəri başdan açıqlamırlar: «Məsələn, Əlövsət Əliyevi 2016-cı ilin aprelində Ukraynada həbs etmək istəyəndə bunu açıqlamamışdılar. Eyni zamanda, mən 2017-ci ilin oktyabrında Ukraynada saxlanmazdan öncə də İnterpol tərəfindən axtarışda olduğum axıra qədər açıqlanmamışdı. O cümlədən işadamı Hüseyn Abdullayevin qırmızı xətlə axtarışda olduğu da deyilməmişdi. İnterpol qırmızı xətlə axtarışda olanların kimliyini Azərbaycan hakimiyyətinin sifarişi ilə sirr kimi saxlayır. Azərbaycan tərəfsə həbsdən sonra bacardığı qədər təcili ekstradisiyaya nail olmağa çalışır. Mən saxlanılan zaman bazar günü olmasına baxmayaraq, Rüstəm Usubovun imzası ilə Ukrayna Prokurorluğuna məktub gəlmişdi ki, tezliklə ekstradisiya olunum».

F.Hüseynli
F.Hüseynli

Buna görə də, F.Hüseynli O.Temirxanın həbsi və ekstradisiya məsələsində müəmma olduğunu düşünür. Onun sözlərinə görə, Azərbaycan hakimiyyəti onun təhvil verilməsi məqsədilə Hollandiya ilə aylarla danışıq aparıb və bu haqda o, rəsmi məlumatlandırılıb: «Niderland Krallığı isə bildirdi ki, sən bizim vətəndaşımız olduğun üçün Azərbaycana verilməyəcəksən. Bu ölkənin qanunlarına görə, onun vətəndaşı insanlıq əleyhinə cinayət törətməyibsə, kimisə öldürməyibsə, ekstradisiya olunacaq ölkədə həyatına təhlükə varsa, o, ikinci və ya üçüncü ölkəyə verilmir. Bu məsələdə Hollandiya həmişə dirənib və hüquqi baxımdan araşdırmanın Krallığın ərazisində aparılmalı olduğunu bildirib».

Bu səbəbdən də jurnalist də O.Temirxanın Azərbaycana verilməsini imkansız sayır.

Bəs Bakı niyə bu addımı atıb?

F.Hüseynli bloqqerin həbsi ilə bağlı qərarın KİV-ə sızdırılmasını mühacirləri qorxutmaq və ya siyasi mühacirlərlə bağlı səngimiş qalmaqalı yenidən alovlandırmaq cəhdi hesab edir. Onun iddiasına görə, Azərbaycan hakimiyyətində bəzi dairələr siyasi mühacir məsələsindən divident qazanırlar və şou yaradaraq İlham Əliyevə «biz səni qoruyuruq» mesajını verirlər.

Jurnalist bu qərarın Azərbaycanın beynəlxalq imicinə mənfi təsir göstərdiyini də əlavə edir.

Ə.Əliyevin gəldiyi qənaət budur ki, Azərbaycan hakimiyyətinin bu addımı, sadəcə, bloqqerlərin, Avropada yaşayan siyasi fəalların susdurulmasına hesablanıb və bu uğursuzdur, effekt verməyəcək.

Xatırlatma

Baş Prokurorluq Hollandiya vətəndaşı, videobloqqer Orduxan Temirxanı (Bəbirovu) axtarışa verib. O, Cinayət Məcəlləsinin 214-2 (terrorizmə açıq çağırış), 220.2 (kütləvi iğtişaşların təşkili), 281.2-ci (dövlətə qarşı açıq çağırışlar, dəfələrlə və ya qrupun tərkibində törədildikdə) maddələri ilə ittiham olunur.

Bu ittiham iyulda baş vermiş Gəncə hadisələri ilə əlaqələndirilir. O zaman Baş Prokurorluqla Dövlət Təhlükəsizliyi Xidməti bəyanat yaymışdı ki, terrora, dövlətin konstitusion quruluşunun dəyişdirilməsinə çağırış edənlərə qarşı cinayət işi başlanıb və həmin şəxslər haqqında ciddi tədbirlər görüləcək. Həmin hadisələr zamanı icra başçısı və polis əməkdaşı yaralanmış, bir həftə sonra Gəncədəki iğtişaşlarda iki yüksəkrütbəli polis əməkdaşı qətlə yetirilmişdi.

Adıçəkilən bloqqer sosial şəbəkələrdə Azərbaycan hökumətini kəskin tənqid etməklə məşhurdur.

O.Temirxan ötən il fevralın 18-dən başlayaraq Azərbaycanda yaşayan 12 nəfər yaxınının polisdə dindirilməyə aparıldığını deyib. Onların arasında onun bacıları, hətta ikiyaşlı uşağın da olduğu vurğulanırdı. Ancaq Daxili İşlər Nazirliyindən bu açıqlamaya hər hansı münasibət bildirilməmişdi. Sonradan polisə aparıldığı deyilən şəxslərdən ikisindən başqa, hamısının tezliklə sərbəst buraxıldığı bildirildi.

Ardınca Suraxanı Rayon Məhkəməsində bloqqerin qardaşı Xanlar Dadaşov və bacısı oğlu Səbuhi Zeynalovun 30 sutka inzibati həbsi haqda qərar çıxarılmışdı. Qərarda iddia olunurdu ki, S.Zeynalov və X.Dadaşov fevralın 19-da yaşadıqları evin qarşısında polis əməkdaşlarının qanuni əmrinə tabe olmadıqlarına görə cəzalandırılıblar. Onların vəkilləri ittihamın əsassız olduğunu düşünürlər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG