Macarıstanın Baş naziri Viktor Orbanın aparıcı müşaviri millətçi liderin bu yaxınlarda bir tədbirdə “aşkar irqçi” çıxışına görə istefa verdiyini deyir.
Qalmaqallı baş nazirin iyulun 23-də qonşu Rumıniyadakı çıxışı tənqidlərə səbəb olub. O, çıxışında “qatqısız macar irqi” haqda baxışını müdafiə edib, “qeyri-avropalılar”la qarışmağı tənqid edib.
“Seçimim qalmadı”
Orbanın çoxdankı dostu olan sosioloq Zsuzsa Hegedus məktubunda yazıb ki, “belə bir biabırçı mövqe tutan” biriylə müttəfiqliyə daha dözə bilmir.
“Mənim təməl dəyərlərimə qarşı olan belə bir nitqdən sonra seçimim qalmadı”, – deyən müşavir istefa verdiyini qeyd edib. Onun məktubu hvg.hu xəbər vebsaytında dərc edilib.
“Anlamıram, çıxışınızın Yozef Gebbelsə layiq təmiz nasist nitqi olduğunu necə hiss etməmisiz”, – yazan müşavir nasist Almaniyasında Adolf Hitlerin propaqanda nazirinin adını çəkib.
Millətçi Orban ölkədə getdikcə avtoritarlaşan idarəçiliyinə görə Aİ ilə tez-tez üz-üzə gəlir. Onun Rumıniyanın Transilvaniya regionundakı Baile Tusnad Yay Universitetində çıxışı Rusiyanın Ukraynana hücumunun təhlili ilə başlayıb. Həmin regionda böyük macar icması yaşayır.
Qalmaqallı siyasət
Sonradan yaranan polemikanı Beynəlxalq Oşvits Holokost Komitəsi “səfeh və təhlükəli” adlandırıb.
“Biz köçürük, başqa yerdə işləyirik, Avropa daxilində qaynayıb-qarışırıq. Ancaq qarışıq irq, “qeyri-avropalılar”la qarışan “multietnik” xalq olmaq istəmirik”, – Orban vurğulayıb.
Macarıstanın baş naziri indiyədək Afrikadan, Yaxın Şərqdən miqrantları, eləcə də onlara dəstək verən QHT-ləri hədəfə alıb, onların sığınacaq almaq hüququnu məhdudlaşdırıb, sərhədləri hasarlayıb.
Bu siyasət Avropa Ədalət Məhkəməsinin bir neçə töhmətilə nəticələnib, Avropa İttifaqının bəzi üzvlərini qəzəbləndirib.
Hegedus 2002-ci ildən Orbanla işləyib. O, maydan baş nazirin təmsilçisi idi, “sosial inteqrasiya, idarəçilik və sosial münaqişələrin həlli üzrə mövcud və gələcək strategiyaların hazırlanması məsələləri ilə bağlı müşavirlik” edirdi.