Keçid linkləri

2026, 15 Aprel, çərşənbə, Bakı vaxtı 02:12

Orban getdi, Avropanın işləri düzələcəkmi

"Tisa" partiyasının parlament seçkilərində qaləbəsindən bir gün sonra Peter Madyar Budapeştdə mətbuat konfransında.
"Tisa" partiyasının parlament seçkilərində qaləbəsindən bir gün sonra Peter Madyar Budapeştdə mətbuat konfransında.

Macarıstanda parlament seçkilərində müxalifət lideri Peter Madyar Viktor Orbanın 16 illik hakimiyyətinə son qoydu. Madyar seçkidən dərhal sonra deyib ki, vaxt itirmədən yeni hökumət formalaşdıracaq.

Brüssel də elə bunu gözləyirdi. Orban hökuməti Avropa İttifaqı (Aİ) ilə müxtəlif məsələlərdə düz gəlmirdi. Ən çox da Ukrayna və Rusiyaya sanksiyalar məsələsində. İndi Brüssel Budapeştin daha çox əməkdaşlıq edəcəyinə ümid edir.

Macarıstanda prezident seçkidən sonra 30 gün ərzində yeni parlamentin iclasını keçirməlidir. Deputatlar yeni baş naziri, o isə kabinetini seçməlidir.

Çoxları ümid edir ki, Orbanın yaratdığı əngəllər aradan qalxacaq. Amma belə bir narahatlıq da var ki, vaxtilə elə Orbana sadiq olmuş, korrupsiya məsələlərinə görə ondan ayrılmış Madyar heç də həmişə "sözə baxmayacaq". AzadlıqRadiosunun Avropa üzrə redaktoru Rikard Yozvyak bu haqda yazır.

Hər halda, Madyar Brüsseldə əsasən xarici siyasətə fokuslanmayacaq. Əsas məsələ Aİ-nin illərdir dondurduğu18 milyard avronun blokdan çıxarılması olacaq. Bu vəsait Orban dönəmində demokratik geriləmə səbəbindən dondurulub.

Macarıstanın ədliyyə sisteminin yenidən qurulması da Madyarın prioriteti olacaq, həm də bu məsələdə Polşanı yamsılamağa çalışacaq.

"Hökumətlə mümkün qədər tez işləməyə başlayacağıq… Macarıstan Avropa yoluna qayıdır, görüləsi iş çoxdur", – Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen deyib.

Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen və Macarıstanın baş naziri Viktor Orban Budapeştdə qeyri-rəsmi Aİ liderləri samitində.
Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen və Macarıstanın baş naziri Viktor Orban Budapeştdə qeyri-rəsmi Aİ liderləri samitində.

Əlverişli "günah keçisi"?

Amma Brüssel dəhlizlərində belə bir qorxu hissi də var – Orban hökumətinin vetoları çox vaxt fəaliyyətsizlik üçün əlverişli "günah keçisi" (bəhanə) idi.

AzadlıqRadiosuna anonimlik şərti ilə danışan Aİ rəsmiləri etiraf ediblər ki, bəzən digər üzv dövlətlər səssizcə Budapeştin arxasında gizlənirdi. Slovakiyanın baş naziri, Orbanın müttəfiqi Robert Fitso deyib ki, bir çox təşəbbüslərə vetonu davam etdirə bilər.

Ötən ilin dekabrında, Orban daxil, Aİ liderləri Ukraynaya 90 milyard avro kreditin ayrılmasına razılaşıblar. Ancaq Budapeşt sonradan bu addımı blokladı, Ukraynanın sovet dövründən qalan "Drujba" kəmərinin bərpası üçün yetərincə iş görmədiyini bildirdi. Kiyev kəmərin Rusiyanın dron zərbəsindən zədələndiyini, təmir olunduğunu deyir. Aİ kəmərin bərpası üçün pul, Ukraynaya briqada göndərməyi vəd edib.

Ancaq Rusiya nefti Macarıstana axmayınca, Madyar, yaxud bir neçə həftə daha hakimiyyətdə qalacaq Orbanın Kiyevə yarım paketinə yaşıl işıq yandırmayacağı dəqiqdir. Madyarın "Tisa" partiyasının Avropa Parlamentindəki təmsilçiləri ilin əvvəlində bu təklifin əleyhinə səs veriblər.

"Macarıstan daha sistematik vetolara əl atmayacaq, amma mövqeləri də əsaslı dəyişməyəcək", – Parisdəki Jak Delor İnstitutundan Klotilda Varin belə deyib.

Bir fakt da var – Madyar seçki kampaniyası vaxtı Rusiya enerjisindən istifadəni 2035-ci ildə dayandırmaqdan danışıb, Brüsselin istədiyi kimi, gələn il yox. Digər yandan, Hörmüz boğazının bloklanması enerji böhranını kürəkləyə bilər. Qiymətlərin artması isə Aİ-nin Rusiyaya qarşı 20-ci sanksiya paketini zəiflədə bilər. Bu paket Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsinin dördüncü ildönümü ərəfəsində təsdiqlənməli idi, amma Macarıstan ona veto qoydu.

Macarıstan baş naziri Viktor Orban Moskvada Rusiya lideri Vladimir Putinlə görüşərkən əl sıxır.
Macarıstan baş naziri Viktor Orban Moskvada Rusiya lideri Vladimir Putinlə görüşərkən əl sıxır.

Rusiya sanksiya gözləsinmi

R.Yozvyak yazır ki, Rusiyaya gələcəkdə mümkün sanksiya paketləri Madyar hökumətini sınağa çəkəcək. Məsələn, onlar Orban dövrünün vetolarına qarşı çıxacaqlarmı? Rusiya patriarxı Kirilin qara siyahıya salınması belə bir addım ola bilər. Yaxud İordan çayının Qərb sahilində zorakılıq tərədən israilli sakinlərə sanksiyalar, Gürcüstanın hakim "Gürcü Arzusu" partiyasının rəhbər şəxslərinə viza qadağaları – Budapeşt bütün bunlara veto qoyurdu.

Macarıstanın Ukrayna ilə münasibəti də mürəkkəbdir. Madyar açıq şəkildə bildirib ki, Orban hökuməti kimi, Moskva ilə sıx əlaqədə olmayacaq. Kiyevə gəlincə… Zelenski Madyarın qələbəsini alqışlayıb. Amma Orban ilə Zelenski seçki kampaniyası vaxtı söz davasına çıxanda Madyar öz həmvətəninin tərəfini saxlayaraq deyib ki, "heç bir xarici lider heç bir macarıstanlını təhdid edə bilməz".

Macarıstanda əhalinin çoxu Ukraynaya skeptik yanaşır. Rəy sorğularına görə, respondentlərin əksəriyyəti Ukraynanın Aİ üzvlüyünə, Kiyevə daha çox maliyyə yardımı göndərilməsinə qarşıdır.

Bütün bunları yaxşı anlayan Madyar seçkilərdən sonra Ukraynanı "müharibə qurbanı" adlandırıb. O, Zelenski ilə görüşərək "əlaqələri qaydaya salmaq" niyyətində olduğunu bildirib.

XS
SM
MD
LG