Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:03

Oqtay Gulaliyev: ‘Mənə cinayət işi açacaqlarını bildirdilər’


Oqtay Gülalıyev
Oqtay Gülalıyev

“Baş Prokurorluq mənə xəbərdarlıq etdi...”

Bunu AzadlıqRadiosuna mayın 13-də hüquq müdafiəçisi Oqtay Gülalıyev bildirib.

Mayın 13-də hüquq müdafiəçisi Oqtay Gülalıyev Baş Prokurorluğa dəvət olunub.

Hüquq müdafiəçisi bildirib ki, orada 3 saata yaxın olub və onu baş prokurorun birinci müavini Rüstəm Usubov qəbul edib.

“Mənə bildirildi ki, işgəncə şikayətləri ilə bağlı yazılarımda vətəndaş itaətsizliyinə çağırış var və belə məlumatları yaymağa davam etsəm, mənə qarşı cinayət işi açacaqlar. Təəssüflər ki, işgəncə şikayətlərini araşdırmaq əvəzinə mənə xəbərdarlıq etdilər”.

Xəbərdarlıqla razılaşmayan hüquq müdafiəçisi onu absurd adlandırıb və Respublika Prokurorluğunu ölkədə baş verən işgəncə şikayətlərini araşdırmağa və bu məsələdə günahkar şəxslərlə bağlı ölçü götürməyə səsləyib.

Baş Prokurorluğun mövqeyi

Bu məsələ ilə bağlı "Report" agentliyi də Baş Prokurorluğun mətbuat xidmətinə istinadən məlumat yayıb.

Məlumata görə, qurum bildirilib ki, Oqtay Gülalıyev “Facebook” sosial şəbəkəsində özünə məxsus səhifə vasitəsilə qəsdən, qərəzli şəkildə həqiqəti əks etdirməyən məlumatları yaymaqla ölkədə ictimai-siyasi sabitliyin pozulmasına yönələn və cinayətkarlıqla mübarizə sahəsində hüquq-mühafizə orqanlarının həyata keçirdiyi tədbirlərin üzərinə kölgə salmağa xidmət edən hərəkətlərə yol verib.

“O. Gülalıyev Baş Prokurorluğa dəvət edilərək “Prokurorluq haqqında” Qanununun tələblərinə müvafiq olaraq aidiyyəti dövlət orqanları ilə dəqiqləşdirmə aparmadan, real faktlara əsaslanmayan və ictimai rəyi çaşdırmaq məqsədi güdən həmin məlumatların yayılmasını gələcəkdə davam etdirəcəyi təqdirdə cinayət məsuliyyəti də daxil olmaqla, qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə rəsmi xəbərdarlıq edilib”,məlumatda qeyd edilir.

Baş prokurorluqdan əvvəl DİN xəbərdarlıq etmişdi

Bir həftə əvvəl, mayın 6-da isə hüquq müdafiəçisi Oqtay Gülalıyev Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsinə dəvət edilmişdi.

“Mənimlə Baş Cinayət Axtarışı İdarəsinin rəisi Arzu Daşdəmirov və idarənin digər əməkdaşları görüşdülər. Mənim Facebook səhifəmdə repressiya və işgəncə şikayətləri barədə yazdığım statuslarla bağlı narahatlıqlarını bildirdilər. Həmçinin, “Gəncə işi” ilə bağlı fəaliyyətim diqqət mərkəzində oldu. Mən “Gəncə işi” ilə bağlı valideynlərin müraciətinin və bu iş üzrə işgəncə şikayətlərinin araşdırılmasını onların diqqətinə çatdırdım”, - deyə hüquq müdafiəçisi həmin vaxt bildirmişdi.

Son zamanlar hüquq müdafiəçisi “Gəncə işi” ilə bağlı davam edən məhkəmələrdə səsləndirilən işgəncə şikayətlərinə aid çoxsaylı statuslar yazıb. O, şikayətlərin obyektiv araşdırılmasını istəyir.

Üstəlik, Oqtay Gülaliyev mayın 4-də bir qrup vətəndaş cəmiyyətinin nümayəndəsi ilə birgə Repressiyalar və İşgəncələr Əleyhinə Komitə yaratmaq qərarına gəldiyini açıqlamışdı.

Eyni zamanda, son vaxtlar 2018-ci ildə Gəncədə baş verən olaylara görə həbs edilən bir çox şəxslərin valideynləri də bir neçə dəfə aksiyalar keçiriblər.

Onlar Gəncə və Bakıda polisdə saxlanarkən yaxınlarının işgəncələrlə üzləşdiklərini bildirərək, bununla bağlı şikayətlərin araşdırılmasını tələb ediblər. Amma rəsmi qurumlar həmin iddialara hər hansı münasibət bildirməyiblər. Bununla belə, rəsmilər polis və cəzaçəkmə müəssisələrində işgəncə baş verməsi ilə bağlı şikayətləri əsasən düzgün saymırlar.

Xatırlatma

Baş Prokurorluq Gəncə olayları ilə bağlı ümumilikdə 6 qrupun (51 nəfər) işinin məhkəməyə getdiyini açıqlayıb.

Onlardan, hələlik, 2 qrupun məhkəməsi başa çatıb. Mühakimə olunanlara 5 ildən 9 ilə qədər həbs verilib. Təqsirləndirilənlər əsasən zorakılıqların, talanların, yanğınların törədilməsi, odlu silahın, partlayıcı maddələrin tətbiqi, yaxud hakimiyyət nümayəndəsinə silahlı müqavimətlə müşayiət olunan kütləvi iğtişaşlar maddəsi ilə ittiham ediliblər.

Daha bir neçə qrupun məhkəməsi də Bakıda davam edir.

Umumilikdə Gəncə olayları ilə bağlı 70-dən çox şəxsin həbs edildiyi bildirilir.

2018-ci il iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə (artıq həmin vəzifədə çalışmır) və bir polis serjantına silahlı sui-qəsd olub, onlar xəsarət alıblar. Sui-qəsdi törətdiyi bildirilən Yunis Səfərov həbs edilib.

Hüquq-mühafizə qurumları iddia edir ki, bu, terror əməlidir və Yunis Səfərovun əsas məqsədi Azərbaycanda şəriət qanunları ilə idarə olunan İslam dövləti qurmaq olub. Yunis Səfərov bu iddialarla bağlı münasibətini, hələlik, ictimaiyyətə açıqlamayıb. Onun məhkəməsi başlamayıb.

Bu sui-qəsddən bir qədər sonra sosial şəbəkələrdə iyulun 10-da Gəncədə aksiya keçiriləcəyi ilə bağlı məlumatlar yayılıb. Rəsmi məlumata görə, həmin gün Gəncədə 150-200 nəfərlik radikal dini qrupun keçirmək istədiyi aksiyada yüksək rütbəli polis zabitləri - İlqar Balakişiyev və Səməd Abbasov qətlə yetiriliblər.

Bu olaylarla bağlı hüquq-mühafizə orqanlarının yaydığı məlumatlarda vurğulanıb ki, keçirilən əməliyyatlar zamanı axtarışda olan bəzi şəxslər silahlı müqavimət göstərərkən öldürülüb. Hərçənd, öldürülən bəzi şəxslərin yaxınları onlarda silah olması ilə bağlı deyilənlərin həqiqət olmadığını iddia ediblər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG