Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:16

OPEC-də razılaşma neftin qiymətini qaldırır, amma indilik…


Neft ixrac edən ölkələrin OPEC karteli dekabrın 7-də Vyanada keçirdiyi toplantıda hasilatı azaltmaq barədə razılaşma əldə etdikdən dərhal sonra neftin qiyməti 5,4 faiz artıb.

Lakin Londonda çıxan Independent neft təhlilçilərinə istinadən yazır ki, OPEC-in qərarı bir qədər “gözdən pərdə asmağa” bənzəyir və kartel neftin qiymətini yüksək saxlamaq üçün daha qətiyyətli addımlar atmalıdır.

OPEC-in iclasında hasilatı günə 1, 2 milyon barrel ixtisar etmək barədə razılaşma əldə olunub.

Bu qərarın qəbul edilməsi asan olmayıb, çünki ABŞ-ın yeni sanksiyaları altında olan İran hasilatın azaldılması prosesinə qoşulmayıb, qeyri-OPEC ölkəsi Rusiya isə hasilatı Səudiyyənin istədiyi həcmdə azalda bilməyəcəyini bildirib. Rusiya mənbələrinin məlumatına görə Rusiya ixtisarın yalnız günə 250 min barrelini öz üzərinə götürüb.

Buna baxmayaraq OPEC üzvlərinin indilik gözləntiləri doğrulub və nəticədə neftin bir barrelinin qiyməti bir gündə 59 dollardan 63 dollara yüksəlib.

Reallıq: İndi Rusiyanın energetika naziri Novak OPEC məclisində təşkilatın sədri Al Mazrouei ilə başda oturur
Reallıq: İndi Rusiyanın energetika naziri Novak OPEC məclisində təşkilatın sədri Al Mazrouei ilə başda oturur

Əldə edilmiş razılaşmaya əsasən günə 1, 2 milyon barrel hasilat ixtisarının 800 min barreli OPEC-in, 400 min barreli isə Rusiya başda olmaqla Azərbaycan da daxil 10-dək qeyri-OPEC ixracatçısının çiyinlərinə düşəcək.

İran, Liviya və Venesuela hasilatın ixtisarından kənarda qalıblar.

Investing.com saytının baş təhlilçisi Barani Krishnan deyib ki, OPEC-in hasilatı azaltmaq qərarının neftin qiymətinə dərhal təsir edəcəyi təbii idi.

Bununla belə ekspert deyir ki, bazar bu ilk reaksiyadan sonra davamlı olaraq OPEC üzvlərindən hər hansı “cığallığın” olub-olmamasına göz qoyacaq. Onlardan hansınınsa xəlvətcə hasilatı artırması bütünlükdə OPEC-in kollektiv şəkildə ziyan çəkməsi ilə bitə bilər.

Cənab Krishnan bunu da deyib ki, Səudiyyə bu iclasdan bir şeyi özü üçün tam qət edib: İndi həm Rusiya, həm də ABŞ neft bazarını təsirləndirmək üçün OPEC qədər qüdrətlidir.

Ekspertin fikrincə, OPEC-in bu qərarının Khashoggi ilə bağlı ixtilafı necə təsirləndirəcəyi və buna Trump-ın reaksiyasının necə olacağı bilinmir.

ABŞ prezidenti Donald Trump bu iclasdan əvvəl OPEC-i hasilatın həcmini olduğu kimi saxlamağa çağırmışdı. O demişdi ki, “dünya bahalı neft istəmir”. İndi onun sözü faktiki olaraq “yerə düşüb”.

Bu arada Cantor Fitzgerald Europe firmasının neft və qaz tədqiqatları təhlilçisiAshley Kelty deyib ki, neft hasilatının günə 1, 2 milyon barrel azaldılması OPEC üzvlərinin gözləntisindən çox olsa da, bu ixtisar neft qiymətlərinin uzun müddətdə yüksəkdə saxlanması üçün kifayət deyil.

Onun fikrincə hasilatın bu həcmdə azaldılması neftin qiymətini yalnız 60-65 dollar civarında saxlaya biləcək. Ashley Kelty diqqəti buna çəkir ki, OPEC razılaşmadan sonra heç rəsmi bəyannamə ilə də çıxış etməyib.

Unutmaq olmaz ki, ABŞ özünün neft hasilatını daha da artırmaq niyyətindədir.

BNP Paribas firmasının strateqi Harry Tchilinguirian Reuters Qlobal Neft Forumunda deyib ki, günə 1, 2 milyon barrellik ixtisar çevik və tam icra olunsa belə, neftin qiymətini 60 dollar civarında gələn ilin yalnız birinci rübü ərzində saxlaya biləcək.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG