Rusiyada Omsk vilayətinin kənd deputatları prezident Vladimir Putindən regionun əhalisini Yeni il münasibətilə təbrik etməməyi xahiş ediblər.
AzadlıqRadiosu xəbər verir ki, onlar bu tələblərini Omsk şəhərinin mərkəzində keçirdikləri təkadamlıq piketlərdə səsləndiriblər.
Onların dediyinə görə dövlət başçısının Kremlin divarları qarşısında ənənəvi Yeni il təbrikləri səsləndirməsi ölkə əhalisinin əksəriyyətində ruh yüksəkliyi yaratmır.
Yuxarı Karbuş kəndindən deputat Irina Drozdova deyib:
"O bizi təbrik etməyə başlayanda biz diqqətimizi cəmləyir və düşünürük: Görəsən yeni il üçün Vladimir Putin rusiyalılara nə hədiyyələr vəd edəcək? Biz bu hədiyyələri alanadək sağ qalacağıqmı?”
O bildirib ki, aksiya keçirmək ideyasını ona qızı verib. Irina Drozdovanın sözlərinə görə sosial şəbəkələrdə bir çoxlarının fikrincə Vladimir Putin xalqa Yeni il müraciətlərini yazmamalıdır.
Bunun ardınca xanım Drozdova öz əli ilə plakat da çəkib. Plakatda yazılıb:
"Dekabrın 31-də, saat 23.55-də bizi təbrik etmək lazım deyil. Biz onsuz da sizin hədiyyələrinizdən şokdayıq! Omsklılar”.
Troitsk kənd yaşayış məntəqəsinin nümayəndəsi Anton Nikolayev də deyib ki, prezidentin Yeni il təbrikini eşitmək istəmir.
O bunu Putin tərəfindən son vaxtlarda təsdiqlənmiş islahatlarla izah edir.
Nikolayev vergilərin, yanacaq-sürtkü yağlarının qiymətlərinin, kommunal yaşayış tariflərinin yüksəlməsindən, habelə Putinin pensiya islahatından narazıdır.
Nikolayevin sözlərinə görə “prezidentin xeyirxahlıqlarını sadalamaq çox vaxt apara bilər, amma hər bir vətəndaş bu “xeyirxahlıqları” öz üzərində hiss edir”.
Omsk fəalları bu aksiya barədə məlumatı sosial şəbəkələrdə paylaşır və rusiyalıları buna bənzər plakatlarla çıxış etməyə çağırırlar.
Rusiya dövlət başçısı Vladimir Putinin ənənəvi Yeni il təbrikləri hər il dekabrın 31-də federal telekanallarla translyasiya edilir.