Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Fevral, Cümə, Bakı vaxtı 07:00

Həbsdəki keçmiş OMON-çulardan xəbər var


Keçmiş OMON üzviləri Səfa Poladov və Arif Kazımov

Vəkil Elçin Sadıqov yanvarın 13-də keçmiş Xüsusi Təyinatlı Polis Dəstəsinin – (OMON) üzviləri Səfa Poladov Arif Kazımovla görüşüb.

Vəkilin yaydığı məlumata görə, Qobustan Qapalı Həbsxanasında cəza çəkən hər iki məhbus qanunsuz və alçaldıcı rəftarla üzləşdiklərini bildirirlər:

“Hazırda onlar dəmir yatacağın üstündə yatdıqlarını bildirirlər. Alçaldıcı rəftara məruz qaldıqlarını söyləyirlər. Arif Kazımovun deməsinə görə, baş verənlərdən bezərək intihara cəhd etsə də, olayın qarşısını həbsxana əməkdaşları alıb”.

Buna da bax: OMON-çular: 'Güllələnmə bundan daha yaxşı idi'

Vəkil Elçin Sadıqov deyib ki, Arif Kazımov və Səfa Poladov ona ötən ilin dekabrın 14-də qanunsuz və alçaldıcı hərəkətlərə məruz qaldıqlarını bildiriblər. Vəkilin deməsinə görə, onlar vurğulayıblar ki, dəfələrlə heç bir əsas olmadan cərimə kamerasına salınıblar.

“Onlar mənə Azərbaycan prezidenti İlham Əliyevin adına yazılmış ərizə verdilər. Yazılı olaraq xahiş etdilər ki, bu məlumatı təcili olaraq ictimailəşdirim ki, ölkə başçısının və Ombudsmanın baş verənlərdən məlumatı olsun. Ombudsman dərhal onları qəbul edib, həyatlarına olan təhlükənin qarşısını alsın”, – vəkil belə deyib.

Vəkilin açıqlamasına, hələlik, Ombudsman Aparatından və Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb.

Buna da bax: '20 ildir kamerada oturub, bir dəfə siyasi mövqe nümayiş etdirməyib'

Bundan əvvəl də Qobustan Qapalı Həbsxanada məhbusların alçaldıcı rəftara məruz qalmaları ilə bağlı iddialar səslənib. Ancaq həbsxana rəhbərliyi belə iddiaları böhtan sayır. Hətta vəkil Yalçın İmanov müdafiə etdiyi “Müsəlman Birliyi” Hərəkatının 20 il həbs cəzası alan sədr müavini Abbas Hüseynin işgəncəyə məruz qalması iddiası ilə bağlı şikayətini açıqlamışdı.

Sonradan rəsmi qurumlar şikayətin əsassız olduğu bildirdilər və Penitensiar Xidmətin rəis əvəzi Oqtay Məmmədov Yalçın İmanovdan Vəkillər Kollegiyasına şikayət etidi. Vəkil Yalçın İmanov Vəkillər Kollegiyasından çıxarıldı.

Buna da bax: Y.İmanov: 'Bir narahatlığım var, həbsdəki dostlarla sağollaşa bilmədim'

O.Məmmədov iddia edirdi ki, Y.İmanov hüquqlarını müdafiə etdiyi şəxsə istinadən onun işgəncəyə məruz qalması haqda məlumat yaymaqla «sabitliyi pozmağa çalışır, ölkənin inkişafına qibtə edən qüvvələrin fəallaşmasına münbit şərait yaradır».

Arif Kazımov və Səfa Poladov keçmiş Xüsusi Təyinatlı Polis Dəstəsində qulluq edib. 1996-cı ildə Qazax rayonunda baş verən silahlı insidentdən sonra həbs ediliblər. Əvvəlcə ölüm cəzasına, ölüm cəzası ləğv edildikdən sonra isə ömürlük həbsə məhkum ediliblər.

Buna da bax: Keçmiş OMON-çular azadlığa buraxılmadı

2017-ci ilin martımda Ali Məhkəmə ömürlük azadlıqdan məhrum edilmənin 20 illik həbslə əvəz edilməsi barədə Arif Kazımov və Səfa Poladovun kassasiya şikayətini təmin etməyib.

XATIRLATMA

Xüsusi Təyinatlı Polis Dəstəsi – (OMON) 1990-cı illərin əvvəlində Dağlıq Qarabağda gedən döyüşlərlə bağlı yaradılmışdı. Ancaq 1994-cü ildən Azərbaycan hökuməti ilə OMON arasında münasibətlər kəskinləşib. 1995-ci il martın 17-də hökumət OMON-un Bakının 8-ci kilometr qəsəbəsindəki qərargahını ələ keçirib. Rəsmilər dəstənin qiyam qaldırdığını bildirirlər. Atışmada, rəsmi məlumatlara görə, 22 hərbçi, 7 mülki şəxs, 1 polis əməkdaşı həlak olub. 8 OMON əməkdaşı öldürülüb. Hadisə nəticəsində 105 nəfərin yaralandığı bildirilir. OMON-un rəhbəri Rövşən Cavadov aldığı güllə yarasından Daxili İşlər Nazirliyinin (DİN) hospitalında vəfat edib. Dəstənin qalan üzvləri isə həbs ediliblər.

OMON-un Qazax bölməsinin keçmiş komandiri Elçin Əmiraslanov, Səfa Poladov və Arif Kazımova ömürlük cəza verilib. Onlar qətl və bir sıra ağır cinayətlərdə ittiham ediliblər. Həmin şəxslər cəzalarının 20 il həbslə əvəzlənməsi ilə bağlı məhkəməyə də şikayət ediblər. Onların şikayəti təmin edilməyib.

Keçmiş Xüsusi Təyinatlı Polis Dəstəsindən bu 3 nəfərdən başqa həmin hadisələrlə bağlı həbsdə qalan yoxdur.

Günün bütün mövzuları

XS
SM
MD
LG