Keçid linkləri

2017, 26 Mart, bazar, Bakı vaxtı 13:16

Keçmiş OMON-çular azadlığa buraxılmadı


Keçmiş OMON-çular Səfa Poladov və Arif Kazımov

Keçmiş OMON-çular Səfa Poladov və Arif Kazımov

Martın 14-də Ali Məhkəmədə ömürlük azadlıqdan məhrum edilmiş keçmiş Xüsusi Təyinatlı Polis Dəstəsinin (OMON) üzvləri - Elçin Əmiraslanov, Arif Kazımov və Səfa Poladovun kassasiya şikayətinə baxılıb.

Bu haqda AzadlıqRadiosuna onların vəkil Elçin Sadıqov məlumat verib.

Vəkilin deməsinə görə, həmin şəxslərin ömürlük həbs cəzasının 20 il həbs cəzası ilə əvəzlənməsi istənilib: «Bu adamlar mühakimə edilən zaman, yəni XX əsrin 90-cı illərinin ortalarında Azərbaycanda ömürlük azadlıqdan məhrumetmə cəzası olmayıb. Odur ki, bizim vəsatətlər qəbul edilməli idi».

Vəkilin bildirməsinə görə, Ali Məhkəmə şikayətləri təmin etməyib.

E.Sadıqov bundan sonra Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcəklərini söyləyib.

XATIRLATMA

Xüsusi Təyinatlı Polis Dəstəsi – (OMON) 1990-cı illərin əvvəlində Dağlıq Qarabağda gedən döyüşlərlə bağlı yaradılmışdı. Ancaq 1994-cü ildən Azərbaycan hökuməti ilə OMON arasında münasibətlər kəskinləşib. 1995-ci il martın 17-də hökumət OMON-un Bakının 8-ci kilometr qəsəbəsindəki qərargahını ələ keçirib. Rəsmilər dəstənin qiyam qaldırdığını bildirirlər. Atışmada, rəsmi bilgilərə görə, 22 hərbçi, 7 mülki şəxs, 1 polis əməkdaşı həlak olub. 8 OMON əməkdaşı öldürülüb. Hadisə nəticəsində 105 nəfərin yaralandığı bildirilir. OMON-un rəhbəri Rövşən Cavadov aldığı güllə yarasından Daxili İşlər Nazirliyinin (DİN) hospitalında vəfat edib. Dəstənin qalan üzvləri isə həbs ediliblər.

OMON-un Qazax bölməsinin keçmiş komandiri Elçin Əmiraslanov, Səfa Poladov və Arif Kazımova ömürlük cəza verilib. Onlar qətl və bir sıra ağır cinayətlərdə ittiham ediliblər. Həmin şəxslər cəzalarının 20 il həbslə əvəzlənməsi ilə bağlı məhkəməyə də şikayət ediblər. Aşağı məhkəmələr onların şikayətini mümkün saymamışdı. Bu gün, martın 14-də Ali Məhkəmə şikayəti təmin edərdisə, onlar azadlığa çıxacaqdılar.

Keçmiş Xüsusi Təyinatlı Polis Dəstəsindən bu 3 nəfərdən başqa həmin hadisələrlə bağlı həbsdə qalan yoxdur.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG