Keçid linkləri

Təcili xəbərlər
2021, 21 Yanvar, Cümə axşamı, Bakı vaxtı 00:20

Ombudsman Aparati Əfqan Sadıqovla bağlı məlumat yayıb


Əfqan Sadıqov

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyevanın Bakı İstintaq Təcridxanasında (BİT) saxlanan Əfqan Sadıqovun vəziyyətini və hüquqlarını diqqət mərkəzində saxladığı bildirilir.

Bu barədə dekabrın 3-də Ombudsman Aparatı məlumat yayıb.

Məlumatda qeyd edilib ki, Milli Preventiv Qrupunun (MPQ) üzvlərinin Bakı İstintaq Təcridxanasına (BİT) keçirdikləri başçəkmələr çərçivəsində qida qəbulundan imtina etməsi ilə bağlı barəsində məlumat yayılan Əfqan Sadıqovu iki dəfə konfidensial qaydada qəbul ediblər:

“Qəbulda Əfqan Sadıqov barəsində olan cinayət işi və məhkəmə qərarından narazılığını əsas göstərərək bu addımı atdığını qeyd edib. MPQ-nin həkim üzvünün də iştirak etdiyi qəbul zamanı ona səhhətində ciddi problem yaşamaması üçün qida qəbulunu bərpa etməsi ilə bağlı, müəssisə və tibbi-sanitar hissə rəhbərliyinə isə onun səhhətinin həkim nəzarətində saxlanılması məqsədilə müvafiq tövsiyələr verilib.”

Açıqlamaya görə, ona hüquqları və Ombudsmanın səlahiyyətləri izah olunub:

“Hər gün BİT-in rəhbərliyi və bu müəssisənin tibb-sanitar hissəsi ilə əlaqədə həmin şəxsin səhhəti nəzarətdə saxlanılır, ailə üzvlərinə bu barədə məlumat verilir. Əfqan Sadıqovun vəkili Zibeydə Sadıqovanın Ombudsmana ünvanlanmış ərizəsi üzrə Bakı Apellyasiya Məhkəməsinə müraciət də olunub”.

“Azel TV” saytının rəhbəri Əfqan Sadıqov bu ilin mayında hədə yolu ilə pul tələb etmək ittihamı ilə həbs olunub. Noyabrın 3-də o, 7 il müddətinə azadlıqdan məhrum edilib.

Noyabrın 4-dən hökmə etiraz əlaməti olaraq onun aclıq elan etdiyi vurğulanırdı.

Xatırlatma

Əfqan Sadıqov bundan öncə, 2016-cı il noyabrın 22-də də həbs edilmişdi. O, Cinayət Məcəlləsinin 127.2.3-cü (xuliqanlıq niyyəti ilə təhlükəli üsulla sağlamlığa qəsdən az ağır ziyan vurma) maddəsi ilə ittiham olunaraq 2 il 6 ay müddətinə azadlıqdan məhrum olunmuşdu. Sonradan onun cəzası 1 il azaldıldı. O, daha sonra da buna qədər bir neçə dəfə müxtəlif müddətlərdə inzibati qaydada həbs edilib.

Əfqan Sadıqov bütün hallarda ittihamları qəbul etməyib və bunun jurnalist fəaliyyətinin məhdudlaşdırılmasına yönəldiyini bildirib.

Onu yerli hüquq müdafiəçiləri əvvəlki həbsi zamanı siyasi məhbus kimi tanımışdılar. Amma rəsmilər ölkədə siyasi məhbusların olması ilə bağlı fikirləri qəbul etmirlər.

Onlar deyirlər ki, siyasi məhbus adlandırılan şəxslər sırf törətdikləri əmələ görə məsuliyyətə alınıblar.

XS
SM
MD
LG