Keçid linkləri

Təcili xəbərlər
2021, 19 Yanvar, çərşənbə axşamı, Bakı vaxtı 07:50

Xanımı Əfqan Sadıqovdan narahatdır…


Ə.Sadıqov

AzelTV-nin həbsdə olan rəhbəri Əfqan Sadıqovun durumunun kritik olduğu bildirilir.

Bu barədə onun həyat yoldaşı Sevinc Sadıqova məlumat verib. S.Sadıqovanın sözlərinə görə, bu gün, dekabrın 2-də həyat yoldaşı ilə görüşə gedib. Onun vurğulamasına görə, həyat yoldaşı artıq 29 gündür aclıq edir: "Həyat yoldaşım ölüm ayağındadır, onun səsi artıq xırıldayır, danışa bilmir. Bunu təcridxanadan mənə etiraf ediblər. Mən təcridxanaya getdim. Onun vəziyyəti o qədər pisdir, xahiş edib ki, onu həmin vəziyyətdə xərəklə ailəsinin qarşısına çıxarmasınlar. Bu səbəbdən görüşə bilmədik".

S.Sadıqova istəyir ki, həyat yoldaşı Ədliyyə Nazirliyinin müalicə müəssisəsinə köçürülsün.

Bu deyilənlərə, hələlik, Penitensiar Xidmətindən münasibət öyrənmək mümkün olmayıb.

Amma ötən ay Ə.Sadıqovla bağlı suala verilən cavabda qurumun mətbuat xidməti bəyan etmişdi ki, Penitensiar Xidmətin müəssisələrində aclıq edən dustaq yoxdur.

Ə.Sadıqov bu ilin mayında hədə yolu ilə pul tələb etmək ittihamı ilə həbs olunub. Noyabrın 3-də o, 7 il müddətinə azadlıqdan məhrum edilib. Noyabrın 4-dən hökmə etiraz əlaməti olaraq onun aclıq elan etdiyi vurğulanırdı.

Xatırlatma

Ə.Sadıqov bundan öncə, 2016-cı il noyabrın 22-də də həbs edilmişdi. O, Cinayət Məcəlləsinin 127.2.3-cü (xuliqanlıq niyyəti ilə təhlükəli üsulla sağlamlığa qəsdən az ağır ziyan vurma) maddəsi ilə ittiham olunaraq 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi. Sonradan onun cəzası 1 il azaldıldı. O, daha sonra da buna qədər bir neçə dəfə müxtəlif müddətlərə inzibati qaydada həbs edilib.

Ə.Sadıqov bütün hallarda ittihamları qəbul etməyib və bunun jurnalist fəaliyyətinin məhdudlaşdırılmasına yönəldiyini bildirib. Onu yerli hüquq müdafiəçiləri əvvəlki həbsi zamanı siyasi məhbus kimi tanımışdılar. Amma rəsmilər ölkədə siyasi məhbusların olması ilə bağlı fikirləri qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus adlandırılan şəxslər sırf törətdikləri əmələ görə məsuliyyətə alınıblar.

XS
SM
MD
LG