Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:03

Oğuzdan şikayət: 'Qurd-quşa yem olmamağa çalışırıq'


Culut
Culut

«Çöl heyvanını qaldığımız yerə bağlasan, qırılıb qaçar. Gecəqondular başımıza uçur, ancaq rayonun icra hakimiyyətinin başçısı daşı daş üstə qoymağa, bircə otaq tikib içərisinə yığışmağa imkan vermir. Sanki, elə beləcə də zülmlə gəbərib ölməyə məhkumuq».

Bunu AzadlıqRadiosunun «Qaynar xətt»inə Oğuz ərazisində məskunlaşan köçkün Rüfət Rüstəmli deyir.

«ÇADIRDA QALANLAR VAR»

20 ildir ki, Oğuz–Şəki yolunun kənarında – Culutda, əsasən, Kəlbəcərdən olan köçkün ailələri məskunlaşıb. Bu ailələrdən bir neçəsi AzadlıqRadiosuna sosial problemlərindən və yaşayış şəraitindən gileyləniblər. Rüfət Rüstəmli deyir, 25 il öncə Oğuzdakı müxtəlif inzibati binalarda məskunlaşıblar. 1997-ci ildə ins-cinsin yaşamadığı Culut deyilən ərazidə gecəqondular tikilib və köçkün ailələri buraya yerləşdiriblər:

***Buna da bax-Köçkünlər çadıra qayıdır?

«Heç 3 il keçmədi, tikdikləri dağılmağa başladı. Əvvəl dam örtükləri sıradan çıxdı. Bir evin ki dam örtüyü sıradan çıxdı və vaxtında təmir olunmadısa, o evdən əlini üz... Biz icra hakimiyyətindən kömək istədikcə, dağılmış dam örtüklərindən evlərə axan yağış suları adamların ev-eşiyini bərbad günə qoydu. Burada özü-özünə gecəqondu düzəldənlər də var. O vaxt söz verdilər, «sizə də ev tikiləcək», tikmədilər, adamlar da məcbur qalıb palçıqdan, qamışdan daldalanacaqlar düzəltdilər. Qışı qandonduran soyuqdan, yayın cırhacırında qurd-quşa yem olmamaqdan qorunmaqla birtəhər yaşayırıq».

20 ildə evləri dəfələrlə sel suları ağuşuna alıb. Dağıntılar olub. Hətta indiyədək də çadırda qalanlar var. Yaşayış yeri adlanan ərazidə yol yoxdur. Yağış yağanda adamlar sellofana bürünüb palçıqda hərəkət edirlər.

«VƏTƏNDAŞ HAVAYLA, SUYLA DA DOLANA BİLƏR»

Köçkünlər dövlətin qayğısını yetərli hesab etmirlər və ən böyük arzuları da kənd təsərrüfatı ilə məşğul olub ailələrini dolandırmaqdır. Köçkün Yaşar İskəndərov deyir, ərazidə kənd təsərrüfatı ilə məşğul olmağa da resurslar yoxdur:

***Buna da bax-Məcburi köçkün: 'İndi yolu bağlayırsan da, gələn olmur'

«20 ildir bizi gətirib bura töküblər. Ancaq nə heyvan saxlamağa, nə də əkinçiliklə məşğul olmağa şərait yoxdur. Yəqin, hökumət düşünür ki, vətəndaş havayla, suyla da dolana bilər. Biz bilirik ki, köçkünün yaşayışını yaxşılaşdırmaq üçün hər il milyonlarla manat ayrılır. Heyf ki, o pul köçkünə yox, öz məsrəflərinə xərclənir».

Oğuz rayon İcra Hakimiyyətindən «Qaynar xətt»ə bildirilib ki, «Qaçqınkom» rayon ərazisində köçkün qəsəbəsi inşa etməyi planlaşdırıb: «Planda Culutdakı köçkünlərin də tikiləcək qəsəbəyə köçürülməsi var. Onlar orada müvəqqəti məskunlaşıblar. Dövlət qayğısına gəlincə, qanunda nəzərdə tutulmuş imtiyazlardan yararlanırlar».

Qışın şaxta-boranında istiliksiz, işıqsız keçinən köçkünləri Culutda qurd-quşların oyandığı qaynar yay mövsümü gözləyir.

XS
SM
MD
LG