Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 22:42

Obama müttəfiqləri sakitləşdirməyə çalışır


D.Trump və B.Obama
D.Trump və B.Obama

Prezident kimi xaricə son səfərindən öncə Barack Obama mətbuat konfransı keçirərək, müttəfiqləri Donald Trump-la bağlı bir növ narahat olmamağa çağırıb.

Bu gün, noyabrın 15-də Obama Yunanıstana, oradansa Almaniyaya, sonra da Peruya gedəcək. Yunanıstanda ABŞ əleyhinə aksiyalar planlandığından təhlükəsizlik tədbirləri gücləndirilib.

BBC yazır ki, Obama bu səfərdə D.Trump-ın prezident postuna seçilməsiylə bağlı gərginliyi aradan qaldırmağa çalışacaq. Obama özü də səfərdə bu məsələnin prioritet olacağını bildirib.

MESAJ

Prezident seçkisi kampaniyası zamanı Trump NATO müttəfiqlərini tənqid atəşinə tutmuş, qurumun maliyyə öhdəliklərini yerinə yetirməyən üzvlərini müdafiə etməyəcəyini bildirmişdi.

Trump seçiləndən və Trump-la görüşdən sonra prezident Barack Obama ilk dəfə olaraq jurnalistlərin suallarına cavab verib. O deyib ki, Trump ABŞ-ın NATO qarşısında öhdəliklərini gerçəkləşdirməsində maraqlıdır, NATO ilə sağlam və möhkəm əməkdaşlığın davam etdirilməsini istəyir və bunun bütün dünyaya töhfə verəcəyini bilir. Obama xaricə səfərindən bu mesajı çatdırmaqdan ötrü istifadə edəcəyini vurğulayıb: «Mən onlara əməkdaşlığın davam etdiriləcəyini… NATO-dakı müttəfiqlərin tək Avropadan ötəri deyil, həm də ABŞ, eləcə də bütün dünya üçün önəmli olduğunu bildirməliyəm».

«ABC News»un yazdığına görə, Avropa Birliyi, görünür, Trump-ın çıxışlarından oyanaraq yeni müdafiə planıyla bağlı razılığa gəlib. Plan birlik ölkələrinin xaricə hərbi qüvvə göndərməsinə, yəni ilk dəfə olaraq Birləşmiş Ştatlarsız hərəkət etməsinə imkan verir.

TEMPERAMENTİNİ DƏYİŞMƏLİ OLACAQ

«Fox News» isə Obama-nın prezident ofisi haqda dediklərini vurğulayır. Obama bu orqanın hər hansı şəxsdən artıq olduğunu, ABŞ-ın qlobal nüfuzunun bir seçki nəticələriylə sarsılmayacağını söyləyib.

Mətbuat konfransında Obama həm də Trump-ın bundan sonra temperamentinə dəyişiklik etməli olacağını, yeni vəzifəsinin reallıqları ilə qarşılaşanda, seçki kampaniyasındakı kimi açıq danışa bilməyəcəyini deyib.

Trump-ın seçki kampaniyasının rəhbəri, millətçi kimi tanınan Steve Bannon-u öz strategiyasının rəhbəri və iqtisadi müşaviri vəzifəsinə qoymasıyla bağlı narahatlıqlara gəlincə, Obama danışmaq istəməyib. O deyib ki, onlar hakimiyyət dəyişikliyinin yumşaqlığını təmin etməyə çalışmalıdırlar, ona görə də yeni prezidentin hər təyinatını şərh etmək doğru olmaz.

XS
SM
MD
LG