AzadlıqRadiosu xəbər verir ki, danışıqlar zamanı Z.Mnatsakanyan Azərbaycan tərəfinin saxladığı Ermənistan vətəndaşlarının evlərinə sağ-salamat qayıdışının təmin olunmasının vacibliyini vurğulayıb.
E.Məmmədyarov isə yolu azaraq Dağlıq Qarabağda separatçı qüvvələrin nəzarətində olan əraziyə girən Azərbaycan əsgərinin qətlinə diqqət çəkib.
XİN: «Nyu-Yorkda sadəcə fikir mübadiləsi aparılıb»
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Nyu-Yorkda Elmar Məmmədyarovla Zöhrab Mnatsakanyan arasında keçirilmiş görüş haqqında məlumat yayıb.
Məlumatda yazılıb ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqların hazırkı vəziyyətini müəyyən etmək üçün iki ölkənin xarici işlər nazirlərinin Nyu-Yorkda baş tutan görüşü yenidən təmas xəttində Azərbaycanın hərbi qulluqçunun qətlə yetirilməsi ilə yadda qalıb: «Azərbaycan bütün vasitələrlə bu hadisəni izləyəcək və onu törədənlər cəzalandırılacaq. Nazirlərin görüşünə gəldikdə isə, ATƏT-in Minsk qrupunun həmsədrlərinin bölgəyə sülh gətirmək, bölgədə beynəlxalq norma və prinsiplərə, qaydalara hörmət edilməsi ilə bağlı səylərini genişləndirməli olduqları anlayışı ilə mövcud danışıqlar üzrə sadəcə fikir mübadiləsi aparılıb».
+++
Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü başlayıb.
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bu barədə Twitter səhifəsində bildirib.
L.Abdullayeva qeyd edib ki, ATƏT-in Minsk qrupu həmsədrləri - İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şaferin (ABŞ) vasitəçiliyi ilə Nyu-Yorkda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında görüş başlayıb.
E.Məmmədyarovun ABŞ-a səfəri BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində baş tutub. Səfər çərçivəsində o, sentyabrın 23-də ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb. Məlumata görə, görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar, eləcə də münaqişə zonasındakı vəziyyət müzakirə edilib. Habelə, ümumilikdə münaqişənin tənzimlənməsi üzrə həmsədrlərin gələcək fəaliyyət planları və perspektivlərinin nəzərdən keçirildiyi bildirilir.
Bundan əvvəl də nazirlər bu ilin iyununda yenə ABŞ-da (Vaşinqton) görüşərək Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr aparmışdılar.
Xatırlatma
Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayıb. 1994-cü ildə tərəflər arasında əldə edilən atəşkəs razılaşmasına kimi Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ora bitişik 7 rayonu işğal edilib. Münaqişənin tənzimlənməsi ATƏT-in Minsk qrupuna həvalə edilib. ABŞ, Fransa və Rusiya qrupun həmsədr dövlətləridir.