Nüvə müharibəsi haqda əhvalatlar ən qorxunc, dəhşətli filmlərdəndir. Üstəlik, adi qorxu filmlərindən fərqli olaraq onlar baş verməsi mümkün hadisələr haqdadır. liveabout.com bu mövzuda çəkilmiş filmlərin siyahısını dərc edib.
"Dr.Strangelove" (1964)
Stenli Kubrik bu filmində SSRİ ilə ABŞ arasında nüvə müharibəsi təhlükəsini əsl komediyaya çevirib. "Dr.Strangelove" dövrünün ən yaxşı satirik filmlərindən biri sayılır. Filmin verdiyi sualsa bundan ibarətdir: Bir özbaşına ABŞ generalı Sovet İttifaqına qarşı nüvə hücumu həyata keçirərsə, nə baş verərdi? Prezident və digər mühüm şəxslərin vəziyyəti idarə etməyə cəhd göstərdiyi o son saatlar necə görünərdi? Cavabsa əsl dəlixanadır.
"The Miracle Mile" (1988)
Los-Ancelesdə avtomat telefondan zəng gəlir və bir kişi dəstəyi götürür. Xəttin digər tərəfində nömrəni səhv yığan adam deyir ki, "onlar bunu etdilər", yəni nüvə düyməsini basdılar. İndi bu informasiyanı eşidən həmin kişi fəlakət haqda bütün biliklərini toplayıb bu məlumatla nə edəcəyini qərarlaşdırmalıdır. Ancaq tezliklə bütün şəhər xaosa qərq olur və həmin şəxs hücumun baş verməsindən öncə şəhəri tərk etməyə çalışır. Bu filmdə 1980-ci illərin havası çox aydın hiss olunur.
"Testament" (1983)
Baş rolunu gənc Kevin Kostnerin oynadığı bu film san-fransiskolu bir ailənin nüvə hücumundan sonra həyatda qalmaq cəhdləri haqdadır. Film televiziya üçün çəkilsə də, dəhşətli səhnələri onu televiziya üçün bir qədər ağırlaşdırır. Filmdə postmüharibə səhnələri reallıqda ola biləcəyindən xeyli yumşaq və nikbin təsvir edilib.
"The Day After" (1983)
"The Day After" "Testament" ilə eyni ildə ABŞ televiziyasında yayımlanıb. O, hətta bu gün də tarixdə ən çox izlənilən televiziya filmi hesab edilir. Filmdə Kanzasdan olan iki ailə nüvə hücumundan sağ qalmağa çalışır. Hücumdan sonra baş verən hadisələr hücumun özündən də dəhşətlidir. Əhali hökumətdən kömək istəməyə çalışır, ancaq hökumət artıq yoxdur. Radiasiya xəstəliyi, qida və yanacaq qıtlığı, aclıq, soyğunçuluq, zorlama, qəzəb – hər şey bir-birinə qarışıb. Bu filmə "Testament"in daha ağır versiyası da demək olar.
"The Road" (2009)
Kormak Makkartinin romanı əsasında çəkilmiş filmdə bir kişi və oğlu postapokaliptik zibillikdə gəzir. Ancaq bu adi postapokaliptik zibillik deyil. Burada, "Mad Max" filmindəki kimi, hələ də həyatda qalan şəhərlər, mal barteri edə biləcəyiniz yerlər yoxdur. Bu, təsəvvür edə biləcəyiniz ən qorxunc, dəhşətli apokalipsisdir. Artıq icmalar yoxdur, yalnız aclığın müxtəlif mərhələlərində olan tənha fərdlər var. Yolda gördükləriniz də sizin kimi səfər edən adamlar deyil. Onları görəndə gizlənib keçmələrini gözləməlisiniz. Filmin ən depressiv tərəfi isə odur ki, bütün planet bu haldadır. Bütün planet daimi nüvə qışına məruz qalıb. Səma daim qaranlıqdır. Bitkilər, ağaclar yavaş-yavaş ölür. Artıq məhsul yetişdirmək mümkün deyil. Heç bir heyvan sağ qalmadığından insanlar olan-qalan konservlər üçün ölüm-dirim savaşındadırlar və, əlbəttə ki, kannibalizm adi haldır. Kişi ilə oğlu özləri də bilmədikləri səbəbdən yavaş-yavaş sahilə doğru hərəkət edirlər. Onların bir-birinə sevgisi onları həyatda saxlayan yeganə şeydir. Bu, qorxunc olsa da, çox güclü hekayədir.
"When the Wind Blows" (1986)
Bu Britaniya filmi isə Britaniyanın məruz qaldığı nüvə hücumundan əvvəl və sonra bir yaşlı cütlüyün həyatı haqdadır. Cütlük hökumətin payladığı broşürlərdəki qaydalara əməl etməklə həyatda qalmağa çalışır, ancaq tədricən radiasiya zəhərlənməsinə məruz qalır. Ümumən bu, iki gözəl yaşlı insanın yavaş-yavaş ölməsi haqda tammetrajlı bədii filmdir. Maraqlıdır ki, bu, həm də animasiya filmidir. Auditoriyanın görə biləcəyi ən dəhşətli animasiya filmi!