Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Oktyabr, çərşənbə, Bakı vaxtı 22:09

Nurəddin Xocaya da şərti cəza kəsildi


N.Xoca

Qarabağ müharibəsinin iştirakçısı, «Bozqurd» batalyonunun komandiri Nurəddin İsmayılova (Xoca) 5 il 6 aylıq cəza verildi. O, rəhbərlik etdiyi teref.info saytında ötən ilin iyulunda Gəncədə icra başçısının güllələnməsi və ondan iki gün əvvəl Mingəçevir Su Elektrik Stansiyasında bütün ölkənin işıqsız qalmasına səbəb olan qəza barədə yayımlanan yazılara görə cəzalandırılıb.

Martın 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində N.Xocaya hökm oxunub. Hökmə əsasən, saytda yayımlanmış yazılara görə N.Xoca CM-in 281 (dövlət əleyhinə açıq çağırışlar), 309-cu (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinib. Məhkəmə onun 5 il 6 ay azadlıqdan məhrum edilməsi, amma CM-nin 70-ci maddəsi tətbiq olunmaqla, bu cəzanın şərti hesab edilməsinə qərar verib. Sayt rəhbərinə iki il sınaq müddəti təyin olunub.

Hökmdən öncə məhkəmədə son sözünü deyən N.Xoca özünü təqsirli bilmədiyini söyləyib. Bildirib ki, rəhbərlik etdiyi saytdakı yazıları oxuyub, narahatlıq keçirdiyini iddia edən şahidlər yalan danışır: «Mənim saytım iyulun 10-dan bloklanmışdı, onlar ümumiyyətlə, o yazıları oxuya bilməzdilər».

N.Xoca AzadlıqRadiosuna bildirib ki, hökmdən apellyasiya şikayəti verəcək: «Qanunsuz, ədalətsiz hökmdür. Nə hüquq tanıyırlar, nə öz verdikləri qanunlara hörmət edirlər...».

Xatırlatma

Baş Prokurorluq Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı 2018-ci il iyulun 3-də törədilmiş sui-qəsdlə əlaqədar bəzi informasiya resursları haqqında hüquqi tədbirlərin görüldüyünü bildirmişdi.

Cinayət Məcəlləsinin 214-2-ci (terrorçuluğa açıq çağırışlar), 281.1-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 313-cü (vəzifəli şəxsin informasiya resurslarına bilə-bilə yalan məlumatlar daxil etməsi) maddələri ilə cinayət işi başlandığı vurğulanırdı.

Daha sonra criminal.az saytının baş redaktoru Anar Məmmədov, bastainfo.az saytının baş redaktoru Mustafa Hacıbəyli və teref.info saytının baş redaktoru Nurəddin Xocaya qarşı ayrı-ayrılıqda CM-in 281, 309 və 313-cü maddələri ilə ittiham irəli sürüldü. N.Xocadan öncə digər iki baş redaktor da bu maddələrlə təqsirli bilinib və hər birinə iki il sınaq müddəti olmaqla, 5 il 6 ay şərti cəza verilib.

Onların heç biri özünü təqsirli bilmir.

Multimedia

XS
SM
MD
LG