Keçid linkləri

Təcili xəbərlər
2021, 15 May, şənbə, Bakı vaxtı 18:26

Noyabrın 2-dən tədris distant olacaq


Xüsusi karantin rejimi dövründə Azərbaycanda fəaliyyət göstərən bütün təhsil müəssisələrində bu il noyabrın 2-dən tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formatda təşkili təmin edilməlidir.

Bu, Nazirlər Kabinetinin "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər barədə" bugün, oktyabrın 29-da imzalanan qərarında əksini tapıb.

Bu qərarın qüvvədə olduğu müddətdə (2020-ci il dekabrın 1-dək) uygun qurumların rəyləri əsasında Təhsil Nazirliyi ayrı-ayrı inzibati ərazi vahidlərində fəaliyyət göstərən təhsil müəssisələrində tədrisin əyani formada aparılmasının bərpası və ya dayandırılması barədə qərar qəbul edə bilər.

Qərar 2020-ci il dekabrın 1-dək qüvvədədir.

Azərbaycanda koronavirusla bağlı bu il martın 24-dən karantindir. Karantin dekabrın 1-i saat 06:00-dək uzadılıb.

2019-2020-ci tədris ilində dərslər martın 3-də dayanmışdı. Həmin tədris ilinin onlayn başa vurulduğu açıqlandı.

2020-2021-ci tədris ilinin başlanğıcında (sentyabrın 15-də) isə yalnız ibtidai siniflər məktəbə (həftənin 2-3 günü ) getdilər.

Qalan siniflərdə dərslər onlayn keçirilməyə başlandı. V-IX siniflər oktyabrın 1-dən, X-XI sinflər isə oktyabrın 15-dən (həftənin bəzi günləri) məktəblərə yollandılar. Amma növbəti həftədən tədris müəssisələrində düz iki həftə tətil elan edildi.

Lakin Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında Qarabağ münaqişəsi ilə bağlı sentyabrın 27-də döyüşlər başlandığından ölkədə internet məhdudlaşdırıldı. Bunun da dərslərin onlayn keçirilməsində çətinliklər yaratdığı bildirilirdi.

Üstəlik, son həftələr ölkədə koronvirusa yoluxma ilə bağlı rəsmi açıqlamalarda da artım yaşandığı qeyd edilirdi.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib.

Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib.

Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 1 milyon 100 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb.

Azərbaycanda isə rəsmi məlumatlara görə, indiyədək ümumilikdə 53152 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 708 nəfər vəfat edib.

XS
SM
MD
LG