Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:02

Növbəti güzəştli mənzillər satışa çıxarılır


Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu, 8 ünvanında yerləşən Yasamal Yaşayış Kompleksinin 1-5 saylı binaları üzrə 46, 6 və 7 saylı binalar üzrə isə 128 mənzil gələn il yanvarın 25-i saat 11-00-da satışa çıxarılacaq. Satış fevralın 8-i saat 11:00-dək davam etməlidir.

Bu barədə bu gün, dekabrın 22-də Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) yaydığı məlumatda bildirilir.

MİDA bütün mənzillərin tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunduğunu bildirir.

Agentlikdən verilən açıqlamya görə, 1 otaqlı mənzillərin qiyməti – 29954 manatdan, 2 otaqlı mənzillərin qiyməti – 47 614 manatdan, 3 otaqlı mənzillərin qiyməti – 65 959 manatdan başlayır və əlavə dəyər vergisi (ƏDV) mənzillərin satış qiymətinə daxildir.

Amma, hamı yox, yalnız «Güzəştli mənzil» sistemində elektron kabinetə sahib olan vətəndaşlar mənzil almaq hüququna malikdir.Söhbət ölkənin ərazi bütövlüyü uğurunda döyüşlərdə həlak olan insanların ailəsindən, məcburi köçkünlərdən, milli qəhrəmanlardan, ən azı 3 il dövlət qulluğunda, 5 il isə müəllim kimi çalışanlardan və başqa bu kimi insanlardan gedir.

MİDA bundan əvvəl də güzəştli olduğu bildirilən mənzilləri satışa çıxarıb, amma ciddi qalmaqallar, narazılıqlar yaşanıb.

İlk satış

İlk satış bu il mayın 7-də başlanmış, ancaq nəticələri ləğv edilmişdi. Həmin vaxt bəzi insanlar prosesdə şəffaflığın olmadığını, mənzillərin əvvəlcədən satılıb qurtardığını bəyan etmişdilər. Ancaq MİDA açıqlamışdı ki, vətəndaşların satış prosesinin aparıldığı «Elektron hökumət» portalına daxil olmasında ciddi problemlər yaranıb.

Sentyabrın 5-də keçirilən satış

Sentyabrın 5-i, saat 11:00-a təyin edilmiş təkrar satışda da ilk saatlarda problem yaranmışdı.Buna görə, satış saat 15:00-a ertələnmişdi.

Həmin gün, MİDA-nın seçim prosesinin ugurla başa çatmasını elan etməsindən sonra, bir qurup şikayətçi agentliyin qarşısına toplaşıb etirazlarını bildirmişdilər.
Seçimdən narazı qalan onlarla vətəndaş deyirdi ki, onlar ümumiyyətlə elektron sistemə daxil ola bilməyiblər. Narazıların vurğulamasına görə, sistem onların üzünə seçimin başa çatması elan edildikdən sonra açılıb.

“MİDA rəhbərliyi ikinci dəfədir ki, saxtakarlığa yol verir. Bunlar camaatı dövlətin əlehinə qaldırırlar”, narazılardan Səttar Əhmədov bildirmişdi...

MİDA narazılığa nə deyirdi?

Amma MİDA narazılığı əsassız saymışdı. Qurumun sözçüsü Diana Dadaşova kütləvi informasiya vasitələrinə demişdi ki, satışa çıxarılan mənzillərdən ötrü 9 min 500-dən çox şəxs qeydiyyatdan keçib.Onlardan 4 min 800-dən çox şəxs bu prosesdə iştirak ediblər: “ İstənilən halda burada rəqəbət böyük idi. Ancaq vətəndaşlar narahat olmasınlar mənzil seçimi ilə bağlı növbəti elanlar olacaq.Onsuzda mənzillər mərhələli şəkildə satışa çıxarılır”, deyə o vurğulamışdı.

Qurumdan habelə bunlar bildirilmişdi:

“...Satışa çıxarılan 324 mənzilin seçimi “Elektron hökumət” portalı üzərindən “Güzəştli mənzil” elektron sistemi vasitəsilə bərabər şəraitdə etibarlı, təhlükəsiz, şəffaf və fasiləsiz iş rejimində həyata keçirilib...”

Xatırlatma

Sosial evlərin tikintisi ilə məşğul olan Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) prezident İlham Əliyevin 2016-cı ilin aprelində imzaladığı sərəncamla yaradılıb.

Həmin agentliyin əsasnaməsinə görə, başlıca hədəflərdən biri vətəndaşların güzəştli mənzil əldə etmələrinə şərait yaratmaqdır. Yasamal Yaşayış Kompleksi 29 yaşayış binasından ibarətdir. Kompleksin bütün mühəndislik infrastrukturu dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına qurulub.

Ötən il dekabrın 24-də isə prezident İ.Əliyev Mənzil İnşaatı Dövlət Agentliyinin ikinci layihəsi çərçivəsində Hövsanda inşa ediləcək 11 binadan birincisinin təməlini qoymuşdu.

XS
SM
MD
LG