Keçid linkləri

2024, 13 Noyabr, çərşənbə, Bakı vaxtı 23:30

'Nosferatu'nun 100 illiyi


"Nosferatu" filmindən kadr
"Nosferatu" filmindən kadr

BBC yazır ki, düz 100 il bundan əvvəl, 1922-ci ilin martında Berlin kinosevərləri alman rejissoru F.V.Murnaunun "Nosferatu: A Symphony Of Horror" filminin premyerasına gedib ekranda qorxunc qraf Orlokun tabutdan xortlamasını görüblər. Əvvəlcədən heç nədən şübhələnməyən bu tamaşaçılar, bəlkə də, kino tarixində ilk belə səhnənin şahidi olurdular.

Brem Stokerin "Dracula"sının qeyri-rəsmi ekranlaşdırılması olan bu film səssiz kinonun klassikası sayılır. Bu filmdə istifadə olunan üsullar o zamandan bəri qorxu filmlərinin yaradıcılarına ilham verib. Maks Şrekin ifasında ikonik Orlok personajının yaradılması özü-özlüyündə əlamətdar hadisə idi. Yazıçı Kristina Massaççesi Orloku kino ekranlarında "bütün vampirlərin atası" adlandırır.

Yekun filmdəkindən də qorxunc

Bu əcaib personajın yaradılışını ilk növbədə "Nosferatu"nun prodüseri Alben Qrauya borcluyuq. "Nosferatu" Rumıniyada vampirlərə və ya tam ölməmiş adamlara deyirlərmiş. 1921-ci ildə özünün "Prana Film" adlı müstəqil studiyasını açan Qrau, eyni zamanda, Murnau ilə birgə işləyib "Nosferatu"nun dizaynı ilə məşğul olub. Onlardan əvvəl heç bir vampir filminin olmadığını nəzərə alsaq, Qraunun baxıb ideya alacağı və ya müqayisə edəcəyi bir personaj yox idi. Onun skeçlərində Orlok hətta yekun filmdəkindən də qorxulu görünür.

Massaççesi deyir ki, Qrau layihənin lap əvvəlindən bəri vampirin necə görünməli olduğunu bilirdi: "O, Stokerin romanındakı elementlərdən yalnız bir neçəsini, məsələn, sivri qulaq və əyri burnu saxlayır. O, eyni zamanda, Şərqi Avropa folklor ənənəsindəki "ölməzlər"in təsvirindən yararlanır. Orlok insanların yox, siçanların arasında özünü daha rahat hiss edən ziyanverici məxluqdur".

Bəzi şərhçilər Orlokun iyrənc, gəmiriciyə bənzər görünüşünü Birinci Dünya müharibəsi və "ispan qripi"nin travmaları ilə əlaqələndirirlər. Filmdə Transilvaniyadan Almaniyaya gəmi ilə gələn qrafı xəstəlik yayan siçovullar müşayiət edir.

Macar aksenti

Orlokun tamaşaçını qorxuya salan makiyajı və kostyumu möhtəşəmdir. Ancaq filmin uğurunun əsas hissəsi Şrekin aktyor oyununun payına düşür. Onun yavaş, lakin sərt hərəkətləri personajın qotik qəribəliyini tamamlayır.

Publisist və kino tənqidçisi Kim Nyuman deyir ki, söhbət səssiz kinodan getdiyinə görə Şrek orada hər hansı bir aksent və ya dialoq canlandıra bilməzdi. Onun bu dəhşəti göstərmək üçün yeganə vasitəsi görünüşü idi. Vampirlər haqda ilk səsli filmsə yalnız 1931-ci ildə çəkilib. Tod Brauninqin "Dracula" filmində baş rolu macar aktyor Bela Luqoşi oynayıb. O zamandan bəri amerikalı tamaşaçılar vampirlər haqda düşündükləri zaman Luqoşinin macar aksentini xatırlayırlar.

Orlokun xələfləri

Orlokun xələfləri arasında "I am Legend" filmindəki post-apokaliptik leşyeyənlər də var, Qilyermo del Toronun "Blade 2""The Strain" seriallarındakı qaniçənlər də, yenə del Toronun "Labyrinth" filmindəki Solğun adam (Pale Man) da. Solğun adamı canlandıran və "The Strain"də qorxunc personajlardan birini oynayan aktyor del Toro ilə müntəzəm əməkdaşlıq edən Daq Consdur. O, həm də "Nosferatu"nun 2016-cı ildə çəkilmiş rimeykində Orloku canlandırıb. Ancaq bu film hələ ekrana çıxmayıb.

Verner Hertsoq 1979-cu ildə "Nosferatu"nun rimeykini çəkərkən orijinal Orlokun görünüşünü təkrarlamışdı. O öz filminə aktyor Klaus Kinskini çəkmişdi. Hərçənd qrafın adını dəyişib yenidən "Drakula" etmişdi.

"Gəlin qraf Orlokun 100 illiyi münasibətilə hər hansı qırmızı maye ilə dolu qədəhlərimizi qaldıraq", – BBC-nin məqaləsində deyilir.

XS
SM
MD
LG