Rusiya bildirib ki, Norveçin ölkədəki ABŞ dəniz piayadalarının sayını iki dəfədən çox artırmaq planına cavab verəcək.
Oslodakı Rusiya səfirliyinin iyunun 14-də verdiyi bu bəyanatdan iki gün əvvəl Norveç bildirmişdi ki, özünün NATO müttəfiqi olan ABŞ-dan gələn ilin əvvəlindən ölkəyə əlavə olaraq 700 dəniz piyadasının göndərilməsini xahiş edəcək.
Müşahidəçilər deyirlər ki, Moskva 2014-cü ildə Ukraynanın Krım yarımadasını qanunsuz olaraq ilhaq etdikdən sonra, Rusiyanın avropalı qonşuları arasında Kremlin təcavüzündən narahatlıqlar artıb.
Rusiya səfirliyinin bəyanatında deyilir ki, Norveçin bu planı həyata keçərsə, ölkə daha az proqnozlaşdırılan olacaq və bu da gərginliyin artmasına, silahlanma yarışının qızışmasına və Şimali Avropanın sabitsizləşməsinə gətirib çıxaracaq:
“Biz bu hərəkətin qeyri-dost addım olduğunu və bunun nəticəsiz qalmayacağını bildiririk”.
Hazırda Norveçdə yerləşdirillmiş 330 ABŞ dəniz piyadası bu ilin sonlarında bu ölkəni tərk etməlidir.
Onlar NATO üzvü olan Norveçdə yerləşdirilmiş ilk əcnəbi hərbi kontingent idi.
Norveçin xarici işlər naziri Ine Eriksen Soereide iyunun 12-də jurnalistlərə bildirmişdi ki, əlavə olaraq göndəriləcək ABŞ qoşunları ölkənin Rusiya ilə sərhədinə yaxın ərazidə yerləşdiriləcək.
O bu ərazinin Rusiyanın 420 kilometrliyində, Norveç Arktikasındakı Daxili Troms regionu olduğunu da demişdi.
Soereide bunu da əlavə etmişdi ki, ölkədəki ABŞ əsgərlərinin sayının artırılması ideyası Norveç parlamentində də geniş dəstək tapıb.
Xarici işlər naziri bununla yanaşı dəqiqləşdirib ki, bu addımlar ABŞ hərbçilərinin Norveç ərazisində daimi yerləşdirilməsi və ya burada ABŞ hərbi bazasının yaradılması kimi qiymətləndirilməməlidir.
ABŞ dəniz piyadaları ilk dəfə Norveçə gələndə Moskva bundan hiddətlənmiş və bildirmişdi ki, bu hadisə iki ölkə arasındakı münasibətlərə mənfi təsir göstərəcək.
NATO-nun növbəti böyük Trident Juncture 18 hərbi manevrləri oktyabr-noyabr aylarında Norveç və onun ətrafında keçiriləcək.
Bu hərbi təlimlərə NATO-nun bütün 29 üzvü, habelə Finlandiya və İsveç qatılacaq.
Hərbi manevrlərdə 40 min hərbçi, 70 gəmi və 130 təyyarə və helikopter iştirak edəcək.