Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:18

Fotodakı ağ adamın səssiz qəhrəmanlığı


filmsforaction.org
filmsforaction.org

►Avstraliya Parlamenti illər sonra ayrıca qətnamə qəbul edib Peter Normandan üzr istəmişdi

“Bəzən fotolar da adamı aldadır. Məsələn, yuxarıdakı foto kimi. Burada 1968-ci ildə Meksika Yay Olimpiadasında 200 metrlik məsafəyə qaçış üzrə medal qazanmış John Carlos və Tommie Smith-i üsyankar pozada görürük. Və bu foto məni uzun müddət aldadıb”.

Bunu “filmsforaction.org” saytında Riccardo Gazzaniga yazır.

Fotoda iki ayaqyalın qaradərili idmançı başlarını əyiblər, ABŞ-ın milli himni çalınarkən qara əlcəkli yumruqlarını havaya qaldırılıblar.

Müəllif qeyd edir ki, bu, çox güclü simvolik bir hərəkətdir – afroamerikalıların hüquqları uğrunda mübarizəni göstərir. Facilərlə dolu həmin ildə Martin Luther King və Bobby Kennedy öldürülmüşdü.

Buna da bax: Azərbaycanda irqçilik və dözümsüzlük - Avropdan tərif və tənqid gəldi

ÖZÜNDƏNRAZI İNGİLİS?

“Bu, iki qaradərili kişinin tarixi fotosudur. Burada heç vaxt podiumdakı ağdərili idmançıya fikir verməmişəm. Onun fotoya təsadüfən, çağrılmamış qonaq kimi düşdüyünü düşünmüşəm. Hətta düşünmüşəm ki, özündənrazı bu ingilis donuq hərəkətsizliyi ilə Smith və Carlos-un sakit etirazına qarşı çıxır. Amma yanılmışammış”, yazan müəllif təzəlikcə öyrəndiyi həqiqəti paylaşır. Gianni Mura-nın müəllifi olduğu məqalədən öyrənib ki, həmin ağdərili 1968-ci il gecəsinin üçüncü qəhrəmanı imiş. Peter Norman adlı bu avstraliyalı yarımfinalda 20.22 saniyəyə qaçandan sonra finala düşüb, onu yalnız Tommie Smith (20.14) və John Carlos (20.12) qabaqlayıblar.

Mükafatlandırma mərasimində Smith və Carlos qərar verirlər ki, bütün dünyaya insan haqları uğrunda mübarizələrini göstərsinlər.

Norman isə sərt irqçilik qanunları olan Avstraliyadandır. Bu ölkədə qeyri-ağdərililərin immiqrasiyasına qadağalara, aborigen əhaliyə ayrıseçkiliyə görə gərginlik və küçə yürüşləri davam edirdi. İki amerikalı Norman-dan soruşublar ki, insan haqlarına inanırmı. Cavab verib ki, inanır. Allaha inanırmı, inanır.

“Bilirdik ki, edəcəyimiz etiraz istənilən atlet qaçışından güclüydü, və o da dedi ki, “sizinləyəm”. Norman-ın gözlərində qorxu görəcəyimi gözləyirdm, amma sevgi gördük”. Bunu John Carlos xatırlayır.

Buna da bax: Keçmiş London meri “babasının türklüyünü” niyə unudub?

O DA DÖŞ NİŞANI TAXIR

Smith-lə Carlos qərar verirlər ki, stadiona İnsan Haqları üzrə Olimpiya Layihəsinin döş nişanıyla çıxsınlar. Qara əlcək isə “Qara Panteralar” hərəkatının simvoluydu. Amma podiuma çıxmazdan baxırlar ki, bircə cüt əlcəkləri var. Norman onlara məsləhət görür ki, hərəsi birini taxsın, onlar da qulaq asırlar. Daha sonra Norman onlardan döş nişanı istəyib, “mən də bununla sizə dəstəyimi göstərə bilərəm”.

Bu zaman ağdərili amerikalı avarçəkən Paul Hoffman söhbəti eşidir. O, həmin layihənin fəalıydı. Düşünür ki, ağdərili avstraliyalı döş nişanı istəyirsə, mütləq ona verilməlidir. Beləliklə, özününkünü Normana verir.

Sonra üçü podium çıxır və bu foto tarixə düşür. Amerika nümayəndə heyətinin rəhbəri and içir ki, bu atletlər etdiklərinin bədəlini ödəyəcəklər, çünki bu jestin idmana dəxli yoxdur. Smith-lə Carlos Amerika Olimpiya Komitəsindən uzaqlaşdırılır, Olimpiya kəndindən qovulurlar, Hoffman onlarla əlbir olmaqda suçlanır.

BƏDƏLDƏN SONRA...

Bu iki atlet xeyli təzyiqlərə məruz qalır, ölümlə hədələnirlər. Sonucda onların hüququ bərpa olunur, insan haqları savaşında öndə gedir, Amerika Atletika komandasıyla əməkdaşlıq edirlər. San Jose Dövlət Universitetində heykəlləri qoyulur.

Amma həmin abidədə Peter Norman-ın yeri boşdur. Unudulmuş atlet hətta ölkəsində belə tarixdən silinir

O, dörd il sonra Münhen olimpiadasına buraxılmır. Məyus olub idmanla həvəskar səviyyədə məşğul olur. Ölkəsində onunla yaxşı rəftar edilmir, ailəsinə təzyiqlər olur, iş tapa bilmir. Bir müddət idman müəllimi işləyir, həmkarlar ittifaqının üzvü kimi bərabərsizliklə savaşır, hərdənbir qəssab dükanında da çalışır. Aldığı bir xəsarət bədənində qanqrena verir, depressiyaya düşür, alkoqol düşkününə çevrilir.

"QURBANLIQ QOYUN"

John Carlos demişkən, “Peter bütün ölkəyə qarşı dayanmalı oldu, təkbaşına əziyyət çəkdi”. İllər ərzində Norman özünü bir yolla xilas edə bilərdi: ona təklif olunurdu ki, Carlos-la Smith-in hərəkətini pisləsin, bununla da əfv olunardı.

Bu əfv onu Avstraliya Olimpiya Komitəsində sabit işlə təmin edərdi. Amma Norman təslim olmadı və iki amerikalı atletin hərəkətini heç vaxt pisləmədi.

Norman 2006-cı ildə ürəktutmasından vəfat edir. Nəşini Tommie Smith və John Carlos çiyinlərində daşıyır.

“Peter tənha əsgər idi. O, şüurlu şəkildə inan haqları uğrunda qurbanlıq qoyun olmağı seçdi. Avstraliyanın ondan başqa şərəfləndirəcəyi, tanıyıb dəyər verəcəyi ikinci adam yoxdur”, John Carlos belə deyir.

“QÜRUR DUYDUM”

Yalnız 2012-ci ildə Avstraliya Parlamenti Peter Norman-dan rəsmi üzrxahlıq olunan qətnamə qəbul edir.

Qardaşı oğlu Matt barəsində “Salute” adlı film çəkib. Peter Norman-ın filmdə dedikləri onun həmin tarixi fotodakı duruşunu çox gözəl təsvir edir:

“Anlamırdım ki, niyə qaradərili ağdərilinin su içdiyi krandan içə bilməz, onunla bir avtobusa minə, bir məktəbə gedə bilməz. Sosial ədalətsizlik vardı, mən buna qarşı heç nə edə bilmirdim, amma buna nifrət edirdim. Deyirlər ki, gümüş medalımı həmin insidentlə paylaşmam çıxışımdan diqqəti yayındırıb. Əksinə. Etiraf etməliyəm ki, bu etirazın bir hissəsi olmaqdan qürur duydum”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG