Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:45

Keçmiş London meri “babasının türklüyünü” niyə unudub?


Boris Johnson
Boris Johnson

“The Financial Times” qəzeti yazır ki, Britaniyanın Avropa İttifaqında qalıb-qalmamasına dair referendumun kampaniyasında “Türkiyə məsələsi” təbliğat-antitəbliğat alətinə çevrilib

“The Financial Times” qəzetinin müxbiri Philip Stephens-in məqaləsində deyilir ki, Birləşmiş Krallığın Avropa İttifaqında qalıb-qalmamasına dair iyunun 23-də keçiriləcək referendumun iki kampaniya cəbhəsi arasında “Türkiyə məsələsi” əsas təbliğat və ya antitəbliğat alətinə çevrilib.

Müxbir yazır ki, bu xüsusilə də Britaniyanın ittifaqdan çıxması uğrunda mübarizə aparan və Birləşmiş Krallığın mediasında “Brexiter”lər adını qazanmış siyasətçilərə aiddir.

Məqalədə deyilir ki, Brexit (Britaniya və exit sözlərindən düzəldilmiş ad) kampaniyasının təbliğat videolarına baxsanız, Ankaradakı Türkiyə parlamentində millət vəkillərinin əlbəyaxa döyüşünü, plakatlara fikir versəniz, “Əhalisi 76 milyon olan Türkiyə Avropa İttifaqına üzv olacaq” kimi həyəcanlı bəyanatlar görəcəksiniz.

"Hamilə qadınlar ordusu"

Brexit kampaniyası təlqin edir ki, Türkiyə Avropada ən böyük doğum reytinə malikdir və ya “tezliklə Britaniyanın Milli Səhiyyə Xidmətinitürk hamilə qadınlar bürüyəcək”.

Britaniya və Avropa bayraqları London küçəsində
Britaniya və Avropa bayraqları London küçəsində

Bunun ardınca isə heç bir faktlarla əsaslandırılmayan və ya uydurma məlumatlar gəlir. Məsələn, Türkiyədə cinayətkarlıq və “qanqsterizm” baş alıb gedir, Türkiyənin Avropa İttifaqına daxil olması ittifaqın sərhədlərini müharibə gedən Suriyaya yapışdıracaq və sair.

“Qısası, tezliklə Britaniyanı əksəriyyəti quldur və sosial təminat fırıldaqçısı olan milyonlarla türk basacaq” – yazır müxbir.

Məqalədə deyilir ki, ABŞ-da respublikaçı namizəd Donald Trump müsəlmanların hamısı ilə şübhəli şəxs kimi rəftar etməyə çağrırır, Britaniyada isə mühafizəkarların Leave (Avropa İttifaqını tərk et) kampaniyasının liderləri – keçmiş London meri Boris Johnson və hökumət naziri Michael Gove bütün türk xalqını düşmən kimi qələmə verirlər.

Bu da qeyd olunur ki, referendum kampaniyasının axırda ksenofobiyaya çevriləcəyi qorxusu lap əvvəldən mövcud olub.

Məsələn, Britaniya Müstəqllik Partiyası – UKİP-in lideri Nigel Farage özünə heç vaxt legitim debatla birbaşa irqçılık arasında fərq qoymaq əziyyəti verməyib, amma hakim Mühafizəkarlar Partiyasından bəzi vəzifəli rəsmilərin UKİP-in izi ilə yürüş etməsi təəccüb doğurur.

Ali Kemal bəyin Johnson törəməsi

Philip Stephens yazır ki, dünyanın ən kosmopolit şəhəri Londonun keçmiş meri cənab Johnson-un bütün ambisiyaları baş nazir David Cameron-un vəzifəsini onun əlindən almaqdır. Cənab Gove isə Cameron-un kabinetində qanunun aliliyi məsələlərinə cavabdehdir. Bu siyasətçilərin hər ikisi özlərini sosial liberallar kimi təqdim edirlər.

“Cənab Johnson hətta bir vaxtlar ailəsinin türk əsilli olması və ulu babasının Ali Kemal Bey adını daşıması ilə lovğalanırdı və lap son vaxtlaradək Türkiyənin Aİ-yə qəbulunun ən uca səsli tərəfdarı idi – yazır Stephens, - İndi isə o, əcdadlarının yurdunu sivilizasiyaya təhlükə adlandırır”.

“The Financial Times” müxbiri yazır ki, bu “anti-Türkiyə” kampaniyasının hələlik ən ağlabatan cavab zərbəsi Türkiyənin gözlə görünən yaxın gələcəkdə Avropa İttifaqına üzv ola bilməyəcəyi barədə müddəadır.

İngiltərənin Bristol şəhərində divar qraffitisi - Trump və Johnson
İngiltərənin Bristol şəhərində divar qraffitisi - Trump və Johnson

Elə baş nazir Cameron da bunu deyir. Deyir ki, Türkiyə ittifaq üzvlüyünə ilk dəfə 1960-cı illərdə müraciət edib. Brüssellə danışıqlar 2005-ci ildə başlanıb. Son on ildə Türkiyənin üzvlüyü üçün lazım olan 35 qəbul fəslindən yalnız biri tamamlanıb. Bundan başqa bu gün ittifaq üzvlərindən hər birinin hansısa ölkənin üzvlüyünə veto qoymaq hüququ var. Türkiyəyə çox da dost münasibət bəsləməyən bu ölkələrdə məsələ referendumlara qoyulacaq. Əgər lap bütün bunlar da ötüşsə, sonra uzun keçid dövrü başlanacaq. Burada söhbət ən yaxşı halda bir neçə onillikdən gedir.

Buna baxmayaraq, cənablar Johnson və Gove absurdcasına israr edirlər ki, Türkiyə 2020-ci ilədək Aİ-nin tamhüquqlu üzvü olacaq.

“Onların fikrincə rasional arqumentə utanmaz yalançılıqla cavab vermək olar” – yazır qəzet.

Erdoğanın Lüdovikliyi

Məqalədə bu da deyilir ki, prezident Recep Tayyip Erdoğanın avtoritarlığa doğru sərt dönüşü hətta Türkiyənin Avropa İttifaqına üzvlüyünün qatı tərəfdarlarını da pərt edib. On il bundan əvvəl hamı tərəfindən demokrat kimi qəbul edilən bu şəxs bu gün 14-cü Lüdovikə layiq sarayda oturur.

Cənab Johnson hətta bir vaxtlar ailəsinin türk əsilli olması və ulu babasının Ali Kemal Bey adını daşıması ilə lovğalanırdı

Müəllifin fikrincə, Türkiyənin Aİ üzvlüyünü uzaq perspektivə çevirən amillərdən biri də budur.

“Lakin ittifaqdan çıxmaq istəyənlər atəşi Erdoğana yox, türk xalqına qarşı yönəldiblər” – yazır müxbir.

Məqalə müəllifinin fikrincə bu yanaşma ilk növbədə qloballaşmanın əleyhinə olan işçi təbəqənin səslərinə hesablanıb.

“The Financial Times” yazır ki, ən acınacaqlısı “türk kartını oynayanların” adamları demokratiyanı Avropa İttifaqının cəngindən qorumaq istədiklərinə inandırmaq cəhdidir.

“Lakin, əksinə türklərə və ümumilikdə müsəlmanlara qarşı xürafat yaradanlar uzun müddətdə britaniyalılığı formalaşdırmış liberal dözümlülüyü bir tərəfə atırlar. Cənab Johnson düşünə bilər ki, bu, referendumu udmağın və ardınca da Dauninq strit 10-dakı evin açarlarını almağın yoludur. Amma nəyin bahasına?” – yazır Philip Stephens .

XS
SM
MD
LG