Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 00:18

2016-da Avropa İttifaqını nələr gözləyir?


Belarus müxalifətçisi Aİ bayrağını tutur.

Belarus müxalifətçisi Aİ bayrağını tutur.

-

«Berlin divarı» yıxılandan 25 il sonra, 2015-ci ildə, İkinci Dünya müharibəsindən bəri misli görünməmiş miqrant dalğasının qarşını almaq üçün Avropa boyunca yeni çəpərlər çəkilir. Beləliklə, 28 üzvdən ibarət ittifaqın özünün yaşarlılığı müəyyən suallar doğurur.

2016-cı ildə Brüssel heç də təkcə Yaxın Şərq, Asiya və Afrikadakı müharibələrdən qaçıb gələn minlərlə miqrant və qaçqın axını ilə yaranan problemləri həll etməli olmayacaq. Avropa İttifaqı bu problemdən doğan başqa problemlərə, Avropa boyunca sərbəst gediş-gəliş rejimini saxlayıb-saxlamamaq məsələsinə aydınlıq gətirməyə çalışacaq. «İslam Dövləti» silahlı qruplaşması noyabrın 13-də Parisdə 130 nəfəri qətlə yetirdikdən sonra Avropa sərhədlərinin daha da möhkəmləndirilməsi tələbləri getdikcə daha ucadan eşidilir.

Digər bir mühüm hadisə budur ki, Britaniya Avropa İttifaqında qalıb-qalmamaq məsələsinə dair referendum keçirmək qərarını 2016-cı ildə verməlidir. Brüsseldə artıq «Brexit» adını qazanmış bu referendum Avropanı onun ikinci böyük iqtisadiyyatından məhrum edə bilər. Qitənin o biri başında olan Rusiya ilə 2016-cı ildə necə rəftar etməli sualı da açıq qalır. Avropa İttifaqının bir çox üzv ölkələri, Rusiyaya qarşı sanksiyalar ucbatından 150 milyon istehlakçıdan ibarət bazarın itirilməsindən narazıdırlar.

Bu sanksiyalar Rusiyanın üzərinə Moskvanın Ukraynanın daxili işlərinə qarışması ilə əlaqədar qoyulub.

Qaçqınlar Yunanıstan-Makedoniya sərhədində.

Qaçqınlar Yunanıstan-Makedoniya sərhədində.

MİQRASİYA

Miqrasiya problemi 2016-cı ildə də özünü büruzə verməkdə davam edəcək. Avropa Komissiyasının noyabr ayındakı hesablamasına görə, 2016-cı ilin sonunadək Avropaya 3 milyon qaçqın gələ bilər. Bu, 2015-ci ildə əksəriyyəti dənizlə Yunanıstan və İtaliyadan keçib gələn 1 milyon miqrantdan üç dəfə çoxdur. Üstəlik, komissiya bildirib ki, qitəyə miqrant axını heç 2017-ci ildə də dayanmayacaq.

Miqrantların qəbulu və yerləşdirilməsi məsələsi Avropa İttifaqında dərin ixtilaflara səbəb olub. Antimiqrant düşərgəsinin liderlərindən - Macarıstanın baş naziri Viktor Orban sentyabr ayında bəyan etmişdi ki, «Avropanın xristianlığını qorumaq üçün sərhədlərimizin müdafiəsi zəruridir». Macarıstan qaçqınların Şengen zonasına gəlmələri üçün ən intensiv tranzitlərindən birinə çevrilib.

Orban-ın hökuməti qaçqın axınına Macarıstanla Makedoniya, Avstriya və Sloveniya arasındakı sərhədlərə məftilli çəpər çəkməklə cavab verib. Dekabr ayında Macarıstan və Slovakiya Avropa İttifaqını məhkəməyə verib. Buna səbəb o olub ki, Avropa İttifaqı 120 min qaçqının üzv ölkələr arasında bölüşdürülməsinə dair kvotalar barədə qərar qəbul edib. Macarıstan hesab edir ki, üzv ölkələrin üzərinə icbari qaçqın kvotasının qoyulması qanunsuzdur. Halbuki, bu il ərzində Avropaya gəlmiş 1 milyon qaçqının yanında 120 min o qədər də böyük rəqəm deyil.

Beləliklə, 2016-cı ildə Brüssel heç də təkcə məhkəmələrlə çarpışmayacaq, o həm də dərk edəcək ki, kvotalar bu problemi həll etmək üçün kifayət deyil. Buna görə də Avropa liderlərini daha yüksək kvotalara razı salmaq üçün Bismark səriştəsi tələb ediləcək.

Bununla yanaşı, qaçqın axınını saxlamağın müqabilində Brüsseldən 3 milyard avro təzminat almış Türkiyənin özü də Suriya müharibəsindən Avropaya qaçan miqrantlarla çarpışmalı olacaq.

«Karneqi Avropa» analitik mərkəzindən Judy Dempsey bildirib ki, qaçqın axınının tam dayandırılması -Suriya münaqişəsinə tam son qoyulması deməkdir. Suriyaya dair diplomatik səylər 2015-ci ilin ikinci yarısından intensivləşsə də, Rusiyanın orada hava kampaniyasına başlaması və Rusiya təyyarəsinin Türkiyə tərəfindən vurulması potensial həlli daha da mürəkkəbləşdirib.

«Orada bütün müxalifət partiyaları və müxtəlif qruplaşmalar arasında münaqişəyə son qoyulması üçün konsensus əldə olunacaqmı? Çətin məsələdir. Yəni burada Səudiyyə Ərəbistanının maraqları nədir? İranın maraqları nədir? Rusiyanın maraqları nədir? Avropa İttifaqının, Amerikanın maraqları nədir? Üstəlik də miqrant problemi təəssüf ki, hələ bir müddət davam edəcək».

Serbiya-Macarıstan sərhədində avtomobillər.

Serbiya-Macarıstan sərhədində avtomobillər.

ŞENGEN ZONASI

Miqrant böhranı, daha dəqiq deyilərsə, Yunanıstanın dənizdən gələn miqrant dalğalarının öhdəsindən gələ bilməməsi Avropanın açıq sərhədlərini təmin edən Şengen zonasının gələcəyini təhlükə altına alır.

Paris hücumlarından sonra İttifaqın 22 və daha 4 ölkənin sərhədlərini pasportsuz keçmək imkanı yaradan Şengenin islah olunması və ya birdəfəlik ləğv edilməsinə çağırışlar indi daha ucadan səslənir. Terror hücumlarının təşkilatçısı olmaqda şübhəli bilinənlər Brüsseldəki Molenbik məhəlləsindən olsalar da, Belçikanın baş naziri Charles Michel deyib ki, basqın Avropa sərhədlərinin açıqlığı nəticəsində mümkün olub. Onun bu mülahizələri Şengen zonasının gələcəyinə olan ümidləri sarsıdır.

Daxili sərhədlər ətrafında debatlarla yanaşı, həm də Aİ-nin xarici sərhədləri ətrafında ziddiyyətlər davam edir. Fransa və Almaniya Aİ-nin sərhəd agentliyi - «Frontex»ə Birliyin xarici sərhədlərinin qorunmasında daha böyük səlahiyyətlərin verilməsini tələb edirlər.

Media xəbərlərinə görə, Fransa və Almaniyanın daxili işlər nazirlikləri xarici sərhədlərin qorunmasına dair təkliflər paketi hazırlayıb. Onlar bildiriblər ki, Şengen zonasının saxlanması üçün bu təkliflərin həyata keçirilməsi zəruridir. Bu təkliflərə həmçinin yeni Avropa Sərhəd və Sahil Keşiyi Qüvvəsinin yaradılması daxildir. Təkliflərə görə, bu qüvvə istənilən ölkəyə onun icazəsi olmadan yerləşdirilə bilər.

Brüssel Afinaya təzyiq göstərərək, onu sərhədlərinin qorunmasını «Frontex»ə həvalə etməyə razı salmaq istəyir və bildirir ki, əks halda Yunanıstan Şengen zonasından çıxarıla bilər. Yunanıstanın ölkə borclarına görə Avropa ilə onsuz da yaxşı münasibətləri olmayan baş naziri Alexis Tsipras «Frontex» qüvvələrinin yalnız qismən yerləşdirilməsinə razılıq verib. Aralıq dənizindən keçən miqrantların daha çox gəldiyi İtaliya da öz sərhədlərinin xarici agentlik tərəfindən qorunması ideyasına skeptik yanaşır.

Fransanın daxili işlər naziri Bernard Cazeneuve isə noyabrın 20-də deyib ki, Avropa İttifaqının daxili işlər və ədliyyə nazirliklərinə Şengen zonasının xaricindən gələnlərin sistemli şəkildə yoxlanılmasına dair təkliflər vermələri həvalə olunub.

Lakin ölkələr ortaq məxrəcə gəlməkdə bundan sonra da çətinlik çəksələr, 2016-cı ildə birtərəfli qaydada qərarlar qəbul edilə bilər.

«Biz xarici siyasətin getdikcə daha çox milliləşməsinin şahidi oluruq», - deyir Dempsey. «Bu meyl artıq bir neçə il idi ki, davam edirdi və bundan sonra onun intensivləşməsi baş verəcək».

Milli Cəbhə Partiyası bələdiyyə seçkilərinin birinci dövrəsində Fransanın 13 regionunda uğur qazanıb.

Milli Cəbhə Partiyası bələdiyyə seçkilərinin birinci dövrəsində Fransanın 13 regionunda uğur qazanıb.

SAĞÇILARIN YÜKSƏLİŞİ

Aİ-də hökm sürdüyü düşünülən süstlük və antimiqrant duyğuları fonunda ksenofoblar, faşistlər və başqa cürbəcür ekstremist qruplaşmalar qitə boyunca qüvvə kəsb etməyə başlayıblar və bu meyl ehtimal ki, 2016-cı ildə də davam edəcək.

Paris terror basqınlarının ardınca Fransanın ifrat sağ təmayüllü Milli Cəbhə Partiyası bələdiyyə seçkilərinin birinci dövrəsində ölkənin 13 regionunda uğur qazanmışdı. Lakin ikinci dövrədə milli cəbhəçilər tam iflasa uğradılar. Ekspertlər bu təzadı onunla izah edirlər ki, artıq o qədər də populyar olmayan sosialistlər yarışdan könüllü olaraq çıxmış və elektoratı mühafizəkarları dəstəkləməyə çağırmışdılar.

Fransalı ekspert Jean-Yves Camus deyir ki, ekstremistlər Avropaya axan miqrantları qaçqın yox, yadelli müdaxiləçilər kimi qələmə verirlər. Ekspertin fikrincə, miqrantların əsasən müsəlman olmaları ifrat sağçılara elektoratı bir növ «səlib yürüşü»nə çağırmaq imkanı verir. Bu zaman onlar Avropanın «xristian dəyərləri»nin qorunmasını bayraq edirlər.

Hətta tolerantlıq məskəni sayılan Skandinaviyada da sağ təmayüllü qruplaşmalar özlərinə ayaqyeri edə biliblər. İsveçdə ağdərililərin hegemonluğunu təbliğ edən ifrat sağçı İsveç Demokratları Partiyası tədricən seçkilərə qədəm basa bilib. Rəsmi rəqəmlərə görə, 10 milyon əhalisi olan bu ölkəyə bu il gələn miqrantların sayının 190 min nəfərə çatacağı gözlənilir. Özünün səxavətli sosial təminat sistemi ilə tanınan qonşu Norveçdə hökumət bildirib ki, miqrant qəbulu məsələsində «Avropa minimumu» səviyyəsində iştirak edəcək. Hökumətin belə sərt mövqeyi yerli sağçıları bəlkə də bir müddət təhlükəsiz edə bilər.

İsveçin təcrübəsi göstərir ki, ifrat sağçıların populyarlıq qazanması hökumətləri daha sərt qaydalar tətbiq etməyə vadar edə bilər. Macarıstanda baş nazir Orban-ın ənənəvi sağçı «Fidesz» Partiyası ekstremist «Jobbik» Partiyasına uduzmamaq üçün daha da sağçı mövqe tutmağa çalışır. Orban-ın Macarıstandakı uğuru Polşada 8 illik müxalifətçilikdən sonra təzəcə hakimiyyətə gəlmiş Qanun və Ədalət Partiyasını da sərt siyasətlərə ilhamlandıra bilər.

Analitik Ivan Krastev «The New York Times» qəzetinin 11 dekabr sayında yazır ki, Polşada Qanun və Ədalət Partiyasının uğuru, radikal və ekstremist partiyaların çoxluğun narazılığından necə yararlandığını nümayiş etdirir. Onun fikrincə, bu meyl Avropa İttifaqının gələcəyi üçün real təhlükədir.

David Cameron

David Cameron

«Bu təşkilatlar kütlələrin öz normal həyatları üzərində nəzarətini itirməsini «kosmopolit baxışlı elitalarla tayfa düşüncəli miqrantların qəsdi»nin nəticəsi kimi qələmə verirlər» – yazır təhlilçi.

O bildirir ki, daha çox ölkə «Orban modeli»ndən nümunə götürərsə, Avropa İttifaqının mövcudluğu şübhə altına düşəcək.

BREXİT

Sağların, ələlxüsus da avroskeptik olan Birləşmiş Krallıq Müstəqillik Partiyası - UKIP-in yüksəlişindən narahat olan Britaniya baş naziri David Cameron öz partiyasının ötən may seçkisindəki qələbəsini təmin etmək üçün Avropa İttifaqı üzvlüyü məsələsini referenduma çıxarmağı vəd edib.

Birləşmiş Krallıq 18 ölkənin vahid valyuta məkanına daxil deyil. Buna baxmayaraq, Britaniya Avropa İttifaqının ikinci ən böyük iqtisadiyyatıdır və onun üzvlükdən çıxması Avropa ÜDM-nın 15 faizinin itirilməsi demək olardı. D.Cameron Britaniyanın ittifaqda qalmasını istəyir və vəd edib ki, Londona daha çox müstəqillik verilməsi üçün Brüssellə yeni şərtlər əsasında razılığa gəlməyə çalışacaq.

Aİ rəsmiləri isə narahatdırlar ki, belə bir hal başqa üzvləri də daha çox muxtariyyətə şirnikləndirən presedent ola bilər. Referendum üçün dəqiq tarix müəyyən edilməyib və səsvermə 2017-ci ilə və bəlkə daha uzaq müddətə keçirilə bilər. Lakin Avropa «Brexit» adlandırdığı bu problemi 2016-cı ildə həll etməli olacaq.

İtaliya baş naziri Matteo Renzi və Rusiya prezidenti Vladimir Putin.

İtaliya baş naziri Matteo Renzi və Rusiya prezidenti Vladimir Putin.

RUSİYA

Rusiya məsələsi Aİ-nin parçalanması demək deyil, lakin bu məsələ ittifaq daxilində çəkişmələrə səbəb olur. Aİ 2014-cü ildə Rusiyanın Krımı Ukraynadan ilhaq etdiyinə görə Moskvaya qarşı ABŞ-ın qoyduğu sanksiyalara qoşulub. Bundan başqa, Rusiya Ukraynanın şərqindəki separatçılara silah-sursat və canlı qüvvə ilə dəstək verir.

Aİ sanksiyalarının əsas hissəsinin qüvvə müddəti 2016-cı il, yanvarın sonunda başa çatır və bu sanksiyaların gələcəyi indidən şübhələr buluduna bürünüb.

Dekabrın 9-da sanksiyaların iyulun 31-dək uzadılması barədə təklif bu məsələyə dair daha geniş debatlar keçirmək tələbini irəli sürən İtaliyanın gözlənilməz mövqeyinə görə keçməyib. Təhlilçilərin fikrincə, bu hadisə Putin Kremlinə münasibətdə ittifaq daxilindəki fikir ixtilaflarını göstərib. Sanksiyalar qlobal neft qiymətlərinin düşdüyü bir şəraitdə Rusiyaya ağır zərbə vurub. Lakin bu kimi problemlər Avropanın özünü də «çimdikləyir». Almaniyanın gündəlik «Die Welt» qəzeti yazır ki, Rusiyaya qarşı sanksiyalar Avropa İttifaqına 114 milyard dolların və 2 milyon iş yerinin itirilməsi hesabına başa gələ bilər.

Sanksiyalar Moskva ilə Qərbi Avropa arasındakı münasibətlərə tam son qoymayıb. Sentyabr ayında bir qrup Avropa şirkəti Rusiyanın dövlət şirkəti «Gazprom»la Ukraynadan yan keçərək Almaniyaya qaz nəql edəcək «Şimal axını» kəmərinə dair saziş imzalayıb. Bu qərardan sarsılan 10 Şərqi və Mərkəzi Avropa ölkəsi etiraz məktubu yazaraq, bu kəmərin Avropa İttifaqının maraqlarına zidd olduğunu və Ukraynadakı vəziyyəti daha da sabitsizləşdirəcəyini bildirib.

Lakin ittifaqın Baltik ölkələri də daxil, şərqdəki üzvləri narahatdırlar ki, Paris basqınlarının ardınca «İslam Dövləti» adlanan qruplaşma ilə daha sərt mübarizə və Suriya böhranının həlli məsələsinin aktuallaşması Kremllə münasibətləri yenidən normallaşdıra bilər. Beynəlxalq və Strateji Münasibətlər İnstitutundan fransalı ekspert Polşanın PAP xəbər agentliyinə deyib ki, hazırda beynəlxalq münasibətlər «abırsızlaşıb» və hazırda Ukraynada baş verən hadisələr Avropa üçün o qədər də mühüm deyil.

«İndi bizim üçün prioritet 130 Paris qurbanıdır» – deyib ekspert.

Beləliklə, real siyasət Kiyev rəsmilərindən Ukraynanı 2016-cı ildə də gündəmdə saxlamaq üçün böyük səylər tələb edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG