Keçid linkləri

2024, 09 May, Cümə axşamı, Bakı vaxtı 01:39

"Uje", "davay" sözlərini nəylə əvəzləyək?- Niyazi Mehdi ilə müsahibə


Niyazi Mehdi
Niyazi Mehdi

►"Özümüzdə yoxdursa, türklərdən götürmək olar"

“Kütlənin şüurunda bir dil olmalıdır”

Fevralın 21-də Beynəlxalq Ana dili günü qeyd edilir. Professor, dilçi-semiotik Niyazi Mehdi Azadlıq Radiosunun suallarını cavablandırır:

– Niyazi bəy, sizcə, niyə Azərbaycanda ana dili hər kəsin işlək dili deyil, hələ də öz aralarında yabançı dildə danışanlara rast gəlinir?

– Azərbaycan dilinin, görünür, mədəni-sosioloji statusu müəyyən qrupların gözündə yüksək deyil. Bunun kökləri çox dərindir. Orta əsrlərdə Fizuli kimi şairlərə heyran olursan. Ana dilinin yüksək sosial və fəlsəfi status daşımadığı bir vaxtda onlar Azərbaycan türkcəsində yazıblar. Sovet dövründə vəziyyət daha pis olub. Heyran olduğum bir tablonu sizə danışım. Bir dəfə Cenevrədə oraya dillə bağlı təcrübə keçməyə gedən türk tələbələri ilə tanış oldum. Öz aralarında türkcə danışırdılar. O cümlədən, müşahidə etmişəm ki, rus dilini əla bilən gürcülər öz aralarında gürcücə danışırlar. Amma iki azərbaycanlı öz arasında rus dilində danışır. Azərbaycan dili nəyə görə kulturoloji-sosioloji səviyyədə deyil? Bunun səbəbini anlamıram.

– Azərbaycanda ana dilində danışmaqdan utanırlarmı?

– Yox, şükür ki, sovet dövründən fərqli indi xeyli dəyişiklik var. Məsələn, sizə deyim, azərbaycanca tamaşanın məşqində göstərişlər rusca verilirdi. Öz aralarında rusca danışan azərbaycanlı tanışıma demişəm ki, “o səni azərbaycanca anlayır, o zaman sən azərbaycanca danış”. Yəni, sovet dövründə elə adamlar var idi ki, rus dilində ləhcə ilə danışırdılar, amma utanmaq yerinə, yenə də rus dilində danışmağa davam edirdilər. Amma indi rus dilində bilməyən adam zorla danışmağa cəhd göstərmir. Bu gün hamımızın borcudur ki, imkan daxilində Azərbaycan dilini işlədək.

__________________________________________________________

Bunlara da bax:

___________________________________________________________

– Hesab eləyirlər ki, Azərbaycan dili zəngin deyil. Bu fikri paylaşırsızmı?

– Dil nə qədər çox müxtəlif reallıqda işlənirsə, o qədər inkişaf edir. Fikir verin, rus dilini bilən adamlar azərbaycanca dublyaj filmlərə baxanda əsəbiləşirlər. Çünki onlar dublyaj edilmiş sözün rusca səslənməsini və mənasını, azərbaycanca düzgün tərcumə edilmədiyini bilirlər. Sosial reallıq deyəndə, yazıçıların, səfirlərin, adamlara təsir edən şəxslərin nitqini nəzərdə tuturam. Dil nə qədər çox reallıqda işlənirsə, inkişaf da edir, özündə olmayan sözü də başqa dillərdən götürür. Azərbaycan dili sosial reallığın bütün sahələrində işlənməyib. Söhbət Azərbaycan dilinin az inkişaf etməsindən yox, az sosial reallıqlarda işlənməsindən gedir.

– Azərbaycanda hələ də rusdilli məktəblər qalır. Bu, ana dilinə zərbə vururmu?

– Sovet dövründə rəhmətlik Aydın Məmmədov ortaya bir ifadə atdı: “qoşa qanad”. Yəni Azərbaycanda ana dili ilə bağlı elə bir vəziyyət idi ki, Aydın Məmmədov bu “qoşa qanad”la təbliğ etmək istəyirdi ki, azərbaycanlılar həm rus, həm də ana dilində gözəl danışmalıdır. O vaxt Aydın Məmmədova dedim ki, heç bir xalqa ikinci dil lazım deyil. Başqa dili asanlaşdırmaq üçün vacib deyil ki, ölkədə hamı rusca danışsın. Yəni kimə rus dili lazımdırsa, öyrənməyə əziyyət çəkməlidir. Biri də var ki, uşaqlar avtomatik öyrənirlər. Bir ailə, məsələn, uşağına rus dayəsi tapır ki, bu dili körpəlikdən öyrənsin. Bu, normaldır. Amma bizdəki vəziyyət ikidillilikdir. İkidillilik nadir halda harmoniyada olur. Kütlənin şüurunda bir dil olmalıdır.

– Niyazi bəy, hətta rus dilini bilməyən insanların nitqində bəzi kəlmələr var, “davay”, “uje” və s. Bəziləri hesab edirlər ki, bu sözlər artıq dilimizdədir, işlənməlidir.

– Ehtiyac yoxdur. Belə sözləri də tanınmış insanlar, dəbdə olan gənclər, musiqiçilər təmiz azərbaycanca desələr, bunun böyük təsiri olar. “Davay, gedək”, əvəzinə “gəl, gedək” də demək mümkündür.

__________________________________________________________

Bunlara da bax:

___________________________________________________________

– Niyazi bəy, ötən həftə parlament “antidempinq” haqqında qanun layihəsinin özündən çox dilini tənqid etdi. Ölkə qanunlarının dilinin bərbad olması fikri yeni deyil. Sizcə, Azərbaycan dilində qanun yazmaq mümkün deyilmi?

– İnsan Haqları üzrə bəyannaməni azərbaycancaya tərcümə eləmişdim, onu ərəb-fars sözlərindən mümkün qədər təmizləməyə çalışmışdım. Məsələn, “müvafiq” sözünü “uyğun”la əvəzləmişdim. Yəqin ki, hüquq dili dünyada bərbaddır, amma bizdə lap pisdir. Amma istəsək, bizim qanunların dilini təmizləmək olar. Özümüzdə yoxdursa, türklərdən götürmək olar.

– Bu zaman da Türkiyə türkcəsinin Azərbaycan dilinə qarışdığı ittihamları eşidilməyəcəkmi?

– Bizim tələffüz qaydalarına uyğun olacaq. Məcbur deyil ki, türklərin orfoqrafiya qaydalarına uyğun olsun. Həm də bunu yavaş-yavaş etmək lazımdır, öyrəşmə prosesi getməlidir.

Azərbaycan dilinin kefi necədir?
Gözlə

No media source currently available

0:00 0:03:49 0:00

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG