Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:56

Nikol Pashinian:‘Ən yüsək səviyyədə muxtariyyət nə deməkdir?’


Nikol Pashinian
Nikol Pashinian

Ermənistanın baş naziri Nikol Pashinian ölkə Milli Məclisində keçirilən “hökumət saatında” Qarabağ münaqişəsi ilə bağlı məsələləri müzakirə edib.

O deyib ki, “səmərəli danışıqların keçirilməsi üçün səmərəli danışıq formatı olmalıdır”.

AzadlıqRadiosu Erməni xidmətinin məlumatına görə Pashinian bildirib ki, belə bir format 1994-cü ildən mövcuddur və Dağlıq Qarabağ bu formatda danışıqlar prosesinin bərabərhüquqlu tərəfi kimi tanınıb:

“Biz indi cəhd göstəririk ki,bu təsbit edilmiş format ATƏT-in Minsk qrupunun çərçivəsində tammənalı şəkildə işləsin”.

Müzakirə zamanı Pashinian-ın “Mənim addımım” fraksiyasından Tatev Ayrapetyan deyib ki, Bakı hazırda bütün dünyaya erməni tərəfinin mövqeyini sərtləşdirdiyini göstərməyə çalışır.

Buna cavab olaraq Pashinian deyib ki, belə qiymətləndirmələr mövcuddur, amma onun rəhbərlik etdiyi hökumətin Qarabağ tənzimlənməsinə dair mövqeyində heç bir dəyişiklik baş verməyib:

“Hələ bundan əvvəlki çağırış Milli Məclisində mən elə bu tribunadan demişdim ki... Qarabağ probleminin istənilən həlli Ermənistan xalqı, Qarabağ xalqı və Azərbaycan xalqı üçün məqbul olmalıdır. Biz özümüz də başa düşürük ki, bu elə də yüngül bəyanat deyil...Bu bəyanat normal danışıqlar atmosferinin yaradılması üçün və Azərbaycan tərəfinin də belə bir bəyanatla çıxış edəcəyi ümidi ilə verilmişdi və Ermənistan əslində bu istiqamətdə ilk addım atmışdı. Təəssüf ki, Azərbaycan tərəfindən indiyədək belə bəyanat verilməyib. Əksinə məsələlərin güc və hərbi yolla həll edilməsinə hazır olduqlarına dair daim eyham vurulur. Elə bəyanatlar səslənir ki, Azərbaycan hökumətinin məsələnin tənzimlənməsinin Qarabağ və Ermənisrtan xalqları üçün də məqbul variantının mövcudluğu barədə hətta düşünmədiyini göstərir...”

Azərbaycan tərəfinin Qarabağa ən yüksək muxtariyyət verilməsi təklifi ilə bağlı məsələyə toxunan Pashinian deyib ki, Qarabağ xalqının öz müqəddəratını müəyyən etmək haqqı var və o bu haqdan istifadə etməlidir:

“Ən yüksək səviyyədə muxtariyyət nə deməkdir? Dağlıq Qarabağ xalqı öz mövqeyini dəqiq bildirib. Dağlıq Qarabağ xalqının öz müqəddəratını müəyyən etmək hüququ var o bu hüquqdan istifadə edə bilməlidir. Beynəlxalq icmaya gəlincə isə, hesab edirəm ki, ATƏT-in Minsk qrupunun çərçivəsində elə prinsiplər təsbit olunub ki, bu prinsiplərin çərçivəsində tənzimlənmə əldə olunmalıdır. Çox mühümdür ki, bu prinsiplərdən biri kimi xalqların öz müqəddəratını təyinetmə hüququ təsbit olunub”.

Parlamentdə keçirilən hökumət saatı zamanı Azərbaycanda həbsdə olan Ermənistan vətəndaşı Karen Kazaryanın da məsələsinə toxunulub. Bu yaxınlarda Gəncə məhkəməsi Kazaryanı terror ittihamı ilə 20 il müddətinə azadlıqdan məhrum edib.

Lusavor Hayastan (Maariflənmiş Ermənistan) müxalifət fraksiyasından Sargis Aleksanyan onun azad edilib vətənə qaytarılması üçün nə edildiyi barədə soruşub.

Bu suala Ermənistanın ədliyyə naziri Artak Zeynalyan cavab verib. O deyib ki, Kazaryan əsir deyil və Azərbaycanda qanusnuz olaraq saxlanıb. Nazir bunu da deyib ki, Azərbaycanda Kazaryana qarşı irəli sürülmüş ittiham qondarmadır.

AzadlıqRadiosunun Erməni xidməti xatırladır ki, Ermənistan Respublikası, Tavuş rayonu Berdavan kəndinin 34 yaşlı sakini bilinməyən səbəblərə görə Azərbaycan ərazisinə düşüb.

Rəsmi Bakının məlumatına görə o ötən ilin iyulunda Azərbaycan ərazisinə təxribat məqsədilə gəlib.

Erməni tərəfi bu ittihamları rədd edir və bildirir ki, Kazaryan heç vaxt ordu sıralarında xidmət etməyib və psixiatrik problemləri var.

Nazir Zeynalyan bunu da bildirib ki, Karen Kazaryanın qohumları Avropa İnsan Haqları Məhkəməsinə müraciət ediblər və Ermənistan Respublikası bu prosesdə üçüncü tərəf kimi iştirak edəcək.

Zeynalyan əlavə edib ki, Ermənistan hökuməti Kazaryanın vətənə qaytarılması üçün əlindən gələni əsirgəmir.

Xatırlatma

Bu il iyulun 15-də Azərbaycanın Müdafiə Nazirliyi Ermənistanın kəşfiyyat-diversiya qrupunun dövlət sərhədini keçməyə cəhd göstərməsi haqda xəbər yayıb.

Xəbərdə qeyd edilirdi ki, həmin qrup dövlət sərhədinin Qazax rayonu istiqamətində qoşunların təmas xəttini keçməyə çalışıb.

Nazirlik təxribat cəhdinin qarşısının alındığını, qarşı tərəfin itkilər verərək geri çəkildiyini, qrupun bir üzvünün əsir götürüldüyünü bildirmişdi. Məlumatda əsirin 1984-cü il təvəllüdlü K.Kazaryan olduğu vurğulanırdı.

Həmin vaxt AzadlıqRadiosunun erməni xidməti isə bu ölkənin Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən bildirmişdi ki, Tavuş rayonunun sakini olan 1984-cü il təvəllüdlü K.Kazaryan heç vaxt orduda xidmət etməyib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG