Gürcüstanda 8 ay müddətinə məhkum edilmiş müxalifətçi Nika Qvaramiya azadlığa buraxılıb. "Dəyişikliklər naminə Koalisiya"nın liderinin cəza müddəti fevralın 12-də başa çatıb.
O, ötən il iyulun 1-də parlamentin müvəqqəti istintaq komissiyasının iclasına gəlmədiyi üçün həbs edilmişdi. Ona Cinayət Məcəlləsinin 349-cu maddəsi ilə – komissiyanın tələbini yerinə yetirməməklə bağlı ittiham irəli sürülmüşdü.
Müxalifətçi barəsində qətimkan tədbiri kimi 30 min lari məbləğində girov təyin olunmuşdu. Amma o, müəyyən edilmiş müddətdə bu məbləği ödəməyib. Müddət bitincə girov həbs-qətimkan tədbiri ilə əvəzlənib. Məhkəmə iclasına gəlməyən Qvaramiya isə özü Rustavi həbsxanasına gedib.
Daha iki müxalifətçi - Nika Meliya və İrakli Okruaşvili də eyni maddə ilə həbsdədir. Meliya sonradan hakimi təhqir etmə işi üzrə ilyarım azadlıqdan məhrum edilib.
Okruaşvili 2004-cü ildə Buta Robakidzenin ölümü ilə bağlı iş üzrə vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirli bilinib, 7 il müddətinə azadlıqdan məhrum edilib.
Parlamentin müvəqqəti istintaq komissiyasının rəsmi məqsədi əvvəlki hökumət dövründə törədilmiş cinayətlərin araşdırılmasıdır. Sonradan onun mandatı genişləndirilib, 2012-ci ildən sonrakı hadisələri də əhatələyib. Komissiya keçmiş sabiq baş nazir Giorgi Qaxariya ilə bağlı məsələni – onun 2019-cu ildə Çorçana kəndində polis postunun qurulması, həmin il iyunun 20-də mitinqin dağıdılması üçün məsuliyyət daşıyıb-daşımamasını da araşdırır.