Keçid linkləri

2017, 26 May, Cümə, Bakı vaxtı 04:01

'Niqabın birinci qatı gözlərimdən başqa bütün üzümü örtürdü...'


Zunera Ishaq qərbli qadındır. Niqab taxmaq onun könüllü qərarıdır.

"Ateist müsəlman: dindən məntiqə doğru səyahət" kitabının müəllifi Ali A. Rizvi "New York Post" qəzetindəki məqaləsində yazır ki, Almaniya və Fransa kimi Avropa ölkələrində insanların liderlərinə inamı itməkdədir.

Berlində İslam Dövləti (İŞİD) silahlı qruplaşmasıyla bağlı, 12 nəfərin ölümü, onlarla insanın xəsarət alması ilə sonuclanan son terror hücumu bu hissin daha da dərinləşməsinə xidmət edir.

Buna da bax:​ İŞİD-dən geri alınan yerlərdə ilk dəfə Milad qeyd olunub

Almaniya üçün alternativ (AfD), yaxud Fransa Milli Cəbhəsi kimi ifrat sağçı partiyalar çox böyük populyarlıq qazanıb. Avstriyada 1950-ci illərdə bir keçmiş nasistin yaratdığı Azadlıq Partiyası son seçkilərdə məğlub olsa da, səslərin 46%-ni toplaya bilmişdi.

ÇADRANI YASAQLAMAQ

Bütün bunlar, üstəlik Brexit (Böyük Britaniyanın Avropa Birliyindən çıxması) və ABŞ-da Donald Trumpın seçilməsi kimi sürprizlərin fonunda Almaniya kansleri Angela Merkel insanların gözündə islamizmin nazı ilə oynayan dövlət xadimi kimi görünür. Seçkilərdə ardıcıl olaraq dördüncü dəfə namizədliyini irəli sürməyə hazırlaşan kansler bu yaxınlarda populyarlığını geri qaytarmaq üçün başdan-ayağa bütün bədəni örtən müsəlman qadın geyimi - burkanın (çadra) yasaqlanmasını təklif edib.

Buna da bax: Bolqarıstanda niqab qadağası sual doğurur

Müəllif yazır ki, Merkelin əvvəllər belə bir qadağaya qarşı çıxmasını nəzərə alsaq, bunun çarəsizlikdən atılmış siyasi addım olduğunu görərik.

"Bu yaxınlarda Kanadada burka və niqab geyən Zunera Ishaq adlı qadın vətəndaşlıq andı içmə mərasimində bu geyimləri əynində saxlamaqda israr edib. Bu, mübahisə dolu milli müzakirəyə çevrilib. Ölkənin keçmiş baş naziri Stephen Harperin mühafizəkar hökuməti niqab qadağasını təklif etmişdi. Ancaq məhkəmələr Ishaqın xeyrinə qərar çıxararaq onun istədiyi şəkildə and içməsinə icazə verib", – məqalədə deyilir.

Müəllif başqa bir kanadalı qadını misal gətirir. Yasmine Mohammed fundamentalist müsəlman ailədə böyüyüb. O, burka və niqab geyməyə məcbur edilib. Onun bu barədə baxışları fərqlidir.

Buna da bax:​ 18 yaşlı bu gənc müsəlman qızın niyə örtüyü açılıb başı qırxılıb?

“Birinci qat gözlərimdən başqa bütün üzümü örtürdü..."
“Birinci qat gözlərimdən başqa bütün üzümü örtürdü..."

“Niqabın iki qatı var idi", – o deyir. “Birinci qat gözlərimdən başqa bütün üzümü örtürdü, ikinci qatsa gözlərimi örtürdü. Mən təkcə qadınların əhatəsində olanda üst qatı qaldırıb onlarla göz kontaktı yarada bilirdim”.

KEÇMİŞ MÜSƏLMANIN ETİRAFLARI

Yasmine əvvəllər şəxsən Osama bin Ladendən təlim almış terrorçu Essam Marzoukun arvadı olub. Marzouk sonradan həbs edilib və hazırda Misir həbsxanasında 15 illik həbs cəzası çəkir.

“Əgər keçmiş ərim mənim həmin ikinci qatı qaldırdığımı, başqa kişilərin mənim baxışımı tutduğunu bilsəydi, şübhə etmirəm ki, gözlərimin ikisini də qaraldardı", – deyən Yasmine düşünür ki, burka qadağan edilməli, ya da, heç olmasa, təhlükəsizlik probleminin olduğu yerdə nizamlanmalıdır. “Heç kəsin kimliyini gizlədərək banka, yaxud məktəbə girməsinə icazə verilməməlidir", – o deyir. Bu gün Yasmine islamı tərk edən milyonlarla insandan biridir. O, "Keçmiş müsəlmanın etirafları" adlı bloqun müəllifidir.

Buna da bax: Hicablı tələbə prezidenti necə pərt etdi...

Yasmine-dən fərqli olaraq, Zunera Ishaq qərbli qadındır. Niqab taxmaq onun könüllü qərarıdır. Bir qadın öz marağının əksinə olaraq bürünməyi necə seçə bilər?

Eihnah (bu onun təxəllüsüdür) Səudiyyə Ərəbistanında böyümüş keçmiş müsəlman yazıçı və podkastçıdır. O, Səudiyyə Ərəbistanında qanunla çadra geyməyə məcbur edilib. O vurğulayır ki, qadınlara nifrət çox zaman qadınların özləri tərəfindən qorunur. “Bunun ən dəhşətli örnəklərini müsəlman icmalarında görmək olur", – deyən Eihnah əlavə edir ki, bu hal müsəlman icmaları ilə məhdudlaşmır. "Trump-a nə qədər çox qadının səs verdiyinə baxın", – o deyir.

PİS SEÇİMLƏR AZADLIĞI

“Heç zaman bürünməyə, yaxud çadranı açmağa məcbur edilməmiş bir kişiyəm. Səudiyyə Ərəbistanında böyümüşəm. Professor anamın və həkim bacımın saçlarını və bədənlərini örtməyə məcbur edildiyini görmüşəm. Mənim problemim qanunvericiliklə qadınlardan ötrü ümumi geyim kodeksi yaratmaqla bağlıdır. Qərb olaraq, biz heç vaxt bunu etməməliyik. Seçim azadlığı həm də pis seçimlər azadlığı deməkdir. Məncə, pis ideyalarla mübarizənin ən yaxşı yolu onların qarşısına qadağalar yox, yaxşı ideyalar çıxarmaqdır”, – müəllif yazır.

Buna da bax:​ Nitsada da burkini qadağan olundu

Almanların 62%-i, britaniyalılarınsa 57%-i burka qadağasını dəstəklədiyi halda, amerikalıların cəmi 27%-i bu fikirdədir. Güman ki, müsəlmanların Amerika cəmiyyətinə daha yaxşı inteqrasiyası bu yanaşma ilə əlaqəlidir.

"Zunera Ishaqın özünüifadə azadlığının qəhrəmanına çevrilməsi mənim də çox xoşuma gəlmir. Məncə, geyimlərin yasaqlanması buna ən az layiq olanların qəhrəmana çevrilməsinə yol açır. Ishaq kimi Qərb qadınlarının bu geyimi öz kimliklərinin rəmzi olaraq seçməsi geyimin əsl mənasını dəyişmir. Arvadım, pakistanlı feminist və dünyəvilik fəalı Alishba Zarmeen amerikalılara tanış gələcək paralellər aparır. O deyir: “‘Hicab mənim kimliyimdir" deyənlər barədə hiss etdiklərim Konfederasiya bayrağının tərəfdarları barəsində hiss etdiklərimlə eynidir. Bəli, nitq azadlığı sizin azad nitq ifadə etməyinizi dəstəkləyir. Ancaq bu rəmzin tarixini və ənənəvi olaraq nə üçün istifadə edildiyini unutmayın", – o deyir".

Müəllif oxucuları bu geyimləri geyinən azad Qərb qadınlarının seçimlərini təqdir etməzdən öncə müsəlman ölkələrində heç vaxt onları çıxarmaq imkanı olmayan qadınları da düşünməyə çağırır.

Günün bütün mövzuları

XS
SM
MD
LG