Keçid linkləri

Təcili xəbərlər
2019, 06 Dekabr, Cümə, Bakı vaxtı 04:43

Niderland Rusiyanı MH17 şübhəlisini ‘qaçırmaqda’ ittiham edir


Volodymyr Tsemakh Ukraynada həbs olunduqdan sonra

Niderland prokurorluğu Rusiyanı Malayziya Hava Yolları şirkətinin MH17 reysi ilə uçan təyyarəsinin vurulmasında şübhəli bilinən şəxsi həbs etməməklə və onun şərqi Ukraynada moskvayönlü separatçıların nəzarətində olan əraziyə qayıtmasına imkan verməklə onu mühakimədən yayındırmaqda ittiham edib.

Prokurorluq özünün 2 dekabr tarixli mətbuat açıqlamasında bildirib ki, Moskva Ukrayna vətəndaşı olan şübhəli Volodymyr Tsemakh-ın Rusiyanı sərbəst tərk etməsinə “bilərəkdən” imkan yaradıb və Niderlandın onun ekstradisiyasına dair ricasını yerinə yetirməyib.

Niderland prokurorları bunu da bildirirlər ki, Moskva bu hərəkətilə Avropa Şurasının üzvü kimi Ekstradisiyaya dair Avropa Konvensiyası üzrə götürdüyü öhdəliyi pozub:

“Rusiya öz vətəndaşlarını ekstradisiya etmir, lakin cənab Tsemakh Ukrayna vətəndaşı olduğuna görə onun ekstradisiyasına heç bir əngəl yox idi”.

Ukrayna sentaybrın 7-də 70 məhbusun Rusiya ilə dəyiş-düyüşü zamanı Tsemakh-ı da Rusiya tərəfinə vermişdi.

Tsemakh MH17 təyyarəsi vurulanda Donetsk regionunda döyüşən moskvayönlü separatçıların hava hücumundan müdafiə komandanı idi.

Boeing 777 təyyarəsinin 2014-cü il, iyulun 17-də Rusiya istehsallı raketlə vurulması nəticəsində təyyarədəki 298 nəfərin hamısı həlak olub.

Tsemakh-ın bu hücumdakı rolu qeyri-müəyyən olsa da, o 2015-ci ildə separatçıların xəbər agentliyinə müsahibəsində Rusiyadan Ukrayna gətirilən və sonradan geriyə Rusiyaya qaytarılan Buk raket sisteminin gizlədilməsindəki rolu barədə lovğalanmışdı.

Niderland müstəntiqləri təyyarənin bu raketlə vurulduğunu deyirlər.

Tsemakh-ı iyunun 27-də Donetsk rayonunun separatçıların nəzarətində olan hissəsindəki evində Ukrayna xüsusi qüvvələri həbs etmişdi.

Tsemakh Rusiyaya verilməzdən əvvəl Niderland prokurorları onu Kiyevdə dindirmiş və Moskvadan Tsemakh-ın həbs olunmasını rica etmişdilər.

Sentyabrın sonlarında Rusiya Tsemakh-ın ekstradisiyası məsələsinə baxıldığını bildirmişdi.

Lakin noyabrın 19-da Niderland prokurorluğunun aldığı məktubda deyilirdi ki, Rusiya hakimiyyət orqanları Tsemakh-ın harada olmasını bilmir və buna görə də ekstradisiya ricası yerinə yetirilə bilməz.

Onun qızı Mariya Levchenko-Tsemakh sentyabrda demişdi ki, atası Ukraynada moskvayönlü separatçıların nəzarətində olan əraziyə qayıdıb.

Niderland məhkəməsi martın 9-da dörd MH17 şübhəlisini qiyabi olaraq mühakimə edəcək.

Söhbət Rusiya vətəndaşları Igor Girkin, Oleg Pulatov, Sergei Dubinsky və Ukrayna vətəndaşı Leonid Kharchenko-dan gedir.

Onların dördünün də hazırda Rusiyada olduğuna inanılır.

Şərhlər

Günün bütün mövzuları

XS
SM
MD
LG